Cəmiyyət 

Dağıdıcı zəlzələ Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

Qardaş ölkənin güclənməsi, digər türk dövlətlərinin inkişafı üçün də stimuldur

Qardaş Türkiyədə dəhşətli zəlzələnin baş verməsindən artıq 11 gün keçir. Bu zəlzələnin iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır. Aydındır ki, 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər, hospitallar və digər infrastrukturun yenidən bərpası böyük maliyyə resursları tələb edir. İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyənin iqtisadi artım tempini 2 faiz bənd azalda bilər.

Bununla yanaşı, 1999-cu ildə Türkiyədə baş verən zəlzələnin miqyası və nəticələri ilə müqayisə göstərir ki, qardaş dövlət bu sınaqdan da zəifləmədən çıxacaq. Belə ki, 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35 faizinin formalaşdığı ərazilərdə baş vermişdi. Son zəlzələ isə qardaş ölkə iqtisadiyyatının 10 faizinin cəmləşdiyi coğrafiyadadır. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada baş vermişdisə, bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə hazırda 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollar idisə, indi bu rəqəm 819 milyard dollardır.

Türkiyənin güclü olması bütövlükdə türk dünyasının daha da güclənməsi anlamına gəlir. Bu baxımdan, əminliklə demək olar ki, Türkiyə iqtisadiyyatının güclənməsi, digər Türk dövlətlərinin inkişafı üçün də stimuldur.

Bəs dəhşətli zəlzələnin nəticələri Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə necə təsir göstərəcək?

Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı, qonşu ölkələrlə ticarət dövriyyəsinə təsirləri də bu günlər xüsusi müzakirə olunur. Məlum olduğu kimi, Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə isə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olmuşdu. Ötən ilin 11 ayında Türkiyəyə ixracımız 3 milyard 323 milyon dollar təşkil edib. Qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxalımız olub.

Türkiyə, eyni zamanda, ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır. 3 milyard dollarlıq enerjidən kənar ixacatımızın təxminin 1/3-i Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsində enerji məhsulları əsas paya malik olmaqdadır. Xüsusən də qardaş ölkəyə təbii qaz ixracatında artımlar qeydə alınır.

“Əsrin fəlakəti”nin coğrafiyasını və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək görərik ki, zəlzələ qardaş ölkələrimiz arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. 2023-cü ildə də enerji əməkdaşlığımızın güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıq bu il uğurla davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində enmələr olmazsa, Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir.

Daha çox xəbərlər