Cəmiyyət 

Bakı sakini: “Təqaüdümün bir hissəsini qardaş ölkəyə göndərəcəyəm…” – Paytaxtda SORĞU + FOTO

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dünyanın bir sıra dövlətləri qardaş ölkəyə yardımlar göndərməyə başlayıb. Sözsüz ki, ilk yardımı da Azərbaycan göndərib. Dövlətimizin göndərdiyi yardımlarla yanaşı, xalqımız da qardaş türk xalqı ilə həmrəylik nümayiş etdirərək sosial şəbəkələrdə Türkiyəni dəstəkləyən paylaşımlar edir, habelə yardım kampaniyalarına qoşulur. Bu gün səhər saatlarından etibarən Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına insan axını müşahidə edilir. Vətəndaşlar zəlzələ nəticəsində dünyasını dəyişən insanların xatirəsini anmaq üçün səfirliyin önünə gül dəstələri düzürlər.

“Report” Türkiyədə baş verən faciə barədə səfirliyin önünə gələn insanların fikirlərini öyrənib.

Həmin sorğunu təqdim edirik:

Paytaxt sakini İrşad Kərimov bildirib ki, hər bir Azərbaycan vətəndaşının ürəyi bu gün qardaş ölkə ilə döyünür:

“Türkiyə ilə məni bağlayan qırılmaz tellər var. Babam orada ali dini təhsil alıb, mənim də alim kimi Türkiyənin bir çox universitetləri ilə əlaqələrim olub. Bu gün də türkiyəli alimlərlə əməkdaşlıqlarımız mövcuddur. Bu baxımdan qardaş ölkəmizdə mənə və ailəmizə çox əziz insanlar var. Baş verən zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Qardaş ölkə ilə həmrəyliyimizi və onların yanında olduğumuzu bir daha vurğulamaq üçün bu gün Türkiyə səfirliyinin qarşısına gəlmişəm. Biz Azərbaycan xalqı olaraq həmişə fiziki, maddi və mənəvi cəhətdən qardaşlarımızın yanındayıq”.

Əzizağa Əzizov qeyd edib ki, Türkiyə xalqının bu dərdinə şərikdir və əlindən nə gəlirsə, etməyə hazırdır:

“Bu ay aldığım təqaüdümdən Türkiyəyə yardım edəcəyəm, aylıq təqaüdümün bir hissəsini qardaş ölkəyə göndərəcəyəm. Düzdür, elə böyük məbləğ olmasa da, qardaş xalqın dar günündə əlimdən gələn dəstəyi göstərmək istəyirəm. Hər zaman Türkiyənin yanındayıq, bundan sonra da olacağıq”.

İlham Şəbiyev Türkiyədə baş verən zəlzələ barədə eşidəndə çox üzüldüyünü deyib:

“Allah türk dünyasını qorusun. Biz azərbaycanlılar hər zaman qardaşlarımızın yanındayıq. Səfirlikdən yardım üçün bank hesabını aldım. İndi yardım göndərmək üçün banka yollanıram. Ən xırda yardım belə, hansısa yaxşı məqsədə xidmət edir deyə düşünürəm. Ümid edirəm ki, bu fəlakətin yaratdığı acı nəticələr ən az itki ilə tez bir zamanda aradan qaldırılar”.

Daha çox xəbərlər