Gündəm 

Başın sağ olsun Türkiyə, Səninləyik!

Sizin kədəriniz bizim də kədərimizdir…

Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində  çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərlər qardaş ölkə qədər  Azərbaycanı  da çox sarsıtdı və kədərləndirdi… Hazırda da Azərbaycan dövləti fəlakətin qarşısını almaq üçün qardaş ölkənin yanındadır və  ona etibarlı dayaq olduğunu nümayiş etdirir. Zəlzələ baş verən andan Azərbaycan tərəfi müvafiq addımlar atıb. Hər iki ölkənin səfirlikləri, həm də müvafiq qurumları vasitəsilə əlaqələr saxlanıldı.

Qardaş ölkədən gələn dəhşətli zəlzələ xəbərlərinə cavab olaraq Prezident İlham Əliyev başda olmaqla Azərbaycan ictimaiyyətinin hər bir fərdinin nümayiş etdirdiyi narahatlıq və həyəcan hisslərini, dəstək vermək istəyi bir daha göstərir ki,  iki qardaş ölkənin birliyi sarsılmazdır və əbədidir. Bundan sonra da Türkiyə ilə Azərbaycan həmişə, çətin gündə də, xoş gündə də bir-birinin yanında olub və bundan sonra da belə olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi.

Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi.

Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı bildirdi ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq.

Prezident İlham Əliyev vurğuladı ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.

Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.

Qeyd edək ki, Türkiyə güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə yola düşən qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir. Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri artıq qardaş ölkədədir və xilasetmə əməliyyatında iştirak edirlər.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınacaq. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarətdir. Mobil səhra hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyətinin xidmət göstərəcəyi hospital bütün lazımi dərman və preparatlarla təchiz edilib. İkinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq.

Təyyarələrin fevralın 7-də səhər yola salınması üçün hazırlıq işləri görülür.

Bu faciə ilə əlaqədar qardaş Türkiyə xalqına həlak olanların ailələrinə və yaxınlarına, dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik. Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk.

Tarixin müxtəlif dönəmlərində olduğu kimi, Türkiyə hər zaman Azərbaycana qardaş kimi arxa-dayaq olub. 44 günlük  Vətən müharibəsi zamanı da qardaş Türkiyə elə ilk dəqiqələrdən etibarən Azərbaycanın haqlı davasının yanında olduğunu nümayiş etdirdi. Son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək qardaşına dayaq durdu. 2020-ci ilin 10 dekabrında, Zəfər paradımızda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ali qonaq qismində iştirak etməsinin də öz böyük rəmzi mənası, qardaşlığımızın bütün dünyaya bir daha  möhtəşəm bəyanı oldu. Mədəniyyət paytaxtımızda imzalanan Şuşa Bəyannaməsi isə həm də siyasi müttəfiqliyimizin, ortaq təhlükəsizliyimizin hüquqi əsası olub.

Bu gün Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı dünya üçün örnəkdir. Necə ki, bu barədə Prezident İlham Əliyev vurğulayıb: “Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun”.

Daha çox xəbərlər