Bu il 17 un dəyirmanında və 154 çörək istehsalı müəssisəsində yoxlama keçiriləcək- AQTA
Bu il ərzində 17 un dəyirmanında və 154 çörək istehsalı müəssisəsində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulub.
ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, keçən il ərzində 5-i planlı, 2-si plandankənar olmaqla 7 un və 13-ü planlı, 15-i plandankənar olmaqla 28 çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
AQTA rəsmisi qeyd edib ki, aşkar edilən uyğunsuzluqlarla əlaqədar 2 çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, 6 un və 15 çörək istehsalı müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb: “Cari dövr ərzində 102-si yerli və 5-i idxal məhsulundan istehsal olunan 107 çörək məmulatından nümunə götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, 33 məhsul normativ sənədlərin tələblərinə cavab verib. 74 nümunənin müayinələri isə davam etdirilir”.








