Gündəm 

Qorxunun əcələ faydası yoxdur İran, dağılacaqsan!

Terrorçuluğunu İslam dinindən vasitə kimi istifadə etməklə pərdələyən, şeytan yuvası olduğu son aylarda bu molla rejimində baş verən hadisələrlə aşkarlanan İranın artıq cidanı çuvalda gizlətmək imkanı tükənib. İslam aləminə, müsəlman dünyasına özü boyda qara ləkə olan İranın islami dəyərlərə heç bir aidiyyatının olmadığı artıq təsdiqlənib. İsraili bəhanə edərək, islam dünyasında olmayan nüfuzuna haqq qazandırmaq istəyən molla rejimi, əslində ikili siyasət yeritməklə müsəlman dövlətləri arasında qarşıdurma, təriqətçilik yaratmaqla, dini radikalizmi dəstəkləməklə məşğuldur. Bu reallığı Azərbaycana qarşı qeyri-səmimi münasibətilə təsdiqləyən, ikili siyasət yeritməklə 30 ilə yaxın torpaqları Ermənistanın işğal altında olan ölkəmizə qarşı törədilən siyasi, hərbi, dini təxribatlarda birbaşa və ya dolayısı ilə iştirak edən İran artıq cildini dəyişə bilməz. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində guya Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləsə də bu niyyətini rəsmən ifadə etməyən İran həmişə eyni əqidədə olan terrorçu İrəvanın yanında olub. İkinci Qarabağ müharibəsindən sonra əziz xələfi Ermənistana qalib gələn Azərbaycana qarşı neqativ münasibətini hər məqamda bildirən İran rejimi bölgədə yeni reallıqlar yaradan ölkəmizin güclənən mövqeyindən təlaşa düşüb. Azərbaycanın Türkiyə və Pakistanla möhkəmlənən qardaşlığına, müttəfiqliyinə həsəd aparan İranı bölgədə ofsaytda qalmaq qorxusu daha da hiddətləndirir. Sözdə müsəlman olsa da Ermənistanın rəsmiləri ilə qol-boyun olan mollalar Qurani -Kərimi də, şəriəti də terrorçu ermənilərin maraqlarına, xaçlarına qurban verirlər.

Tehranda Azərbaycanın səfirliyinə terror aktını planlaşdıran və həyata keçirən İranın «kartları» artıq açılır. Hələ də Azərbaycanın diplomatik korpusunda baş verənlərlə bağlı heç bir tədbir görməyən İran əksinə hadisəyə məişət donu geyindirərək diqqəti planlı, dövlət səviyyəsində hazırlanan terrordan yayındırmağa çalışır. Bu cür kələklərlə, yalanlarla izi itirməyə çalışan İran unudur ki, qarşısında Azərbaycan kimi qüdrətli dövlət dayanıb. Livandakı «Hizbullah» kimi təhlükəli terror təşkilatını maliyyələşdirən İran müsəlman ölkələri arasında belə qarşıdurma yaradır, dini radikalizmi qidalandırır. Bu qanlı rejimin gilyətin kimi baş kəsən maşını olan SEPAH üçün din, qardaşlıq, İslami dəyərlər məhfumu heç bir məna ifadə etmir. İslam aləminin ideoloji silahı olan «Bütün müsəlmanlar qardaşdır!» çağırışı ilə insanları birliyə dəvət edən müqəddəs kitabımızda yazılanlara belə məhəl qoymayaraq şeytani qanunlarla idarə olunan İran beynəlxalq terrorizmi maliyyələşdirməklə radikallardan, quldurlardan ibarət silahlı dəstələrin hazırlanmasına da xeyli vəsait ayırır. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına təxribatçılar göndərən, ərazilərə minaların basdırılmasında iştirak edən fars rejiminin terrorçuları ermənilərlə eyni məqsədə, terrorizmin möhkəmlənməsinə xidmət göstərirlər.

İnsanları edam etmək bu dövlətin ən qorxunc və demokratik dəyərlərdən kənar silahıdır. Qeyri-etik, beynəlxalq qanunlara, insan hüquqlarının qorunmasına zidd olan edamların sayını artıran, dar ağaclarının məkanı olan bu ölkədə cinsindən, əqidəsindən, milli mənsubluğundan, yaşından asılı olmayaraq hər kəs kəndirdən asıla bilər. Din pərdəsi altında əxlaqı dəyərlərdən kənar əməllərini gizlədən, xüsusilə qadınlara qarşı amansız olan fars rejimi son aylarda bu ölkədə davam edən aksiya iştirakçılarına qarşı da amansız rəftar edir. Molla rejiminin qadağalarından cana doyan qadınların hüquqları bu ölkədə demək olar ki, qorunmur. Statistikaya görə 2020- 2021-ci illərdə bu ölkədə 310 qadın edam olunub. İranlı soydaşlarımızın hüquqları uğrunda apardıqları mübarizə zamanı fars rejimi tərəfindən qətlə yetirilən soydaşlarımızın sayı yüzlərlədir. Ana dillərində məktəblərinin açılmasını, dərsliklərin yazılmasını, hüquqlarının qorunmasını, qadınlara azadlıq verilməsini tələb edən fəallar elə sorğu-sualsız həbs olunur, edam edilirlər.

Son aylarda İranın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı ölən 500-dən çox etirazçının 35- şi qadın, 64-ü yaşı 18-ə çatmayan yeniyetmələrdir. İranın keçmiş prezidenti Rəfsəncanin qızı 52 ay müddətinə həbs olunub. Sistan və Bəlusiçtan əhalətlərində baş verən etiraz aksiyalarında iştirakına görə həbs edilən gəncə özünü müdafiə üçün verilən 15 dəqiqə başa çatmamış haqqında edam hökmü çıxarılıb. Molla rejiminin sərt qanunlarına etiraz edən bu ölkənin tanınmış rejissoru, ssenaristi Cəfər Pənahi cəza çəkdiyi həbsxanada aclıq aksiyası keçirir. Azadlıq abidəsi önündə rəqs edən nişanlılar- Amir Məhəmməd Əhmədi və Astiyə Həqiqi guya əxlaqsızlığı təbliğ etmək bəhanəsi ilə 10 il müddətinə həbs ediliblər. Hüquqlarını tələb edən xalq etirazlarına qoşulan daha iki gənc – Məhəmməd Buruğəni və Məhəmməd Qubadlu Kərəc şəhərində həbs ediliblər.

Bu sadalananlar molla qaragüruhçularının insanlıqdan kənar əməllərinin yalnız dəryada damla misalı kimi kiçik epizodlarıdır. Məktəbyaşlı uşaqları belə həbs etməkdən çəkinməyən İranda demokratiya sözünü işlətmək qəti qadağandır. Cənubi azərbaycanlı soydaşlarımızın yaşadığı Xoyda baş verən zəlzələdən zərər çəkənlərə qarşı amansız rəftar edən, evləri dağılan insanlara yardımlar göstərilməsinə icazə verməyən İranın bu hərəkəti bütün dini kitablarda yazılan insanlara qarşı həssas rəftar etmək qanunlarına ziddir. Şaxtalı günlərdə ac-susuz qalan, bir çadıra belə möhtac vətəndaşlarına qarşı belə rəftar yalnız terrora qulluq edən dövlətlərdə mümkün ola bilər. Sonu yaxınlaşan molla rejimini qorxudan etiraz aksiyaları isə davam etməkdədir. Amma atalar demişkən qorxunun əcələ faydası yoxdur. Bu rejimin sonu çatıb.

Daha çox xəbərlər