“Vardanyan layihəsi” puç oldu
Erməni əsilli rusiyalı milyarder Qarabağda qalmağın “perspektivsizliyini” anlayaraq aradan çıxıb
Ermənistanın “Hraparak” nəşrinin yaydığı məlumata görə, Rusiya sülhməramlılarının məsuliyyət zonasında müvəqqəti sığınacaq tapan rusiyalı oliqarx Ruben Vardanyan Moskvaya qaçıb. “Caliber”in bununa bağlı yaydığı məlumatda bildirilir ki, Vardanyan Moskvaya adi qaydada getməyib, o, Rusiya paytaxtına məhz qaçıb. İnformasiyaya əsasən, onu Rusiya hərbçilərinin təkrar emal üçün təhvil verilmiş tərli ayaq dolabları, “ətirli” alt paltarları və çirkli geyimləri ilə birlikdə sülhməramlılara məxsus yük maşınının kuzovunda Ermənistana aparıblar. Beləliklə, “Vardanyan layihəsi”nin rəsmi olaraq fiaskoya uğradığını əminliklə deyə bilərik.
Xatırladaq ki, hələ bir müddət öncə Ermənistanın infoport.am saytı öz mənbələrinə istinadla Ruben Vardanyanın yaxın vaxtlarda separatçıların “dövlət naziri” vəzifəsindən azad ediləcəyini yazmışdı. İddiaya görə, buna səbəb Vardanyanın son qalmaqallı açıqlamaları göstərilir. Vardanyanın “qalmaqallı açıqlamaları” dedikdə isə onunla Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı konflikt göstərilir. R.Vardanyan hər fürsətdə Paşinyanı tənqid edir, ən sonuncu çıxışında isə “Ermənistan hakimiyyəti bizə heç bir kömək etməyəcəyini bildirdi” deməklə, Paşinyanı hədəfə çıxarmışdı. Qeyd edək ki, bundan öncə R.Vardanyanın Rusiyadakı və Ermənistandakı bütün əmlaklarını sataraq, məxfi şəkildə Britaniyaya yerləşdirdiyi haqda məlumat yayılmışdı. Bildirilirdi ki, Vardanyan Qarabağda qalmağın “perspektivsizliyini” anlayıb və aradan çıxmağa hazırlaşır. Ümumiyyətlə isə o Qarabağa sığınmaqla öz var-dövlətini sanksiyalardan qorumağa çalışırdı. Çirkli yollarla milyardlıq varidat toplayan Vardanyan Qarabağın təbii sərvətləri hesabına pul qazanmağa davam edəcəyini və çirkli pullarını yuyacağını hesablamışdı. Məhz buna görə də 10 dekabr 2022-ci ildə Azərbaycan mütəxəssislərinin yataqlarda monitorinqinə imkan verməmək üçün “aksiya” təşkil etmişdi.
Vardanyanın öz hiyləsi öz başında çatlayandan – ekoloji terroruna qarşı azərbaycanlı ekofəalların aksiyası başlayandan sonra isə ona münasibət də dəyişdi. Artıq hər kəs anladı ki, Vardanyan yalnız sərvətini qorumaq və artırmaq üçün Qarabağdakı erməni icmasından sui-istifadə edir. Bundan sonra isə onun sərvətini Britaniyaya daşıdığı, özünün isə qaçmağa hazırlaşdığı haqda məlumat yayıldı.
Xatırladaq ki, erməni əsilli rusiyalı milyarder noyabrın 4-dən tanınmamış Dağlıq Qarabağ Respublikasının “baş nazir”i vəzifəsini icra etməyə başlamışdı. Vardanyan Rusiya vətəndaşlığından imtina edib sentyabrın 1-i Dağlıq Qarabağa köçüb və baş nazir olmaq təklifini qəbul edib. Azərbaycan tərəfi hesab edir ki, o, “Moskvanın göndərdiyi” adamdır və Qarabağdakı ermənilərlə bağlı onunla danışıqlar aparıla bilməz. Prezident İlham Əliyev bu məsələ ilə bağlı fikirlərini noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel və Aİ-nin bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxsləri ilə görüşündə də dilə gətirmişdi: “Ermənistan Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”.
Vardanyan isə gözdən pərdə asmaq üçün “Forbes.ru”-ya müsahibəsində Ermənistan pasportunu keçən ilin iyununda aldığını və Qarabağa köçərək orada yaşayanlara dəstək olmaq istəyini demişdi. Bildirmişdi ki, Dağlıq Qarabağda 120 mindən çox insan yaşayır və onların tək olmadıqlarına dair siqnal almaları çox vacibdir: “Onlar həqiqətən öz vətənlərində yaşaya biləcəklərini, onlarla birgə çox çətin bir yol keçməyə hazır olan insanların varlığını başa düşsünlər”. Onun sözlərinə görə, Ermənistanın hazırkı hökumətinin Dağlıq Qarabağın problemlərini həll etmək üçün kifayət qədər resursları və ya istəyi yoxdur. Ona görə də vahid cəbhədə birləşmək çağırışı edib, sahibkarları, şirkət sahiblərini, bloqqer və jurnalistlərini Qarabağa dəvət etmək xülyası ilə yaşayırdı. Vardanyan düşünürdü ki, Dağlıq Qarabağdakı sülhməramlı kontingenti artırılmalı, onların fəaliyyət müddəti və mandatı dəqiqləşdirilməlidir, Dağlıq Qarabağ üzrə danışıqlarda əsas rolu ATƏT-in Minsk qrupu və onun həmsədrləri – Rusiya, Fransa və ABŞ oynamalıdır. Vardanyan Qarabağa gəlməsinin məqsədinin buradakı ermənilərin həyat şəraitini yaxşılaşdırmaq olduğunu iddia etsə də, əsas hədəf Azərbaycanın qızıl və mis mədənlərini öz nəzarətinə keçirmək, daha da varlanmaq, eyni zamanda, separatçılıqla məşğul olmaq idi. Vardanyan nəhayət başa düşdü ki, artıq ərazilərimizdə öz cinayətkar əməllərini davam etdirə bilməyəcək, təbii sərvətlərimizi talan edərək çıxara bilməyəcək. O, xəyallara qapılaraq Azərbaycanın təbii sərvətlərini talan edib varlanacağı haqda xülyalar qurmuşdu, lakin göründüyü kimi onun bu xülyaları iflasa uğradı.
İstənilən halda, Ruben Vardanyanın “öz” millətini darda qoyaraq qaçması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin iradəsinin növbəti təzahürüdür. Çünki Azərbaycan dövləti və Prezident İlham Əliyev Qarabağ ermənilərinə dəfələrlə ölkə qanunları çərçivəsində firavan yaşamağı təklif edib. Mülki ermənilərin buna münasibəti heç də mənfi deyil. Son zamanlar baş verən bir sıra hadisələr – istər Qarabağda aparılan tikinti işləri, yol çəkilişləri zamanı, istərsə də digər fəaliyyətlərdə oradakı mülki ermənilərin davranışları bunu söyləməyə əsas verir. Vardanyanın qaçması onu da sübut etdi ki, Qarabağdakı ermənilər bir daha onun kimilərin boş, “şirin” vədlərinə inanmamalı, öz gələcəklərini müstəqil, firavan Azərbaycana inteqrasiyada görməlidirlər. Onlar anlamalıdırlar ki, bundan sonra da kimsə vardanyan kimilərin Qarabağa, Azərbaycanın digər ərazilərinə göndərilməsinə cəhd etsə, ölkəmizin qəti, prinsipial mövqeyi, Ali Baş Komandanımızın “Dəmir yumruğ”u ilə üzləşəcək. Azərbaycan bundan sonra da vardanyan kimilərin Qarabağı təsiri altına almasına heç vaxt imkan verməyəcək və bununla bağlı qəti tədbirlər görəcək.

