Gündəm 

İran casus şəbəkəsinin bütün üzvləri ifşa edilməli və dövlətə xəyanət mövqeyi tutan xainlər cəzalandırılmalıdır

Azərbaycana qarşı düşmən mövqe tutmuş şovinist fars rejimi törətdiyi təxribatlara görə cavab verəcək

Hər gün ortaya çıxan yeni faktlar İranın Azərbaycana dost deyil düşmən mövqe sərgilədiyini, ölkəmizin gündən-günə artan siyasi nüfuzundan, iqtisadi gücündən və hərbi qüdrətindən narahat olduğunu, təşvişə düşdüyünü göstərir. İç üzü açıldıqca daha çox aydın olur ki, İranın ermənipərəst, şovinist fars-molla rejimi öz xain məqsədlərini, fitnə-fəsadlarını, təxribatlarını həyata keçirmək naminə hər cür riyakarlığa, şərəfsizliyə, dinimizin müqəddəs bildiyi hər şeyi murdarlamağa hazırdır.

Yanvarın 31-də Bakıda İranın daha bir casus şəbəkəsinin aşkarlanması və zərərsizləşdirilməsi bir daha sübut edir ki, cəmi beş gün əvvəl Tehrandakı səfirliyimizə qarşı həyata keçirilmiş silahlı terror aktının da “ssenari müəllifləri” elə şovinist fars hakimiyyətinin özü və onun xüsusi xidmət orqanları olub. Məlum olduğu kimi, terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub, xidmətin iki əməkdaşı isə yaralanıb.

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən İranın casus şəbəkəsinə qarşı keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 şübhəli şəxs qismində tutulublar. Əməliyyatın keçirildiyi məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” da var.

Qeyd edək ki, “İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov alıb. Hazırda kanalın baş ofisi Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunur. Telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edir. Əvvəlki dövrdə telekanalda hazırda “Nardaran hadisələri”nə görə həbsdə olan Hacı Taleh Bağırzadə, Hacı Zülfüqar Mikayılzadə və İranla yaxınlığı ilə seçilən digər dindarlar geniş reklam olunub.

Kanalın sahibi, əslən Cəlilabad rayonundan olan Mətləb Bağırovun hətta İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.

“SalamNews” İnformasiya Agentliyi isə 2010-cu ilin mart ayının 1-dən fəaliyyətə başlayıb. Agentliyin təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur, Bakı ofisi “İnterAz” TV-nin Bakı nümayəndəliyi ilə eyni ünvanda, Yasamal rayonu ərazisində yerləşir. “SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. “SalamNews” İA əvvəlki dövrdə geniş İranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır, dini maarifləndirmə xarakterli materiallar verir.

Bu, İranın Azərbaycan ərazisində yaratdığı və zərərsizləşdirilən ilk casus şəbəkəsi deyil. Xatırladaq ki, 2022-ci il noyabrın 1-də Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı İran xüsusi xidmət orqanlarının əli ilə qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunmuşdu. Əməliyyat nəticəsində qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qeyri-qanuni yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması ölkəmizdə qadağan edilmiş müxtəlif kitablar, video-materiallar aşkar edilərək götürülmüşdü.

Bundan cəmi iki həftə sonra, noyabrın 14-də isə DTX fitnəkar qonşumuzun xüsusi xidmət orqanları nümayəndələrinin ölkəmizə qarşı həyata keçirdiyi növbəti kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi və daha bir casus şəbəkəsinin ifşa edilməsi ilə bağlı məlumat yaymışdı.

İran xüsusi xidmət orqanlarının ölkəmizdə formalaşdırmağa çalışdığı casus şəbəkələrinin aşkarlanaraq zərərsizləşdirilməsi bir tərəfdən Azərbaycanın DTX, DİN və digər aidiyyəti strukturlarının əməkdaşlarının peşəkarlıqlarını, dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayandıqlarını, digər tərəfdən isə mayası şər, zülm və istibdadla yoğrulmuş fars rejiminin illərdir gizləməyə çalışdığı əsl simasını göstərir. Getdikcə daha çox aydın olur ki, özü öz sonunu yaxınlaşdıran molla rejiminin məkrindən, fəsadından ehtiyatlı olmaq lazımdır. Ölkədəki gərginlik, hakimiyyətin zülmündən cana doymuş xalqın aylardır davam edən etirazları, kütləvi həbslər və edamlar İrana səfər etmək istəyənlərin də ehtiyatlı davranmasını zəruri edir. Odur ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də İrandakı qeyri-sabit vəziyyəti və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktını nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Azərbaycan tarix boyu həmsərhəd ölkələrlə sülh, mehriban dostluq münasibətləri şəraitində yaşamaq siyasəti aparıb və aparır. Ancaq bu münasibətə düşmənçiliklə, terrorla cavab verənlər də öz layiqli cavablarını alırlar. Ermənistan kimi. İran yəqin Azərbaycanın nə qədər güclü dövlət olduğunu unudub və törətmək istədiyi təxribatlarla nəyəsə nail olacağına ümid edir. İran, deyəsən tarixi torpaqlarımız olan Cənubi Azərbaycanda yaşayan 40 milyona yaxın soydaşımızın mümkün qəzəbini də yaddan çıxarıb. Bilmir ki, terroru, şəri dövlət siyasətinə çevirmiş bu şeytan yuvasının öz qanında boğulması an məsələsidir…

Daha çox xəbərlər