İşğalçı dövlətin faşist mahiyyəti dəyişmir ki, dəyişmir
Erməni uşaqların silahlı qüvvələrə və silahlı qruplaşmalara cəlb olunmasında əsas məqsəd onlardan xalqımıza qarşı etnik, milli nifrətin yaranması və yayılması vasitəsi kimi istifadə etməkdir
Ermənistan hər zaman terror dövləti kimi tanınıb və tanınır. Bu ölkədə faşizm ideologiyasının, terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən çoxsaylı faktlar mövcuddur. Növbəti belə faktlardan biri Ermənistanda azyaşlıların terror qruplaşmalarına cəlb olunmasıdır. Xatırladaq ki, hələ ötən il bu barədə “France24” kanalında süjet yayımlanmışdı. Kadrlardan görünürdü ki, yetkinlik yaşına çatmayan ermənilər hərbi təlimlərdə iştirak edir. Onlara təlimlər zamanı revanşist düşüncələr də təlqin olunur.
Bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bildirilir ki, Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin növbəti dəfə ifşa edilməsi məqsədilə hazırlanmış hesabatda bu ölkə tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi, onlardan Azərbaycana və xalqımıza qarşı etnik və milli nifrətin yayılması vasitəsi kimi istifadə edildiyinə dair ətraflı məlumat əks olunub. Hesabatda açıq informasiya mənbələrindən əldə olunmuş məlumat, foto və video-materiallar, eləcə də məsələ ilə bağlı üçüncü tərəflərin hesabatlarında öz əksini tapmış faktlar əsasında Ermənistanın bir sıra beynəlxalq konvensiyaların müddəalarını kobud şəkildə pozduğu diqqətə çatdırılır, etnik və milli zəmində nifrəti aşılamaqla sülhə və təhlükəsizliyə təhdid törədən əməlləri ifşa edilir. Sənəddə Ermənistanın postmünaqişə dövründə də uşaqların hərbi təlimlərə cəlb olunması, onlarda nifrət və düşmənçiliyin aşılanması, Azərbaycanla yeni müharibəyə hazırlanması fəaliyyətini davam etdirdiyi diqqətə çatdırılır.
Bunun uşaq hüquqları və beynəlxalq humanitar hüquqla bərabər, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) kobud pozuntusu olduğu, xüsusilə Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli Ermənistanın öz ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar vasitəsilə irqi nifrəti təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair qərarından irəli gələn öhdəliyinə əməl etmədiyinin bariz nümunəsi olduğu vurğulanıb. Halbuki, saysız-hesabsız cinayət əməllərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması və bu ölkə tərəfindən uşaqların qanunsuz olaraq silahlı qüvvələrə və silahlı qruplara cəlb olunması, onlardan istifadə olunması fəaliyyətinə son qoyulmasının təmin edilməsi üçün BMT və onun ixtisaslaşmış təsisatlarına, müvafiq mandat daşıyıcılarına müraciət olunub.
Ümumiyyətlə, erməni cəmiyyətində azərbaycanlılara və Azərbaycana qarşı etnofobiyanın olması barədə ilk dəfə eşitmirik. Bu çirkin təbliğat haqqında çox yazılıb və deyilib. Ötən əsrdə azərbaycanlıların kütləvi qırğınları və qətlləri ilə müşayiət olunan faciəli hadisələr bu çirkin təbliğatın inkaredilməz sübutudur. Məlumdur ki, İkinci Qarabağ müharibəsindən əvvəl və postmüharibə dövründə əhali arasında və mediada başqa millətlərə və irqlərə qarşı ayrı-seçkilik, ksenofobiya və ədavət dilindən istifadə olunub. Bu gün Ermənistanda Azərbaycanofobiyanın hökm sürməsinin əsas səbəbi də budur. Sosial şəbəkələrin erməni seqmentində Azərbaycana qarşı təhqir və ittihamlar, azərbaycanlıların qətlinə çağırışlar o qədər geniş yayılıb ki, hətta şəbəkələrin moderatorları bu “nifrət nitqini” (hate speech) silmək vəzifəsinin öhdəsindən gələ bilmir. Azərbaycanlıların ünvanına təhqiramiz epitetlər, “hər türkün aqibəti eyni olmalıdır”, “yaxşı türk ölmüş türkdür” kimi ifadələr, habelə erməni sosial media istifadəçilərinin birmənalı açıq sözləri erməni cəmiyyətinin ümumi münasibətinə şübhə yeri qoymur.
Erməni hakimiyyət orqanları tərəfindən erməni uşaqlarının müharibəyə cəlb olunmasına gəlincə, bunu Qarabağdakı hərbi əməliyyatlar dövründə və müharibədən sonra geniş yayılmış çoxsaylı video və fotoşəkillər sübut edir. İkinci Qarabağ müharibəsi dövründə “Telegram” kanalları tərəfindən yayılan videoda Xankəndidəki məktəblilərin, hərbi forma geyinmiş böyüklərin nəzarəti altında “Kalaşnikov” avtomatını söküb yığdığı əksini tapıb. Bu kadrlarda erməni yeniyetmənin hərbi forma geyinmiş böyüklərlə birlikdə topun döyüşə hazır vəziyyətə gətirilməsində iştirak etdiyi və özünün də atəş açdığı əksini tapıb. Başqa bir videoda “avtomat”larla silahlanan erməni uşaqlar böyüklərin əmri ilə “minaatan”lardan atəş edirlər. Aydındır ki, burada söhbət həqiqi silahlardan getmir, ancaq uşaqların hərəkətlərinin reallığı onların həqiqi döyüşlərə hazır olduqlarını göstərir. Erməni mənbələrinin məlumatları da hakimiyyət orqanlarının uşaq və yeniyetmələrin döyüş hazırlıqlarına cəlb edildiyini dolayısı ilə təsdiqləyir. Belə ki, bu ilin may ayında Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi 2021-ci ilin may ayında ölkənin 4 məktəbində 11-ci sinif şagirdləri üçün hərbi-idman düşərgələri üzrə pilot proqramına start verib. Bütün bu faktlar Ermənistanda Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik hisslərinin dövlət siyasəti səviyyəsində aparıldığını, eləcə də yeniyetmələrin bu təbliğatın əsas hədəfi olduğunu bir daha sübut edir.

