Narkotik aludəçisi həbsdə öldü

Narkotik aludəçisi həbsdə öldü

İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə təqsirli bilinərək barəsində iki ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilən şəxs vəfat edib.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) və İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan 1988-ci il təvəllüdlü Aslan Məmmədova narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün saxlanma məntəqəsində ilkin tibbi yardım göstərilib.

Bütün tibbi müdaxilələrə baxmayaraq, o, xəstəxanaya aparılarkən ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.