Siyasət 

Biz Azərbaycanın tarixi dostuyuq

İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun  bu fikirləri  ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun təqdimatıdır

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Bu mühüm addımın gələcəkdə  həm ölkəmizin, həm də dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyəti məlumdur. Bugünümüzün mövzusu atılan bu addımın yüksələn xətlə inkişaf edən Azərbaycan-İtaliya münasibətlərinə gətirəcəyi yeniliklərdir. İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında “Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam» fikirlərinin ardınca iki ölkənin münasibətlərinə işıq salan bu məqama da diqqəti yönəltdi ki,  artıq neçənci dəfədir  Azərbaycana səfər edirik: «Biz Azərbaycanın tarixi dostuyuq və cənab Prezidentin artıq qeyd etdiyi kimi üçüncü nazirdir ki, bu gün Bakıya səfər edir. Müdafiə naziri, energetika naziri və bu gün isə şirkətlər naziri Bakıdadır. Bu, əslində, İtaliya ilə Azərbaycan arasında güclü əlaqələrin olmasını göstərir.»

İtaliya şirkətinin yeni  stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. Ölkələrimiz  arasında  strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Bütövlükdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına «ayaq açıb». İki ildən artıqdır ki,  Azərbaycan qazı da  İtaliya bazarına çatdırılır.  Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin iştirakçı ölkələrindən biri İtaliyadır. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan    TAP layihəsini Azərbaycan və italiyanın  birgə uğuru kimi dəyərləndirdi. Bir daha qeyd edildi ki, Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin  əsas göstəricilərindən biri  ötən ilin iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Bakıya səfəri çərçivəsində  Azərbaycan ilə Avropa İttifaqı arasında  Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun  imzalanması oldu. Bu sənədə əsasən, Azərbaycan  Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcək. Dövlət başçısı İlham Əliyev sözügedən təməlqoyma mərasimində bildirdi ki, TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir: «Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır.»

Ötən il Buxarestdə  “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. İmzalanma mərasimində «Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq» söyləyən dövlət başçısı İlham Əliyev diqqəti bu statistikaya da yönəltdi ki,  ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpa olunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə  2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq.  2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq.

Cənab İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində də bu kimi məqamlara xüsusi diqqət yönəldərək qeyd etdi ki,  bərpa olunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Hazırda iki stansiya inşa edilir – 470 meqavatlıq günəş və külək: «Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir.»

Sadalanan bu rəqəmlər Azərbaycanın tərəfdaşları ilə əlaqələrini  yeni istiqamətlər üzrə möhkəmləndirmək üçün  geniş imkanların olduğunu təsdiqləyir.  Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunəviliyi əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafında öz sözünü deyir. Dövlət başçısı  İlham Əliyev təməlqoyma mərasimində məhz İtaliya ilə əməkdaşlığımızın timsalında bu məqamı vurğuladı ki,   əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər. Dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı kimi işlərdə İtaliya şirkətlərinin fəal iştirakı yüksək dəyərləndirilir.
Ümumilikdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yüksək səviyyədədir.   Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu beynəlxalq  təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlər əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır.  Qurumla Azərbaycan arasında əlaqələrin hazırkı səviyyəsinə işıq salan “Tərəfdaşlıq prioritetləri” sənədində də qeyd olunmuşdur ki,  əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş imkanlar mövcuddur. Məlumdur ki, dövlət başçısı İlham Əliyevin 2018-ci ildə Belçika Krallığına səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» özündə bütün məqamları ehtiva edir. Bu sənəddə Azərbaycanın enerji diplomatiyasının uğurlarından başlayaraq tolerantlıq təcrübəsinə, multikultural dəyərlərin inkişafına töhfələrinə qədər bütün  tərəflər öz əksini tapıb. Bu əminlik də ifadə edilmişdir ki, bu əlaqələr gələcəkdə  daha da inkişaf etdiriləcək, üzv ölkələrlə əməkdaşlıq əlaqələrinin genişlənməsi Azərbaycan-Avropa İttifaqı münasibətlərində öz sözünü deyəcək. İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso bu əminliyi ifadə etdi ki,  gələcək nəsillərin tələbatlarını daha geniş şəkildə təmin edəcək dayanıqlı həyat naminə birgə səylərimizi davam etdirəcək, ölkələrimiz arasında dostluğun möhkəmlənməsi üçün növbəti uğurlu addımlarımızı atacağıq: «İstərdim ki, İtaliya ilə Azərbaycan arasındakı tərəfdaşlıq Avropada nümunəvi olsun və biz də bu gün sizin tələbatlarınıza cavab vermək istəyirik. Bu gün keçirilən bu tədbir ölkələrimiz, hökumətlərimiz və xalqlarımız arasında dostluğun rəmzidir. Biz bu gün daha geniş enerji dayanıqlılığının təmin edilməsinə, infrastrukturumuzun genişləndirilməsinə yönəlmiş addımları atırıq.»

Avropa İttifaqına daxil olan dövlətlərin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərlərində, həmçinin keçirilən hər bir tədbirdə   Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir.

Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərin rəsmiləri  Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolundan geniş bəhs edərək bu inamı ifadə edirlər  ki, Azərbaycan qarşıdakı illərdə bu rolunu daha da artıracaq. Hər bir layihənin uğurlu  sonluqla başa çatdırılması  yeni layihələrin gündəmə gətirilməsini şərtləndirir. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına dövlətimizin göstərdiyi diqqət və qayğı da Avropa dövlətləri tərəfindən yüksək dəyərləndirilir.  İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bu əminlik ifadə edilir ki, İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır.

Daha çox xəbərlər