Cəmiyyət 

Türkiyədə qəhrəmanlığı ilə gündəm olan azərbaycanlı təxliyə edilib – ÖZƏL

Türkiyədə baş verən zəlzələ əsnasında Hatayda türklərin həyatını xilas edən azərbaycanlının qəhrəmanlığı gündəm olub.

 

ARANTV.AZ xəbər verir ki, İlham adlı şəxs Hatayın İskəndərun ərazisində qonaq olub. Şəhərdə yerləşən “Ramada” hoteldə gecələyən İlham zəlzələ zamanı oteldə qapalı qalan şəxsləri xilas edib.

 

Selcuk Aytimur adlı Türkiyə vətəndaşı bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. S. Aytimur həmin azərbaycanlını axtardığını və ona can borcunun olduğunu söyləyib. Onun paylaşımını olduğu kimi təqdim edirik:

 

“Zəlzələ zamanı bir azərbaycanlı dostum məni bağlı qaldığım otaqdan qapını sındıraraq, xilas etdi. Otel işçilərindən heç kim yox idi. Pəncərədən baxanda aşağıdan qışqırıq səsləri gəlirdi. Qaranlıqda qonşu 10 mərtəbəli bina yolun ortasına uçmuşdu. Nə qədər qışqırsam da cavab verən olmadı. Birdən oteldə qonaq olan azərbaycanlı İlham adlı şəxs harayıma çatdı. O, 7-ci mərtəbədə qalırmış. 15 dəqiqə çəkdi və qapını sındırdı. Birlikdə 13-cü mərtəbədən 6-cı mərtəbəyə endik. İlham “O mərtəbədə bir avstraliyalı da var” dedi, “gəlin onu da xilas edək”. O, qapını açmaq üçün təpikləyəndə mən stol tapıb gətirdim, onunla vurmağa başladı. Sonra mənə dedi ki, get qardaş, burada gözləmə… Çünki təzyiq artırdı. Əlimdə iki çanta ilə 6 mərtəbəni təngnəfəs düşdüm. Vestibül tanınmaz hala düşmüşdü. Toz qar fırtınası kimi sovrulurdu. Özümü çölə atdım. Otel işçilərindən heç kim yox idi. Əminəm ki, İlham o avstraliyalını da mütləq xilas etdi. Soyadını soruşmağı unutmuşam. Ona həyatımı borcluyam”.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həqiqətən də “Ramada” hoteldə qalan İlham adlı şəxs zəlzələ anında orada olub.

 

“Həmin şəxs İlham Vahiddir. O, İskəndərun ərazisində, “Ramada” hoteldə qalırmış. Səfirlik tərəfindən təxliyə edilərək, Azərbaycana göndərilib. Artıq Azərbaycandadır”.

Daha çox xəbərlər