Qarabağda və Şərqi Zəngəzurda yeni tarix yazılır
Bu gün xalqımız öz Liderinin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, yağı tapdağından qurtulan bu torpaqları yenidən həyata qaytarır. İşğaldan azad edilmiş ərazilərdə uğurla davam etdirilən bərpa-quruculuq işləri “Böyük qayıdış”ı sürətləndirir.
Azərbaycan bu gün tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır. 2020-ci il sentyabrın 27- də başlayan qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur.
İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəldilməsi və insanların ata-baba yurduna qayıtması dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Azərbaycan bütün bu işləri öz gücünə görməyə qadir olan güclü dövlətdir. Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri ölkəmizin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyur. Bu ərazilərdə irimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrastruktur layihələri də sürətlə reallaşdırılıb, yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları istifadəyə verilib.
Prezident İlham Əliyevin bildirdiyi kimi, müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildi. Bölgə iqtisadiyyatının dirçəldilməsi, erməni faşizminin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, buraya qayıdışın tezliklə təmin edilməsi üçün azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülür, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunun qurulması layihələrinin icrası da xüsusi diqqət mərkəzində saxlanılır.
“Böyük Qayıdış” çərçivəsində həyata keçirilən tədbirlərin sayəsində 2026-cı ilədək işğaldan azad edilən ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur. Azərbaycan 2025-ci ilə qədər Ağdam-Xankəndi qaz kəmərini çəkəcək. Maliyyə naziri Samir Şərifov bildirib ki, 3 ildə azad edilmiş ərazilərin bərpası üçün 9 milyard 700 milyon manat vəsait xərclənib.
Bu gün Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Ölkə başçısının “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 2021-ci il 12 avqust tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib. Ümumilikdə, yenidənqurma prosesində Azərbaycanın hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması əsas prioritetlərdən biridir. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan çoxşaxəli və irimiqyaslı bərpa-quruculuq işləri gündən-günə sürətlənir. Bu bir həqiqətdir ki, dövlətçilik tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfər regionda yeni geosiyasi reallıqlar yaradıb. Ölkə başçısının rəhbərliyi ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin Qayıdışının təməlini qoyub. Vətən müharibəsinin Qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra “Ağıllı kənd” layihəsinin ilk nümunəsi olaraq Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilməklə sakinlər yüksək keyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunub. Bərpa-quruculuq işləri çərçivəsində gerçəkləşdirilən layihələr sırasında Qarabağın hava qapısı olan Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Hazırda Laçın rayonunda da Beynəlxalq Hava Limanının tikintisi uğurla davam etdirilir. Təbii ki, bu rayonlarda aeroportların tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən mühüm əhəmiyyət daşıyır.
Bölgədə su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait olduğundan alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir. Bütün bunlar ölkə başçısının rəhbərliyi ilə region üçün çox böyük strateji əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin gerçəkləşdirilməsini şərtləndirir.
Azad edilmiş ərazilərdə kənd təsərrüfatı, maldarlıq və bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Ötən il bölgədə 50 min hektarda taxıl əkilib. Şübhəsiz, görülən tədbirlərin sayəsində növbəti illərdə burada məhsuldarlıq daha da artacaq, əkin sahələri genişlənəcək. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələrinin inkişaf etdirilməsi üçün ciddi addımlar atılacaq. Sevinc hissi ilə demək lazımdır ki, artıq ikinci ildir ki, Kəlbəcər və Laçın rayonlarında çoxlu sayda sahibkar arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.
Qəhrəman Azərbaycan Ordusunun qırx dörd günlük qalibiyyət yürüşü tarixi, dini abidələrimizi, mədəni irsimizi də işğaldan azad etdi. Uzun illərdən sonra Ağdam Cümə məscidində azan səsi yüksəldi. Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmin məscidi ziyarət etdilər. Dövlət başçısı Məkkədən gətirdiyi müqəddəs “Quran”ı məscidə hədiyyə etdi. İşğal edilmiş ərazilərdə erməni vandalizmi nəticəsində dağılmış mədəni abidələrin bərpasını bu qəbildən olan işlərə aid etmək məqsədəuyğun olar. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və büstünün, Üzeyir Hacıbəyovun heykəlinin, Bülbülün Ev-Muzeyinin, Natəvan bulağının bərpası və bu kimi digər yenidənqurma işləri dövlət başçımızın tarixi şəxsiyyətlərə yüksək ehtiramının, ədəbiyyata, mədəniyyətə həssas münasibətinin göstəricisidir.
Əsrarəngiz təbiəti, yeraltı və yerüstü sərvətlərlə zəngin olan bölgənin turizm potensialı da kifayət qədər genişdir. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Sözügedən sənədə görə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq. İnvestisiyalar üçün artıq start verilmişdir. Gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur.
Müzəffər ordumuzun şanlı qələbəsi nəticəsində Şuşa şəhəri Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, buradakı “Xarıbülbül” hotelində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Hoteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb. Hotel ərazisində avtomobil dayanacağı da inşa edilib. Hotelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.
Göründüyü kimi, bu gün xalqımız öz Liderinin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, yağı tapdağından qurtulan bu torpaqları yenidən həyata qaytarır, demək olar ki, yeni tarix yazır. İşğaldan azad edilmiş ərazilərdə uğurla davam etdirilən bərpa-quruculuq işləri “Böyük qayıdış”ı sürətləndirir.

