Gündəm 

Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır!

Qardaş ölkədə  baş vermiş zəlzələ bütün Azərbaycanı sarsıtdı. Ölkəmiz türk bacı və qardaşlarımızın üzləşdiyi fəlakəti özünün faciəsi kimi qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda xalqımızın keçirdiyi hissləri son dərəcə dəqiqliklə ifadə etmişdir: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk.

Eyni zamanda Azərbaycan hər zaman olduğu kimi, zəlzələnin ilk saatlarından qardaş Türkiyənin yanında olduğunu əməli fəaliyyəti ilə təsdiqləyib, öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirib. Bu acı faciənin fəsadlarının tezliklə aradan qaldırılmasını özünün şərəf işi, qardaşlıq borcu adlandırıb. Azərbaycan dövləti, Heydər Əliyev Fondu fasiləsiz olaraq qardaş ölkəyə yardımlar göndərir. Xilasedicilərimiz dağıntılar altında fədakarcasına çalışır. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər Türkiyəyə göndərilir.

Azərbaycan ilə Türkiyə arasında dostluq qardaşlıq münasibətləri uğurla inkişaf edir,bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır.Həm ikitərəfli formatda ,həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradacaqdır.

Qeyd etməliyik ki ,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”

Bundan əlavə Dövlət başçısı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən yardım tədbirləri davam etdirilir. Azərbaycanda dövlət və özəl qurumlar, eləcə də ayrı-ayrı şəxslər qardaş ölkəyə yardım edirlər. Ölkəmiz dəhşətli zəlzələ ilə əlaqədar qardaş Türkiyəyə humanitar yardımlar göndərir. Ölkəmizdə zəlzələ qurbanlarına ictimai yardım kampaniyası da davam edir. Bu yardım kampaniyasına ölkəmizin bütün bölgələri qoşulub.

Azərbaycan zəlzələdən sonra ilk dəqiqələrdən öz yardımlarını göndərməyə başlayıb. Preizdent Əliyevin səfirlikdə görüş zamanı söylədiyi fikirlər qardaş ölkədə də əks-səda doğurub: “Prezidentin çıxışı təsirli idi. O, bildirdi ki, “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur”.

Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə tarixin acı sınağından keçir. İnanırıq  ki, Türkiyə dövləti bu imtahandan güclənərək çıxacaq, yaralarını sarıyacaq. Bütün bu işlərdə Azərbaycan qardaş dövlətin yanında olacaq.

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Daha çox xəbərlər