Terroru dəstəkləyən İranın iblisanə əməlləri
İran Azərbaycana qarşı heç vaxt səmimi olmayıb. Dövlət səviyyəsində terroru dəstəkləyən şovinist fars mollakratiyasının ölkəmizə qarşı siyasətinin təməlində həmişə riyakarlıq, ikiüzlülük və düşmənçilik dayanıb.
Sözdə “İslam respublikası” olan İran bütün dövrlərdə işğalçı Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz çirkin əməlləri ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran təcavüzkar Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkişaf etdirib, birgə layihələr həyata keçirib. Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən farsist rejiminin nümayəndələri Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl bəyanatlar veriblər. Bu “İslam respublikası” daim Azərbaycana qarşı hədələr səsləndirib, sərhədlərimizdə hərbi təlimlər keçirib Araz çayı üzərindən “körpü atılması” ssenarisi ilə Bakıya qarşı “müdaxilə ssenarisi” mesajı ünvanlayıb. Bütün bunlardan sonra müsəlmanların qanını axıdan bir dövlətə dəstək verən İranın İslami dəyərlərin müdafiəsi haqqında danışmağa heç bir haqqı yoxdur.
Biz hələ onu demirik ki, Qərbi Zəngəzurun Qafan şəhərində konsulluq açan, Araz çayının cənub sahillərində təlim keçirərək rəsmi Bakıya əzələ göstərən və əlində olan bütün vasitələrlə Ermənistana dəstək verən İran ölkəmizdəki daxili sabitliyi pozmaq və konstitusiya quruluşunu dəyişmək üçün ən çirkin vasitələrə əl atıb. Azərbaycanda İranın dəstəyi ilə dini siyasətə alət edən birliklər və siyasi partiyalar formalaşdırılıb. lakin hər biri ilk növbədə cəmiyyətin müqaviməti ilə üzləşib. Artıq bu cür “ictimai-siyasi birliklər”in rəhbərləri Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ifşa olunub və məhkəmə qarşısına çıxarılıb. Məhkəmə proseslərində həmin şəxslər İranın teokratik rejiminə, əlini öpdükləri ayətullahlara və mərceyi-təqlidlərinə simpatiyalarını gizlətməsələr də, ədalətin hökmündən yayınmaq üçün israrla Azərbaycanda dünyəvi quruluşa qarşı çıxmadıqlarını bildiriblər. Lakin hazırda ifşa olunan silahlı birləşmənin rəhbərləri arasında özünü “ideoloq” sayan Tohid İbrahimbəyli Azərbaycanda “Kərimə dövləti” qurmaq iddiası ilə çıxış edir və konstitusiya quruluşunun dəyişdirilməsi üçün açıq fəaliyyət göstərir. Rəsmi Bakı bu cür şəxslərin Azərbaycana təhvil verilməsi barədə İran rəsmiləri qarşısında dəfələrlə məsələ qaldırsa da, müraciətlər nəticəsiz qalıb.
Bir müddət əvvəl Azərbaycanın xüsusi xidmət orqanlarının yaydıqları rəsmi məlumatda İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin ifşa edildiyi açıqlanmışdı. Orada qeyd olunurdu ki, respublikamızın vətəndaşları İran xüsusi xidmət orqanları tərəfindən gizli şəkildə xarici ölkələrdə hərbi təlimlərə cəlb olunub və onlardan dövlətimizin təhlükəsizlik maraqlarına qarşı istifadə edilib. Dövlət Təhlükəsziliyi Xidməti qanunsuz silahlı birləşməyə rəhbərliyin hazırda İranda gizlənən Tohid İbrahimbəyliyə, Rövşən Əsədova, Orxan Məmmədova, Elşad Hacıyevə (Əkrəm Hacızadə) və digərlərinə həvalə olunduğunu bildirib. Rəsmi məlumata görə, qanunsuz silahlı birləşməyə daha çox “Müsəlman Birliyi Hərəkatı” adlandırılan təşkilatın üzvləri qatılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmənin hərbi təlimlərində iştirak edən 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub.
Rəsmi Tehranın ölkəmizə qarşı yönəlik təhdidləri son zamanlar müxtəlif formalarda özünü göstərməkdədir. Bir müddət əvvəl sərhədlərimizdə hərbi təlimlər keçirərək ölkəmizə qarşı “müdaxilə ssenarisi” mesajı verən SEPAH-ın rəsmi “Tvitter” səhifəsində Azərbaycana qarşı açıq mətnlə təhdidlər irəli sürülməsi, bu qurumun komandanı Hüseyn Salaminin təlimlərin açılış mərasimində “Bizim qırmızı xəttimiz odur ki, sərhədlərdə heç nə dəyişilməsin, bölgənin bir küncündə hər hansı dəyişiklik olsa, tərəfsiz qalmayacağıq” sözləri ilə niyyətlərini rəsmi şəkildə bəyan etməsi bunun bariz nümunəsi idi.
Bütün reallıq hisslərini itirərək Azərbaycanı öz cəmiyyətinə “xarici düşmən” kimi təqdim etməkdən belə çəkinməyən, tarixən şər, terror yuvası olan, bu gün daxili ziddiyyətlər üzündən ümidsizlik girdabında çırpınan İran bu yaxınlarda sözdə dost, müsəlman qardaş adlandırdığı Azərbaycana qarşı öz xəyanətkar, alçaq və iblisanə mövqeyini bir daha ortaya qoydu. Belə ki, yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış Yasin Hüseynzadə adlı terrorçunun Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı xain hücunu həyata keçirildi. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak oldu, iki nəfər əməkdaş isə yaralandı. Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunun üzərinə atılaraq, qorxmaz və çevik hərəkətləri ilə onu tərksilah etdi. Şübhəsiz, terrorçu tərksilah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacaqdı.
Bu günlərdə İranın “Teleqram” kanallarının yaydığı məlumata görə, “Hüseyniyyun” təşkilatının (İslami Müqavimət Hərəkatı) fars-molla rejimi tərəfindən dəstəklənən, gizlədilən, iblisanə şəkildə “mərhəmət göstərilən” üzvlərinin heç nədən çəkinmədən, həyasızcasına ölkəmizdəki bəzi tanınmış şəxsləri hədələməsi farsist rejimin əsl simasını bir daha ortaya qoydu.
İranın əmmaməli, iblisə uymuş rəhbərləri unutmamalıdırlar ki, onların ölkəmizə qarşı yönəlik bütün cəhdləri iflasa uğrayacaqdır. Şeytani hisslərin əsirinə çevrilən fars-molla rejimi birdədəlik yadda saxlamalıdır ki, regiondakı vəziyyət heç zaman 2020-ci ilin 27 sentyabrından əvvəlki kimi olmayacaq. Bu qədər sadə…

