Azərbaycanda otellərin bomboş qalmasının səbəbləri: Bir dəfə gedən şəxs, bir daha…
Azərbaycan otellərindləki yerlərin yalnız 16%-i tutulur, 84% boş qalır. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Komitənin xəbərinə görə, 2022-ci ildə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə cəmi 15,7% səviyyəsində olub. Bu göstərici 2021-ci ildən yaxşıdır – 2021-ci ildə otellərdəki nömrələrin 11,1%-i dolmuş, yerlərin 90%-i boş qalmışdı.
Ölkənin ayrı-ayrı rayonlarında otellərin doluluq göstəricisi fərqlidir.
Hələlik doluluq baxımından ən yaxşı vəziyyət Şabran rayonundadır – yerlərin 80%-i istifadə olunub. Xatırladaq ki, Şabranda cəmi 1 böyük otel var – «Qalaaltı».
Otellərin doluluq göstəricisi Naftalanda 37,6 faiz, Qubada 27,8 faiz, Beyləqanda 26,2 faiz, Lənkəranda 24,1 faiz, Bakıda 23,8 faiz, Ağcabədidə 20,0 faiz, Qəbələdə 19,7 faiz, Şuşada 16,7 faiz, Sabirabadda 16,2 faiz olub. Digər şəhər və rayonlarda isə otellərin doluluğu 15%-dən də aşağı olub.
Pandemiyaya görə ölkəyə turist axını azalsa da, yerli vətəndaşlar daxili turizmə üstünlük verdikləri üçün otellərin boş qalması sual yaradır: belə çıxır ki, daxili turizmə üstünlük verənlər otel xidmətlərindən istifadə etmirlər. Bəs bunun səbəbi nədir? Otellərin həddindən artıq baha olması, yoxsa…
Məsələ ilə bağlı Publika.az-a danışan Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Tural Salıfov deyib ki, qeyd olunan statistikanın formalaşmasında fürsətcil işbazların rolu az deyil.

“Azərbaycanda son illərdə turizmin inkişafında ciddi irəliləyiş nəzərə çarpırdı. Ölkəmizdə gedən quruculuq işləri, müxtəlif idman yarışlarının, müsabiqələrin təşkili və s. bu kimi amillər Azərbaycana çox sayda turistin gəlməsi ilə müşahidə edilirdi. Lakin bütün dünyada olduğu kimi, məlum COVID-19 pandemiyası səbəbilə ölkəmizdə də sözügedən sahənin inkişafında durğunluq yarandı. Hazırda o durğunluğun aradan qaldırılmasına səylər göstərilsə də, təəssüf ki, ortada ürəkaçan mənzərə yoxdur və belə bir statistikanın formalaşması üzücü haldır”, – deyə ekspert açıqlayıb.
ATMU-nun baş müəllimi xoşagəlməz statistikanın qeydə alınmasında daxili səbəblərin də rolunu vurğulayıb:
“Məlum olduğu kimi, həmvətənlərimiz həftəsonu istirahətlərini, bayram tətillərini səmərəli keçirmək üçün bölgələrimizə üz tuturlar. Lakin təəssüf doğuran hal odur ki, Azərbaycanda bir rayonda istirahətə gedən şəxs, bir daha ora getmək istəmir, peşman olur. Əlbəttə ki, bunun səbəbi bəzi fürsətcil işbazlardır. Otellərdə, restoranlarda bayramlarla, həftəsonları ilə əlaqədar süni qiymət artımları sözün həqiqi mənasında turist sayının azalması ilə nəticələnir”.
Tural Salıfov qeyd edib ki, əsas narazılıq predmeti olan qiymət məsələlərinin düzgün tənzimlənməsində uzağa getməməli, elə qardaş Türkiyənin təcrübəsindən yararlanmaq lazımdır.

