Cəmiyyət 

Azad sözün cəlladları…

İranda ədalət tələb edənlərin səsləri batırılır

Dünyada bir çox əcaib hadisələrin məhz  İranda törədilməsi artıq heç də təəccüblə qarşılanmır. Ona görə ki, bu qurama və qəribə ölkə öz əllaməlikləri ilə dünyanı zinhara gətirib. Orada müqəddəs bir şey yoxdur. Hətta özlərinin müqəddəs adlandırdıqları nəsnələri də murdarlayıb hörmətdən salıblar. Adını İslam qoyub tiryəkiliklə məşğul olmaq, milyonlarla insanı xəstələndirib narkotik aludəçisinə çevirmək, bığıburmaları silahlandırıb dünyanın hər yerində günahsız insanları terrora məruz qoymaq ən böyük günahdır. Bunları edənlərin son mənzili cəhənnəmin isti bucağıdır. İndi eşitsəniz ki, dünyada toxunulmazlıqları qəbul edilən jurnalistlərin başına İranda hansı olmazın oyunlar açırlar, buna da təəccüblənməyəcəksiniz. Niyəsini də dedik.

Beynəlxalq informasiya agentliklərinin BBC telekanalına istinadla verdikləri xəbərdə deyilir ki, İranda azı 17 qadın jurnalist nəfər həbs edilib. Mətbuat azadlığı üzrə beynəlxalq qrup isə bildirib ki, əslində, bu rəqəm təxminən üç dəfə çoxdur.

İranda keçirilən etiraz aksiyalarında sentyabr ayından etibarən 20 minə yaxın adamın saxlanıldığı təxmin edilir. İran İnsan Haqları Fəallarının Xəbər Agentliyinin (Hrana) məlumatına görə, bu müddət ərzində 520-dən çox etirazçı təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif işgəncələrlə öldürülüb. Orada yer üzünün əşrəfi olan insanlara həşərat kimi yanaşırlar desək, səhv olmaz. Bu da ona dəlalət edir ki, bir dəstə qıllı-qılaflı ağbaşlı şərəfsiz milyonlarla insan üzərində sərhədsiz hökmranlıq iddiasındadır. Qafillərin at oynatdığı məmləkətdə azad söz boğazlarda batırılır.

Etiraz aksiyalarının geniş vüsət aldığını görən İranın molla rejimi ən son həbs edilən “Hammihan” qəzetinin müxbiri Elnaz Məhəmmədini zaminə buraxıb. Xanım Məhəmmədi eyni qəzetdə çalışan və keçən il sentyabrın 29-da həbs edilən İlahə Məhəmmədinin əkiz bacısıdır. O, ötən il sentyabrın 16-da polis məntəqəsində qətlə yetirilən 22 yaşlı iranlı qadın Məhsa Əmininin dəfn mərasimi ilə bağlı reportaj hazırladığına görə saxlanılıb. Elnaz Məhəmmədinin həbsindən bir həftə əvvəl daha üç qadın jurnalist – Məlikə Haşhemi, Səidə Şafei və Mehrnuş Zareye də saxlanılıb. Həbs edilənlərin başına açılan oyunları isə gözlər olsun görməsin.

Vaşinqtonda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin tədqiqatçısı Yeganə Rezayan bildirib ki, İranda çoxlu sayda qadın jurnalist həbs edilib. Onun sözlərinə görə, molla rejimi kütləvi etirazlarda məhz qadınların fəal iştirakını görüb və qorxuya düşüb. “Təbii ki, hadisələri daha çox qadın jurnalistlər işıqlandırırdı. Hətta kiçik şəhərlərdə və yerli qəzetlərdə qadınlar öz həmcinslərinin liderlik etdiyi etiraz aksiyaları haqqında məlumat verirdilər”, -deyə tədqiqatçı əlavə edib.

İran polisinin qətlə yetirdiyi Məhsa Əmininin fotosunu dərc edən ilk jurnalist də qadın olub. Nilufər Həmidi adlı bu reportyor sentyabrın 22-də həbs edilib və hələ də dəmir barmaqlıqlar arxasındadır. Jurnalistləri Müdafiə Komitəsinin məlumatında qeyd olunub ki, İranda son 5 ay ərzində azı 98 jurnalist və bloqer həbs edilib və onların yarısından çoxu qadınlardır. Bu da əmmaməli şeytanların qadınlara olan “hörməti”. Başqa ölkələrdə insan hüquqlarının pozulmasını iddia edən şəriət dövlətinin imansızlığı və islami dəyərləri kobudluqla tapdalaması göz önündədir. Sanki bu ölkədə insanların konstitusion hüquqları yoxdur, demokratiya yasaqdır və ədalət tələb edənlərin səslərini elə boğazlarındaca batırırlar. Amma ağbaşlı şeytanlar utanıb-qızarmadan başqalarının gözündə tük axtarırlar. Nə isə…

Jurnalist azadlığını müdafiə edən beynəlxalq təşkilat olan Sərhədsiz Reportyorlar (RSF) isə bildirib ki, İranda etirazlar başlayandan bəri həbs edilən jurnalistlərin 27 nəfəri hələ də zindandadır, digərləri isə girov müqabilində azadlığa buraxılıblar. İran zindanlarının “ləzzətini” isə ora düşənlər bilirlər. Hərçənd ki, dini qayda-qanunlara görə insana işgəncə vermək,  girov qoymaq və ya götürmək haramdır. Bir toxtaqlıq var ki, bu da ağbaşlı şərəfsiz şeytanların özlərinin mayalarının haramdan tutulmasıdır. İslamın bətnində qara yaraya çevrilmiş bu xəstə təxəyyüllü qaragüruh tezliklə dağılacaq, həm İran cəmiyyəti, həm də beynəlxalq aləm çirkabdan təmizlənəcək. Sivil dünyada əqidələri də sifətləri kimi kirli-pasaqlı olan haramzadələrin murdar ləpirləri belə qalmayacaqdır.

Daha çox xəbərlər