Gündəm 

Cənub Qaz Dəhlizi nəhəng enerji təhlükəsizliyi layihəsidir

Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsi deməkdir. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropa yeni mənbədən – təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək. Tarixə nəzər salaq. 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirildi. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir.  Azərbaycan təbii qazının daha böyük həcmlərlə Türkiyəyə və Avropaya çatdırılması üçün isə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi icra edilib. Cənub Qaz Dəhlizinin digər tərkib hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düymlük boru kəmərinin, o cümlədən də Gürcüstanda 2 kompressor stansiyasının inşasını əhatə edir.

Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi və Avropa hissəsi olan TAP-ın qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyuldu. TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2” qazını Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşərək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Buradan TAP kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Azərbaycan qazı yeni mənbədir və “Cənub qaz dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir. Bu layihənin həyata keçirilməsində maraqlar balansı gözlənilib, yəni iştirak edən bütün tərəflərin maraqları təmin edilib ki, bu da çox önəmli amildir.

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfədir. Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xidmət edən yeni layihə kifayət qədər geniş bir coğrafiyada enerji xəritəsini dəyişərək tərəfdaş ölkələrə böyük fayda gətirir.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər