Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır
Azərbaycan-Türkiyə qardaşlığı sözdə deyil, əməldədir
Bu gün Azərbaycan qardaş Türkiyə ilə eyni acını, ağrını yaşayır. Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6, fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə baş verən zəlzələ nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb. Xilasetmə işləri hələ də davam edir.
Ən çətin anlarda biri-birinin yanında olan iki qardaş ölkə bu gün də qardaşlığın ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Qardaş ölkəyə ilk dəstək göstərən məhz Azərbaycan oldu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə Bakının işğaldan azad edilməsi münasibətilə keçirilən paradda çıxışı zamanı səsləndirdiyi “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik” fikirlərini yada salmaq istərdik. Təbii ki, dostluğumuzun, qardaşlığımızın dünyaya nümayişi olan bu fikirlər nəinki dövlət rəsmiləri, sadə vətəndaşlar tərəfindən belə səsləndirilir, dilimizin əzbərinə çevrilib. Çünki bu dostluq, qardaşlıq böyük tarixə söykənir, bir millətin iki dövləti biri-biri ilə sıx tellərlə bağlıdır. Rəcəb Tayyib Ərdoğanın qatıldığı həmin tədbirdəki çıxışını xatırlatmağımız səbəbsiz deyil. Türkiyə Prezidenti bu çağırışı etdi ki, Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik. Hər iki ölkənin gənclərinin birgə tariximizdən və bugünkü bayram tədbirindən nəticə çıxaracağına inanıram.
Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Qardaş ölkənin Prezidentinin qeyd etdiyi kimi, ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk. Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur.
Qardaş Türkiyə hər zaman bu çağırışı etdi: “Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir.”
Dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə bu birliyin sarsılmazlığının şahidi oldu. “Azərbaycan tək deyil” bəyan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini nümayiş etdirdi. Qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradının keçirilməsindən başlamış Qarabağda və Şərqi Zəngəzurda görülən işlərin təqdimatına, hava qapılarının dünyaya açılmasına qədər Azərbaycanın yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?” söylədi.
Azərbaycan-Türkiyə dostluğunu özündə ifadə edən bu kimi çağırışları xeyli sayda səsləndirə bilərik. Qürur verən budur ki, söylənilənlər yalnız söz olaraq deyilmir, əməldə öz təsdiqini tapır. Çox da uzaq olmayan tarix, 44 günlük İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimizdən sonra Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşadan bu dostluğun, qardaşlığın, müttəfiqliyin dünyaya təqdimatı olaan Şuşa Bəyannaməsinin imzalanması özündə bütün məqamları ehtiva etdi. 44 gündə məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələrinin Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri terror nəticəsində xalqımızın yaşadığı acını bizimlə eyni yaşayan Türkiyə dünyaya ən sərt mesajlarını ünvanladı.
Məhz bu dostluğun hər bir sınaqdan şərəflə çıxmasına rəğmən dövlət başçısı İlham Əliyev çıxışlarında bu fikri böyük qürur hissi ilə qeyd edir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həm xalqımız, həm də bütün dünya bunu İkinci Qarabağ müharibəsi zamanı gördü.
Qeyd etdiyimiz kimi, 44 günlük Vətən müharibəsinin hər günü tariximizə Qələbə səhifəsi kimi yazılmaqla yanaşı, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının dünyaya təqdimatı oldu. Çünki bu sevinci Azərbaycan necə yaşadısa, qardaş Türkiyə də eyni şəkildə yaşadı. Tarixə qısa baxış əsasında dövlət başçısı İlham Əliyev bu reallığı qeyd edir ki, bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Prezident İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını, Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bildirdi. Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində oldu, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi. Səfirlə söhbət zamanı ölkə Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik: “Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.”
Qeyd edək ki, dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycanın olması, qardaş xalqımıza yardım göstərmək üçün bütün vətəndaşlarımızın ayağa qalxaraq öz dəstəyini bu və ya digər şəkildə ifadə etməsi qürurvericidir. “Qardaş Türkiyə, yanındayıq!” çağırışı hər birimizin ağrısını, acısını ifadə edir, birliyimiz, həmrəyliyimiz sayəsində bu sınaqdan da çıxacağımızı özündə əks etdirir. Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Dövlət başçısı İlham Əliyevin hər zaman səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar…Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.”

