Sığorta-pensiya sisteminin uğurlu göstəriciləri
Azərbaycan bu gün həm minimum, həm də orta aylıq pensiyanın alıcılıq qabiliyyəti baxımından MDB ölkələri üzrə sıralamada ilk yerdə qərarlaşıb
Son illərdə dünyada baş verən kəskin bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi bir vaxtda aparılan ardıcıl sosial islahatlar, sosial ödənişlərdə tətbiq edilən davamlı artımlar dövlətin daim öz vətəndaşının yanında olduğunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində bəyan etdiyi kimi: “Biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək”.
Dövlət başçısının imzaladığı Fərman və sərəncamlarla 2023-cü ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində də ölkəmizdə sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib: minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları orta hesabla 15 faiz artırılıb, əhalinin həssas qruplarına – şəhid ailələrinə, əlilliyi olan şəxslərə, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olanlara, ailə başçısını itirənlərə, aztəminatlı ailələrə, beşdən çox uşağı olan qadınlara və başqalarına yönələn müavinət və təqaüdlərdə növbəti artımlar edilib.
Ümumilikdə, son beş ildə icra olunan 4 sosial islahat paketindən əvvəlki 3 islahat paketi 4 milyon insanı əhatə edərək, həmin islahatlar üçün əlavə olaraq illik 6 milyard manat ayrılmışdı, 2023-cü ilin əvvəlindən reallaşdırılan yeni, dördüncü sosial islahat paketi isə 1,9 milyon insanı əhatə edir, onlara yönələn əməkhaqlarının, müavinət və təqaüdlərin artırılması üçün də əlavə olaraq illik 750 milyon manat ayrılıb. Sosial islahatların nəticələrinə nəzər saldıqda həmin dövrdə minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 52 faiz, median əməkhaqqında iki dəfəyə yaxın, əməkhaqqı fondunda 2,5 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artım olduğunu görürük. Sosial müavinət və təqaüdlər üzrə ödənilən illik vəsait isə son beş ildə 5 dəfə artaraq 1,5 milyard manatı ötüb.
Təsadüfi deyil ki, bu gün Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri üzrə sıralamada ilk yerdədir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd edilir ki, Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutmaqda davam edir: “Minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir. Son 5 ildə ölkəmizdə aparılan ardıcıl sosial islahatların tərkib hissəsi olaraq minimum pensiyanın 2,5 dəfə artırılaraq 280 manata, orta aylıq pensiyanın iki dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatmasına nail olunub”.
2023-cü ildən pensiya artımında vahid indeksasiya metoduna keçilməsi isə bütün pensiyaçılara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edib. Yəni, bu ildən qulluq stajına görə əlavə alan pensiyaçıların (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və başqaları) pensiyalarının da hər ilin əvvəlində indeksləşdirilərək artırılmasına başlanıb ki, bu da nəticədə həmin şəxslərin pensiyalarında da hər il olmaqla davamlı artımı təmin edir. Nəticədə 2023-cü ilin əvvəlindən həm ümumi əsaslarla pensiya alanlar, həm də qulluq stajına görə əlavə alan pensiyaçılar daxil olmaqla ümumilikdə 1,1 milyon pensiyaçının pensiyası indeksləşdirilərək artırılıb. Bu artım üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək. Onu da qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və bu artımın tətbiq edilməsi üçün vətəndaşların hər hansı müraciətinə, sənəd təqdim etməsinə, ehtiyac qalmır.
Digər tərəfdən, pensiya sistemində humanist yanaşmalar tətbiq olunur. 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik 25 il sığorta stajı (pensiya hüququ qazanmaq üçün minimum staj tələbi 25 ildir) hədiyyə edilərək əmək pensiyası hüququ verilir. 2022-ci ilin dekabr ayında dövlət başçısının təsdiq etdiyi qanun həmin 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin daha 3 il uzadılmasını nəzərdə tutur. 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı azaldılaraq pensiya yaşı ilə eyniləşdirilib. Dövlət başçısının 2022-ci ilin iyun ayında təsdiq etdiyi qanunla “Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib.

