Əsas səhifə 

Ümummilli lider Heydər Əliyev gənc nəslin inkişafına daim qayğı göstərirdi

Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Gənclik hər bir ölkənin gələcəyinin təməlidir. Ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə gənclər siyasətinin əsaslarını yaratmışdı. Həmin dövrdə 15000-dən artıq azərbaycanlı gənc SSRİ-nin müxtəlif nüfuzlu universitetlərində təhsil almaq üçün göndərildi. Təhsil infrastrukturunun yenilənməsi, hərbi liseyin fəaliyyətə başlaması, ali və orta ixtisas təhsil müəssisələrində müxtəlif təyinatlı yeni ixtisasların açılması, idman infrastrukturunun yenidən qurulması gələcək Azərbaycan gəncliyinin formalaşmasına yönəlmiş mühüm addımlardan idi.

1988-1993-cü illərdə ölkədəki xaos vəziyyəti gənclər siyasətinə də ağır zərbə vurmuşdu. Gənclərin potensialından lazımınca istifadə edilmir, gənclər müxtəlif qruplaşmaların üzvlərinə çevrilir, təhsil müəssisələri dağılırdı. Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra gənclərlə iş ölkədə prioritetlərdən birinə çevrildi. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Ulu öndər Heydər Əliyev ölkənin inkişafını birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı. Bu səbəbdən də hələ ölkədə gərgin siyasi mühitin olduğu bir dövrdə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlət başçısı fəaliyyətə başladığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltdi. Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirirdi. Ümummilli Lider bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasına böyük önəm verirdi.

2 fevral 1996-cı ildə Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı oldu. Müstəqil Azərbaycanın tarixində həmin gün Ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. Bir il sonra 1997-ci il fevralın 1-də ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın böyük oğlu Heydər Əliyev əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəltdi. Ulu öndərin həmin gün imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı. Azərbaycan Respublikası gənclərinin forumu mütəmadi olaraq keçirilir.

Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini də uğurla davam etdirir. Ölkə başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramları xüsusi qeyd edilməlidir. Həmçinin, Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili”, 2020-ci ili “Könüllülər ili” elan etməsi  gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin daha bir sübutudur. Bu diqqət və qayğının nəticəsidir ki, son illər gənclərimiz ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, mədəniyyət, elm və idman sahələrində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atır, milli dəyərlərimizin yaşadılması və təbliği üçün əllərindən gələni əsirgəmirlər.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hər biri öz igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, zəfər dolu döyüş yolu ilə dillərdə dastana döndü. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər.

Gənclər siyasəti ilə bağlı görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər