Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir.
Çox təəssüf ki, narkomaniya ölkəmizdə də ciddi problem olaraq qalmaqdadır. Bəzi gənclər narkotik asılılığı girdabına düşür, bu da narkomaniya ilə bağlı cinayətlərin törədilməsinə səbəb olur. Narkotiklərlə bağlı cinayətlərin artım dinamikası problemin cəmiyyət üçün doğurduğu təhlükəni daha da artırır. Narkomanların say artımı milli genofond üçün ciddi təhdid yaradır.
Gənclər və İdman Nazirliyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 14 bəndinin icraçısı müəyyən edilib.
Dövlət rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədilə Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı mübarizə çərçivəsində ardıcıl tədbirlər həyata keçirir, sağlam həyat tərzinin təbliği sahəsində məqsədyönlü fəaliyyətini davam etdirir.
Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, narkomaniyaya qarşı mübarizə məqsədilə onun zərərləri haqqında maarifləndirilmə kampaniyaları aparılır. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.
Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi məqsədilə yanvar-iyun aylarında nazirlik tərəfindən Azərbaycanın tərənnümünə həsr edilmiş “Mən Azərbaycanlıyam” milli bilik yarışı keçirilib. Yarışda dörd minədək gənc arasından 304 iştirakçı seçilib və onlardan 4 nəfər qalib olub.
Gənclərin asudə vaxtının təşkili, onların vətənpərvərlik hissinin yüksəldilməsi və milli-mənəvi dəyərlərin təbliği, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi, sahibkarlıq fəaliyyətinin inkişafı, tələbələrin liderlik bacarıqlarının aşkarlanması, gənclərin natiqlik bacarıqlarının üzə çıxarılması könüllülük fəaliyyəti, sağlam həyat tərzinin təşkili məqsədi ilə iyul-dekabr aylarında respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində 2500-ə qədər gəncin iştirakı ilə “Əylənərək, öyrənirik” adlı 33 gənclər düşərgəsi təşkil edilib.
Həmçinin, ötən ilin noyabr ayının 3-də 2022-ci ilin “Gənclər Paytaxtı” seçilmiş Tovuz rayonunda Qazax-Tovuz iqtisadi rayonu üzrə (Qazax, Tovuz, Şəmkir, Ağstafa və Gədəbəy rayonları) gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş zona toplantısı keçirilib.
23 noyabr 2022-ci il tarixində Gənclərin məşğulluğu və mövcud potensiallarının reallaşdırılmasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Tovuz rayonunda “Region Gənclərinin Məşğulluq Marafonu” keçirilib. Marafonda gənclərin məşğulluq prosesinə fəal cəlb olunması, işə götürənlərlə gənclərin birbaşa ünsiyyət imkanının yaradılması üçün əmək yarmarkası təşkil edilib. Yarmarkada 22 müəssisə, 214 vakant iş yerini təklif edilib.
Narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri, bu sahədə həyata keçirilən tədbirlər, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasının təmin edilməsi məqsədilə 2022-ci ildə həyata keçirilmiş tədbirlər barədə Nazirliyin saytında və sosial media səhifələrində mütəmadi olaraq məlumatlar paylaşılıb.
2022-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşlar arasında ictimai maarifləndirmə, təbliğat işinin təşkili məqsədilə Gənclər və İdman Nazirliyinin 21 “Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən “Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları”, “Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzudur”, “Həyatını sağlam yaşa”, “Narkotiki deyil, musiqini seç”, “Gənclərin zərərli vərdişlərə qarşı maarifləndirilməsi”, “Həyatda düzgün mövqe qazanmaq və zərərli vərdişlərdən uzaq olmaq” adlı seminar, dəyirmi masa, görüş və müsabiqə formatında 81 maarifləndirmə tədbiri həyata keçirilib. Tədbirlərə 3262 nəfər yeniyetmə və gənc cəlb olunub.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial çarxların hazırlanması və kütləvi informasiya vasitələrində geniş işıqlandırılması məqsədilə Gənclər və İdman Nazirliyinin 76 Gənclər və İdman İdarəsi tərəfindən “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır”, “Narkomaniya ümumbəşəri bəladır”, “Uçuruma aparan yol”, “Bəyaz ölümə Yox deyək!”, “Narkotikə qarşı mübarizəyə sən də qoşul”, “Gənclərimizin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” adlı dəyirmi masa, seminar, konfrans, teatr tamaşası, aksiya və müsabiqə formatında 301 maarifləndirmə tədbiri həyata keçirilib. Tədbirlərə 18709 nəfər yeniyetmə və gənc cəlb olunub. Bakı Gənclər Mərkəzi, Beyləqan, Göyçay, Masallı, Qazax, Şəmkir, Sumqayıt, Suraxanı Gənclər evlərində narkomaniyanın zərərli təsirlərindən bəhs edən “Bir dəfə”, “Sindrom”, “Bəla” filmləri nümayiş olunub.
Ötən il ərzində Qaradağ, Qazax, Tovuz, Zərdab rayon Gənclər və İdman İdarələri tərəfindən sağlam həyat tərzinin təbliği məqsədi ilə “Narkomaniya və zərərli vərdişlərə Yox deyək” başlığı altında narkomaniya əleyhinə 1000-dən çox bukletlərin paylanılması həyata keçirilib.
Narkomaniyaya qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Gənclər və İdman Nazirliyi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı öz töhfəsini vermək üçün bütün imkanları səfərbərliyə alaraq, bu istiqamətdə fəaliyyətini məqsədyönlü şəkildə davam etdirir.
Qabil Mehdiyev,
Gənclər və İdman Nazirliyinin Mətbuat katibi

