Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər olub
İkinci Vətən müharibəsində qazandığımız qələbən sonra, ölkəmizdə böyük quruculuq işləri başladı. Azərbaycan həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər ərazilərdə möhtəşəm, dinamik inkişaf mərhələsinə qədəm qoydu.
Cari ilin fevral ayının 13-də Bakıda “Gülüstan” sarayında növbəti vacib tədbir baş tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi bu tədbirin məqsədi müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi idi.
Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev tədbirdə çıxış edərək, Mingəçevirin hazırkı vaxtda elektroenergetika sahəsində ölkəmizin əsas şəhəri olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı Mingəçevirin Azərbaycanla yanaşı, Qafqazın da enerji mərkəzinə çevrilməsində dahi şəxsiyyət Heydər Əliyevin xidmətini yada saldı. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuş, böyük stansiyanın birinci blokunun açılışı 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin şəxsən iştirakı ilə olmuşdur.
İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev ölkəmizin elektroenergetika sahəsinin son illər ərzində çox sürətlə və uğurla inkişaf etdiyinə də diqqət çəkdi. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir ki, bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda Azərbaycan bərpaolunan enerji növlərinin inkişafında maraqlıdır. Bunun üçün ölkəmizin çox böyük potensialı var. Belə ki, təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 giqavata bərabərdir. Hazırda ölkəmizdə ümumi gücü 470 meqavatlıq olan iki günəş və külək stansiyası inşa edilir. Üçüncü stansiyanın da inşasına yaxın vaxtlarda başlanılması planlaşdırlır ki, onun da gücü təqribən 240 meqavata bərabər olacaq. Ölkə başçısı onu da qeyd etdi ki, xarici investorlarla imzalanmış sənədlər əsasında hazırda 25 giqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur. Bu stansiyanın böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə inşa ediləcəkdir.
Ölkə başçısı çıxışında işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri haqqında da müxtəsər məlumat verərək dedi: “Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq”…
Təbii ki, ölkəmizdəki elektroenergetika sisteminin mövcud olan generasiya gücünün təxminən 20 faizinə yaxın generasiya gücünə malik bir istilik elektrik stansiyasının təməlinin qoyulması yaxın gələcəkdə ölkəmizin enerji potensialının və ixrac imkanlarımızın güclənəcəyinin, həmçinin xarici tərəfdaşlarımızla yeni, gələcək layihələrə yol açacağının müjdəçisidir.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı


