Gündəm 

Türkiyə ilə Azərbaycan bir yumruqdur, bir ürəkdir, bir candır!

Türkiyədə baş verən dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında birgə çalışan hər iki xalq bütün dünyaya birlik, həmrəylik nümunəsi göstərirlər

Dəfələrlə sınaqdan çıxan Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığı dünyada təsdiqlənmiş təkzibedilməz reallıqdır. 1918- ci ildə Bakını erməni –bolşevik birləşməsinin qırğınlarından qurtaran Qafqaz İslam Ordusunun əsgərləri Azərbaycan xalqına qarşı törədilən soyqırımının qarşısını aldı. Sarıqamış, Çanaqqala savaşında türkiyəli əsgərlərə kömək göstərən azərbaycanlılar qardaş harayına səs verdilər. İkinci Qarabağ müharibəsində daim Azərbaycanın yanında olduğunu bildirən Türkiyənin göstərdiyi maddi, mənəvi, hərbi dəstək xalqımız tərəfindən qardaş köməyi kimi qiymətləndirildi. Ermənistan üzərində Qələbəmizə həsr olunan Zəfər paradını hər iki ölkənin dövlət başçılarının birgə izləmələri türk-Azərbaycan qardaşlığının həmrəylik rəmzi kimi bütün dünyanı heyrətləndirdi. O günlərdə respublikamızın paytaxtının, şəhər və kəndlərinin küçələrində , meydanlarında Azərbaycanla Türkiyənin dövlət bayraqlarının qoşa dalğalanması «qardaş da, dost da dar gündə tanınar» el məsəlinin bariz nümunəsi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin «Bir millət, iki dövlət»” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq» sözləri hər iki xalqın mübarizlik tarixinin simvolu kimi qürur doğurdu. Hazırda bu qardaşlıq növbəti imtahan qarşısındadır.

Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık Elbistan rayonlarında baş verən, sonra Malatya, Adana, Hatay və digər şəhərləri də əhatə edən zəlzələlər zamanı xeyli insan tələf olmuş, yaralanmışdır. Hadisə baş verən bölgələrdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm, zəlzələ baş verən 10 şəhərdə 3 aylıq fövqəladə vəziyyət elan olunub. Rəcəb Tayyib Ərdoğanın «əsrin fəlakəti» adlandırdığı zəlzələ nəticəsində ağır vəziyyətdə olan insanlara dünyanın hər yerindən yardımlar göstərilsə də, ilk anlardan qardaş köməyinə çatan Azərbaycan xalqı bir nəfər kimi səfərbərdir. Yaranan vəziyyəti həyəcansız izləmək mümkün deyil. Torpaq altından çıxarılan bir insanın belə həyata qaytarılması fəlakəti öz ağrı-acısı kimi yaşayan hər bir azərbaycanlını duyğulandırır, qəlbən sevindirir. Xüsusilə, uşaqların, körpələrin ürək dağlayan vəziyyətini seyr edənlər göz yaşlarını saxlaya bilmirlər. Türkiyədə baş verənləri geniş mənada bəşəriyyətin insanlıq qarşısında borcu, sınağı, xeyirlə şər, ölümlə yaşamaq istəyi arasında mübarizə adlandırmaq daha uyğun olardı.

Təbii fəlakətin ilk anlarında həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verən, hər cür kömək göstəriləcəyini bildirən Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazdı. Səfir Cahit Bağçı ilə söhbətində Azərbaycanın ilk dəqiqələrdən Türkiyənin dərdinə şərik olduğunu, eyni kədəri yaşadığını bildirən dövlət başçımız İlham Əliyev zəlzələnin dağıntılarının, acı fəsadlarının aradan qaldırılmasında hər cür yardım göstərilməsini xalqımızın qardaşlıq borcu adlandırmışdır: « Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə. Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.»

Prezident İlham Əliyevin göstərişlərinə əsasən Azərbaycan xalqı qardaş Türkiyəyə dəstək olmaq üçün kütləvi olaraq könüllü yardım kampaniyasına qoşulmuşdur. Hadisə yerinə ilk gələn və axtarış- xilasetmə tədbirlərində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, zəngin təcrübəyə malik mütəxəssisləri türkiyəli həmkarları ilə birgə çalışaraq insanların dağıntılar altından çıxarılmasında fəallıq göstərirlər. Nazirliyin qardaş ölkəyə humanitar yardım kimi ayırdığı, çadırlar, qızdırıcılar, səhra hospitalı, ərzaq məhsulları, tibbi ləvazimat və preparatlar daha çox fövqəladə vəziyyətin müşahidə olduğu bölgələrə göndərilmişdir. Türkiyə naminə səfərbər olan Azərbaycan xalqı əlindən gələn qədər qardaşlarına hər vasitə ilə yardım göstərir. Daha çox ehtiyac duyulan yataq dəstlərinə, isti geyimlərə, ərzaq məhsullarına, uşaqların ehtiyacı olan ləvazimatlara tələbatı nəzərə alan azərbaycanlılar yardımlarını bu istiqamətdə təşkil edirlər. Bu kütləvilik iki qardaş arasındakı birlik və həmrəyliyin nümunəsidir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Bütün dünya gördü ki, həmrəylik təkcə dövlətlərarası münasibətlər səviyyəsində deyil. İnsanlar arasında da əsl qardaşlıq əlaqələri mövcuddur. Bu da təbiidir və ulularımızdan qalma «qardaş qardaşa əl tutar» deyiminin təzahürüdür.

Artıq respublikamızın bütün dövlət strukturları, təşkilatları, özəl şirkətlər könüllü olaraq yardım kampaniyasında iştirak edərək qardaşlıq, insanlıq borclarını yerinə yetirirlər. Heydər Əliyev Fondunun xətti ilə böyük yardım kampaniyası təşkil edilmişdir. Paralel olaraq Heydər Əliyev Fondunun nəzdində, «ASAN xidmət» strukturlarında fəaliyyət göstərən könüllülər artıq qardaş ölkədədirlər. Prezident Administrasiyasının rəhbərliyi ilə davam edən kampaniyada iştirak edən könüllülərin sayının artması Azərbaycan xalqına məxsus humanizmin, multikulturalizmin nəticəsidir. SOCAR-ın Türkiyədə fəaliyyət göstərən şirkətləri təcili yardım maşınlarını, dağıntıların təmizlənməsində çalışan texnikaları pulsuz yanacaqla təmin edirlər. Bir sözlə bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır. Artıq Bakıda və Naxçıvan Muxtar Respublikasında zəlzələdə xəsarət alanların qəbulu və müalicəsi üçün palatalarda hər cür şərait yaradılmış, müxtəlif sahələr üzrə təcrübəli tibbi personal müəyyənləşdirilmişdir. Türkiyənin bu çətin vəziyyətdən çıxması üçün Azərbaycan xalqı bütün sahələri əhatə edən lazımi dəstəyi göstərir və qarşıdakı aylarda da yardımlarını davam etdirəcəkdir.

«Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər…Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir» sözləri ilə xalqımızın dəstəyinin davamlı olacağını bildirən Prezident İlham Əliyev onu da vurğulayıb ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasında da Azərbaycan Türkiyəyə hər cür dəstək göstərəcək. Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili bu ölkədə əsas məsələdir. Bu cür ağır sınaqdan çıxacağına əmin olan Türkiyə dünyanın ən güclü dövləti olduğunu bir daha bəyan etdi.

Daha çox xəbərlər