Ürəyimiz də, dualarımız da səninlədir, Türkiyə!
Ortaq etnik köklərə və mədəniyyətə, milli dəyərlərə malik olan Türkiyə və Azərbaycan zaman-zaman bir-birinə arxa-dayaq olmuş, tarixin müxtəlif mərhələlərində qarşılıqlı dəstək nümayiş etdirmişlər. Fevralın 6-da dost, qardaş ölkədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyimiz dəstək xalqlarımız arasında dostluğun, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutu oldu.
Qardaş ölkədə böyük insan itkisi ilə yanaşı, həm də görünməmiş fəlakət və kədər yaşadan zəlzələ bütün Azərbaycanı sarsıtdı. Ölkəmiz türk bacı və qardaşlarımızın üzləşdiikləri fəlakəti özünün faciəsi kimi qəbul etdi. Türkiyəyə ilk yardım Azərbaycandan yola salındı. Prezident İlham Əliyev Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda xalqımızın keçirdiyi hissləri son dərəcə dəqiqliklə ifadə etdi: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.
Dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır və öz dəstəyini və həmrəyliyini həmişə olduğundan daha qabarıq şəkildə nümayiş etdirir. Prezidentimiz dərhal zəlzələdən zərər çəkmiş insanlara müvafiq yardım göstərilməsi, xilasetmə işlərinin həyata keçirilməsi, həmçinin təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi üçün müvafiq göstərişlər verdi. Zəlzələ baş verdikdən sonra keçən bir neçə gün ərzində Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə 7 təyyarə və 1 avtomobil karvanı ilə yardım göndərilib. Türkiyəyə 41 nəfəri tibbi heyət olmaqla FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıqlar, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardım çatdırılıb.
Ölkə başçısının tapşırığına əsasən, zəlzələ nəticəsində xəsarət alanlara dəstək olaraq Müdafiə Nazirliyinin Tibb İdarəsinin ehtiyatından qardaş ölkəyə zəruri tibbi ləvazimatların göndərilməsi həyata keçirilib. Faciənin ilk günlərindən etibarən Tibb İdarəsinin rəhbər heyətinin iştirakı ilə qan əvəzediciləri, antibiotiklər, sarğı və tikiş materialları, dezinfeksiya edicilər, eləcə də digər məsrəf tibbi əmlakdan ibarət, ümumilikdə 15 tonluq yük nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb. Hazırda Azərbaycan Ordusunun bir qrup tibb personalı Kahramanmaraşda zəlzələ nəticəsində xəsarət alanlara səhra hospitalında tibbi xidmət göstərir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin azərbaycanlıların kədəri olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Mehriban xanın Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə dərhal 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxil edilib. Bundan başqa, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyası getdikcə genişlənir. Bu yardımlar çərçivəsində zəlzələdən zərər çəkmiş şəxslərə müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar çatdırılıb. Mehriban xanım Əliyevanın tapşırığı ilə fevralın 16-da səhər saatlarında daha bir humanitar yardım daşıyan təyyarə qardaş ölkəyə yola düşüb. 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlar çatdırılıb.
Hazırda Azərbaycanda dost, qardaş Türkiyəyə 6 fevral faciəsi ilə əlaqədar ümumxalq dəstəyi ən yüksək səviyyədə davam edir. QHT-lər, sadə vətəndaşlar zəlzələdən zərərçəkənlərə yardım etmək üçün əllərindən gələni əsirgəmirlər. Bu günlərdə “SOCAR Türkiyə” Türkiyə və Azərbaycan teleradio kanallarının ortaq yayımında “Türkiyə, tək ürək” kampaniyası çərçivəsində zəlzələdən zərər çəkənlərə 3.5 milyon türk lirəsi məbləğində ianə edib.
Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulmaları türkiyə ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanıb. Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında humanitar yardım gətirən Heydər Əliyev Fondunun əməkdaşları ilə görüşərək Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirib: “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!” Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndərilən yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib: “Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”
Qardaş Türkiyənin mətbuatı Azərbaycan Prezidentinin, dövlətinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakətlə əlaqədar göstərdikləri yardımlara, dəstəyə dair informasiyalar yaymaqda davam edir. Məsələn, “Hürriyyet” qəzeti “Bakıdan 135 TIR yardım” sərlövhəli məqaləsində zəlzələdən zərər çəkən insanlara yardım toplanması məqsədilə Azərbaycanda başladılan “Qardaş dəstəyi” kampaniyası çərçivəsində bu ölkəyə 135 TIR yardımın göndərildiyi, ərzaq məhsulları və içkilərin olduğu 26 vaqon yükün isə dəmir yolu ilə sabah yola düşəcəyini yazıb. Bildirilib ki, yardımların toplanması davam edir. “Turkiyye gazetesi” qəzetinin saytında yayımlanan videoda Azərbaycandan, Naxçıvandan Türkiyəyə yardım aparan TIR sürücüsünün müsahibəsi təqdim edilib. O, Türkiyəyə gəlməyinin məqsədini bu sözlərlə izah edib: “Biz Türkiyəyə Nuru Paşanın, Ömər Halisdemirin, Kazım Qarabəkirin, Mübariz İbrahimovun, Fərid Əhmədovun borcunu gətirdik. Biz buraya yardım gətirmədik, biz buraya Vətənin borcunu gətirdik, qardaşlar. Biz gəldik burada Vətən daşı olaq, Vətənə xidmət edək. Biz buraya qardaşın övladları olaraq gəldik”.
Həmçinin “Haber Global” televiziya kanalının saytında yer alan xəbərdə də dövlətimizin başçısının Türkiyə səfirliyini ziyarət etməsi bu ağır gündə əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilib. “Aksam.com.tr” portalında yayımlanan “Azərbaycandan gələn məktublar qəlbləri riqqətə gətirdi” sərlövhəli məqalədə isə Azərbaycandan qardaş ölkəyə göndərilən yardımlar arasında yer alan məktubların qəlbləri riqqətə gətirdiyi qeyd olunub. Bildirilib ki, qardaş ölkədən yardımlar gəlməkdə davam edir. Azərbaycandan göndərilən məhsullar zəlzələdən zərər çəkənlərə paylanılıb. Yardımlar arasında göndərilən məktublardan birində yazılıb: “Keçmiş olsun, Azərbaycan olaraq ürəyimiz səninlədir. Çox gözəl günlərdə istifadə etməyinizi arzu edirəm. Qardaşlarımız, Allah sizi qorusun. Biz sizinləyik, siz dualarımızdasınız”.

