Əmmaməli şeytanların sancıları…
İranın imansız mollaları və paqonlu qatillərinin Azərbaycana nifrin yağdırmaları, şər-böhtan atmaları, hərdən də azğınlaşıb hədə-qorxu gəlmələri səngimir. Bunların sancılarının səbəbi məlumdur.
Bizim üçün “ürəyi od tutub yanan” qanlı SEPAH-ın keçmiş komandiri və hazırda İran Məsləhət Şurasının katibi olan Möhsün Rzayi bu günlərdə müstəqil Azərbaycan Respublikasına bir sıra “qiymətli məsləhətlər” verib. O, sosial media hesabında etdiyi paylaşımında Azərbaycanın “başqa dövlətlərin təsiri altında” olduğunu iddia edib: “İran və Azərbaycan Respublikası arasında milli, coğrafi və tarixi bağlar mövcuddur. Bakı Tehrandan ayrı deyil. Bizim qardaş məsləhətimiz budur ki, ölkənin hökumət başçıları İsrail və Amerikanın tələsinə düşməsinlər”.
Görün, bu “ağıllı” peysər kimə, hansı məsləhəti verir? Bəyəm bu şeytan qıçının xəbəri yoxdurmu ki, Şimali Azərbaycan Respublikası otuz iki ildir ki, azad yaşayır və müstəqil siyasət yürüdür?! O vaxtdan ölkəmiz Sovet hakimiyyətinin boyunduruğundan azad olub və dünyanın bir çox dövlətləri ilə bərabər, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində əlaqələr qurub. Şübhəsiz, ağayi Möhsün bu sözləri boğazdan yuxarı deyir və özü də bilir ki, yalan danışır. Necə yəni, “Bakı Tehrandan ayrı deyil”? Nə vaxt bir olmuşdu ki, indi ayrı deyil? Özlərinin murdarlıqlarına bizi də bulaşdırmağa çalışdıqları burada da özünü büruzə verir. Bundan bir qədər əvvəl isə keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti utanmaz-utanmaz “Azərbaycan bizim gözümüzün nurudur” deyirdi. XIX əsr düşüncəsi ilə fikirləşən bu qafillər elə bilirlər ki, bunların sözlərinə inanacağıq. Ancaq əmmaməli işğalçılar inamı iki yüz il əvvəl həmişəlik itiriblər. Bizim cənubdakı qardaş-bacılarımızın qətliamları heç də yadımızdan çıxmayıb. Oradakı soydaşlarımızın hüquqsuz kölə vəziyyətində yaşamaları gözümüzün önündədir. İran rejiminin xəyanətini biz həm Birinci, həm də İkinci Qarabağ müharibələrində gördük. Birinci müharibədə Ermənistana köməyi gizli edilirdisə, ikinci müharibədə Azərbaycan Ordusu qalib gələndən sonra İran ölkəmizə bu xəyanəti açıq şəkildə göstərdi. İran 30 il ərzində Azərbaycanın bölgədə təsirini məhdudlaşdırmaq üçün daim Ermənistana dəstək verib. Rəsmi Tehran indi Azərbaycan – İsrail münasibətlərindən necə qəzəblənirsə, Bakı da İranın Ermənistana dəstəyindən o qədər əsəbiləşir. Qarabağda bütöv bir kəndi çəmi-cümlətanı 15 min dollara satın alan və azərbaycanlıların evlərini söküb öz xarabalarına daşıyan farslar deyildimi? Bəs bu necə qardaşlıqdır? Qardaş da qardaşın yurdunun dağıdılıb xaraba qoyulmasında onun düşməni ilə işbirliyinə gedərmi? Əlbəttə, etməz, edirsə deməli, o xain və alçaqdır.
İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Azərbaycana qarşı məhdudlaşdırıcı rolunu oynaya bilmir, bizə tərəf uzanan qartmaqlı caynaqları kəsilib. Bakı İsraillə əlaqələrini genişləndirməyə başlayıb – səfirliyini açıb, texnologiya və qarşılıqlı dəstək davam edir. Yəni, indi Azərbaycan İranla onun öz dili ilə danışır. Görünən odur ki, İranın kinli rəhbərləri Azərbaycanın Qələbəsini həzm etmək istəmirlər və çıxardıqları oyunlar da bunu sübut edir. Araz çayı sahilində Azərbaycan tərəfə “əzələ oynatması”, hərbi təlimlər keçirməsi, Araz sahilində panton körpülər nümayiş etdirilməsi, generalların və bəzi yüksək vəzifəli şəxslərin ölkəmizi hədələməsi yaddaşımızdan çıxmayıb. Yeri gəlmişkən, Azərbaycan bütün bu təhdidlərin cavabını beşqat artıq verdi. İndiyədək belə təpki görməyən əmmaməli qatillər odla oynadıqlarını başa düşüb dərhal geri çəkildilər.
Fikir verdinizsə, ağayi Möhsün sözarası əsl niyyətini vurğuladı, İsrail və ABŞ-la dostluğumuzdan narahat olduğunu dilə gətirib “onlara uymayın” dedi. Bəlkə bu gicbəsər ağa düşünür ki, Azərbaycan özünə dost və tərəfdaş seçəndə bunlardan icazə almalıdır? Əslində narahatçılığı və qorxunu onlar müharibədən az sonra bildirmişdilər. İsrail şirkəti Araz cayı sahilindəki ərazilərdə kənd təsərrüfatı təyinatlı obyektləri tikərkən. Kölgəsindən belə qorxan İran başçıları həmin obyektləri “hərbi təyinatlıdır” deyib şoka düşdülər. Hansı məntiqə sığır ki, sən bizim düşmənimizlə “qardaşlıq” edə bilərsən, ancaq mən sənin düşməninlə dostluq edə bilmərəm? Müstəqil, azad Azərbaycan Respublikasının getdikcə güclənməsi molla rejimini niyə bu qədər narahat edir?
İmperiya düşüncələrindən əl çəkmək istəməyən İranın gerizəkalı başçıları sonlarının yaxınlaşdığını hiss etdikcə daha da aqressivləşir və dördbir yanlarına boşuna hart-hurt edirlər. Ancaq keçmiş ola, ikiyə ayırdığınız qardaşların arasında qanqal kimi bitməyiniz yetər. Əgər kişi kimi namus və şərəflə deyirsinizsə ki, “Azərbaycan bizim gözümüzün nurudur” onda Cənubi Azərbaycan ərazilərindən rədd olub gedin öz xarabanıza. Ancaq o humanizm sizdə yoxdur, namus və şərəfi isə 1828-ci ildə itirdiniz. İndi sizdən bu dəyərləri gözləmək mənasız işdir. Lakin az qalıb. Layiq olduğunuz yerə qoyulacaqsınız. Xalqımızın yarıdan çoxuna yaşatdığınız faciələr üçün bədəl ödəyəcəksiniz.
“İran təkcə Azərbaycan dövlətinin rəhbərliyini deyil, peyğəmbəri, onun qadınını, səhabələrini, silahdaşlarını da təhqir edir. Yəni eyni davranış sərgiləyirlər”.
Bu sözləri isə Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı açıqlamasında deyib. Millət vəkili qeyd edib ki, İran rejiminin düşüncəsində söyüş, təhqir sanki milli adətə çevrilib: “İslam kimi nəhəng din belə onların əxlaqında, tərbiyəsində müsbət dəyişikliklər yarada bilməyib. Ona görə də İran rejiminin atdığı bu cür addımlara biz yalnız doğru-dürüst mövqeyimiz, prinsiplərimiz ilə cavab verməliyik. Bu prinsiplər onları həddən artıq özündən çıxarır. Onlar elə hərəkətlərə yol verirlər ki, normal məntiqlə onu heç kim etməz. Beləliklə, hesab edirəm ki, İran rejiminin bu cür davranışlarına çox da fikir vermək lazım deyil. Əgər fikir versək, onda gərək başqa işlə məşğul olmayaq. Azərbaycan səfirliyində törədilən terror aktı, səfirliyimizin əməkdaşının öldürülməsi, bütün bunlar da İranın üzündə olan bir ləkədir və bu ləkə daim qalacaq. İran bununla səfir öldürən, səfirliyə hücum edən etibarsız dövlətə çevrilib”.

