Şəhidlik zirvəsinə ucalan igid
Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf kimi yazılan 44 günlük İkinci Qarabağ müharibəsində torpaq uğrunda qan tökən minlərlə qəhrəmanlardan bir də Şəhriyar Vidadi oğlu Həbiblidir. O, az yaşında şərəfli bir həyat yolu keçdi. 1993-cü ildə Lənkəran rayonunun Osakücə kəndində təvəllüd tapan bu, Vətən sevdalısı böyük bir xalqın qəhrəmanlıq simvoluna çevrildi. İndi cismən aramızda olması da, adını eşidən hər bir azərbaycanlı qürur hissi keçirdir. Şəhriyar 27 yaşında zaman-zaman örnək olacaq bir tarix yazıb getdi. Onun bizə qoyub-getdiyi Vətən sevgisinə dövlət tərəfindən verilən dəyər “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına görə medalları oldu.
Köksündə Vətən sevgisi, millət eşqi olan Şəhriyar Həbibi kənd məktəbi başa vurub Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olur. Və gələcəkdə milləti üçün dəyərli işlər görməkdən ötrü bütün istedadını, var-qüvvəsini oxuyub-öyrənməyə sərf edir. Həm də saf duyğularla həyata baxmağı, insani keyfiyyətləri, vətənpərvərliyi, sədaqəti təhsil aldığı illərdə ona çoxlu dost qazandırır.
Ali təhsildən sonra Şəhriyar ordu sıralarına gedir. Sevgisini tam Vətəninə bağlayır. Və daşına, torpağına qurban dediyi doğma Azərbaycanın keşiyində ayıq-sayıq dayanır, düşmən tapdağında olan Qarabağın azadlığını düşünür. Əsgəri xidməti zamanı 4 gün çəkən, şərəfli salnamə olan Aprel döyüşlərində ordumuzun tərkibində düşmənə qarşı ən qaynar nöqtələrdə vuruşur, onun layiqli cəzasını verir. Lələ təpədə Azərbaycanın qələbə bayrağı ucalananda özünü dünyanın ən xoşbəxt adamı hesab edir, zəfər günümüzü gözləyir.
Şəhriyar qalib əsgər kimi evə qayıdır. “Cənub” RETSİ Lənkəran Enerji Satış Şöbəsində nəzarətçi mühəndis vəzifəsində çalışır. İşinə böyük məhəbbətlə yanaşır, hallığı, ədaləti önəmli meyar hesab edir, insanlara nümunəvi xidmət göstərməklə el içində başı uca gəzir. Erməni dığalardan alacağı öcü də unutmur. Necə ki, Vətən müharibəsi başlanır, Lənkəran elinin sevimli oğlu Şəhriyar Həmidli könüllü orduya yazılır. Qohum-qonşuya:” 30 ildir düşmən müqəddəs Vətən torpaqlarını əsir edib. Qeyrətli oğlanların arzuladığı gün yetişib. Düşmənlə son damla qanadək döyüşüb onlara özümüzü göstərməliyik. Dığaların qabağından qaçmaq bizə yaraşmır. Tezliklə xalqımız zəfər sevincini yaşayacaq”,- deyib silaha sarılır.
Vətən, torpaq naminə Şəhriyar min ölümlü yollar keçir. Döyüşdən-döyüşə bərkiyir. Hər qarış torpaq uğrunda mərdliklə vuruşur. Düşmənin həm canlı qüvvəsinə, həm də texnikasına böyük tələfat verir. Cəbrayılın azadlığı uğrunda ağır müharibə meydanından alnıaçıq çıxan Şəhriyarın göstərdiyi igidlik sözün əsl mənasında nümunə olur. Növbəti döyüş yeri Qubadlıda düşmənə qan qusdursa da, özü də şəhidlik zirvəsinə ucalır.
Bütün Azərbaycan xalqı Şəhriyarı qəlbində yaşadır. İllərin səfində bu sevgi daha müqəddəs olacaqdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

