Energetika sahəsində əməkdaşlıq ənənəvidir – Azərbaycan-İtaliya
Qarşılıqlı əlaqələr, təmiz enerjiyə keçid münasibətlərin strateji istiqaməti olmaqla digər sahələrin inkişafında yol xəritəsi rolunu oynayacaq
Ötən ilin sentyabr ayında İtaliyaya səfəri zamanı Çernobbio şəhərində bu ölkənin «İl Sole 24 Ore» qəzetinə müsahibəsində Cənubi Qafqazda sabitliyin yaranmasında başlıca amil olan Azərbaycanın infrastruktur layihələrinin, enerji diplomatiyasının uğurlarından bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa dövlətlərinin enerji təchizatında əlverişli mənbə olan ölkəmizin potensialından səmərəli istifadə olunur. İtaliya, Yunanıstan və Bolqarıstanla imzalanan müqavilələr digər ölkələrin enerji təchizatında da mühüm rol oynayır. Həmin müsahibəsində hidroenerji-yaşıl enerji ilə bağlı fikirlərini diqqətə çatdıran dövlət başçımız bərpa olunan – külək, günəş və su elektrik stansiyalarının qurulmasında iştirak edən İtaliya şirkətləri ilə əməkdaşlığın perspektivlərindən də danışmışdır.
Bu günlərdə Bakıda müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində ölkəmizin enerji potensialını daha da gücləndirəcək əməkdaşlıq haqqında daha ətraflı məlumat verilib. Mingəçevir şəhərində təməli qoyulan yeni elektrik stansiyasının 2025-ci ildə istifadəyə veriləcəyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu stansiya Azərbaycanı Cənubi Qafqazın enerji mərkəzinə çevirəcək. Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında daha çox hiss olundu. «Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi» sözləri ilə bu stansiyanın həyatında yeni dövrün başlandığını diqqətə çatdıran Prezident İlham Əliyevin söylədiyi kimi, yeni stansiya Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinə növbəti töhfəsi olacaq. Bu stansiyanın işə salınması ilə yeni iş yerləri açılacaq, ölkəmizin enerjiyə tələbatı tam ödənilməklə ixrac imkanları artacaq, elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atılacaq. İldə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət olunacaq. Karbon qazının miqdarının 2 milyon ton azalması ilə ətraf mühitin qorunması təmin ediləcək. Nəticədə az vəsaitlə böyük enerji potensialı yaranacaq. «Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi «Azərenerji”»nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Yenə də nəzərə alsaq ki, burada iş əmsalı çox yüksək olacaq, təbii qaza böyük qənaət olacaq, bir neçə il ərzində əminəm ki, bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq» söyləməklə layihəni hər cəhətdən uğurlu adlandıran Prezident İlham Əliyev bildirib ki, bununla Azərbaycanın Avropada daha çox ehtiyac duyulan bərpa olunan enerjinin təminatında rolu artacaq.
Qlobal enerji və nəqliyyat layihələrində qarşılıqlı əməkdaşlıq və şaxələndirmə siyasətinə üstünlük verən Azərbaycan bu layihənin inşasında da dəstəklənən ənənəsini davam etdirəcək. «Azərenerji»” ilə İtaliyanın «Ansaldo”» şirkəti əsas tərəflər kimi birlikdə çalışacaqlar. Xatırladaq ki, «Azərenerji»” ilə «Ansaldo» ” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır. Qarabağda və Şərqi Zəngəzurda davam etdirilən bərpa-quruculuq işləri çərçivəsində bölgənin enerji potensialını birgə araşdıran «Ansaldo»” və «Azərenerji» qarşılıqlı ” tərəfdaşlıq çərçivəsində fəaliyyətlərini davam etdirəcəklər.
«İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və «Made in Italy»” naziri» sözləri ilə hər iki dövlət arasındakı əlaqələrin təkcə enerji deyil, bütün sahələr üzrə, eyni zamanda, tərəflərin maraqlarına uyğun davam etdirildiyini diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi, energetika sahəsində əməkdaşlıq ənənəvidir. Hazırda Azərbaycan neftinin böyük hissəsi, təbii qazı İtaliya bazarına çatdırılır. Marşrutun keçdiyi bölgələrdəki ölkələr də bu imkandan faydalanırlar.
2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya ölkəmizin enerji potensialını gücləndirəcək və bəzi Avropa ölkələrinin enerjiyə ehtiyacını da ödəyəcək. Artıq Ermənistanın işğalından azad edilmiş ərazilərdə elektroenergetika sahəsində önəmli işlər görülür. Qısa müddətdə 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılmışdır. Cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücünə nail olunacaq Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı o bölgələrdə 500 meqavata qədər generasiya güclərinin yaradılmasını təmin edəcək. Bərpa olunan enerji növlərinin inkişafına da diqqət artırılacaq. 470 meqavatlıq günəş və külək gücünə malik iki stansiyanın inşası davam edilir. 240 meqavat gücünə malik üçüncü stansiyanın tikintisinə yaxın illərdə başlanılacaq.
Göründüyü kimi, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin deyil, qitənin bir çox ərazisini əhatə edən digər dövlətlərin maraqlarını da əhatə edir. İtaliya Azərbaycanın həm də əsas tərəfdaşıdır. Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri fəallıq göstərirlər. Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında münasibətlər qarşılıqlı inam əsasında davam etdirilir. İki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı danışıqlar aparılır. Yaradılmış siyasi anlaşma və dostluğun, eləcə də geniş əhatəsi olan iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün mövcud potensiallardan səmərəlt istifadə olunur. Enerji dayanıqlılığının təmin edilməsinə, infrastrukturun genişləndirilməsinə yönəlmiş əlaqələrin möhkəmlənməsi özünü təsdiqləyən dostluğun rəmzidir. Qarşılıqlı əməkdaşlıq, təmiz enerjiyə keçid münasibətlərin strateji istiqaməti olmaqla digər sahələrin inkişafında yol xəritəsi rolunu oynayacaq.

