İndi isə cavab vermək zamanıdır…
Prezident İlham Əliyev: Terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır
Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş qanlı terror aktından bir aya yaxın vaxt keçməsinə baxmayaraq şovinist fars rejimi hələ də şəffaf istintaqın aparılması, cinayətin əsl təşkilatçılarının tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində heç bir addım atmayıb. Heç deyəsən, atmaq fikri də yoxdur. Baxmayaraq ki, coğrafi yaxınlığı bir yana qoyaq, beynəlxalq qanunvericiliyə, həmçinin 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olunmuş Diplomatik Əlaqələr Haqqında Konvensiyanın tələblərinə görə, səfirliyimizin təhlükəsizliyinə İran birbaşa məsuliyyət daşıdığı kimi, cinayətin operativ araşdırılmasına da cavabdehdir.
Əgər terror aktının fars rejimi ilə hər hansı bağlılığı yox idisə, o zaman İranın ədliyyə və hüquq-mühafizə orqanları terror aktının təşkilatçılarının və icraçıların tapılması işində Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıqdan yayınmazdılar. Ancaq hadisənin baş verdiyi ilk saatlarda Tehranın polis rəisi Sərdar Hüseyn Rəhiminin yerli “Tasnim” xəbər agentliyinə verdiyi açıqlamada guya cinayəti törədən İran vətəndaşı Yasin Hüseynzadənin səfirliyə iki azyaşlı uşağı ilə daxil olduğunu bildirərək cinayətə “şəxsi və ailə problemləri” donu geydirməyə çalışması, bundan az sonra terrorçuya rahat şəkildə İranın dövlət televiziyasına müsahibə vermək imkanının yaradılması, cəmi iki gün keçməmiş Y.Hüsynzadənin “əqli çatışmazlığı” diaqnozuyla dəli kimi qələmə verilməsi çox mətləblərdən xəbər verirdi. Gülünc bəhanələrlə terror aktının əsl mahiyyətinin gizlədilməsi əslində cinayətin ssenarisinin bu ölkənin xüsusi xidmət orqanlarının, daha dəqiqi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qan qoxuyan otaqlarında yazıldığını sübut edir və ən müxtəlif yalanlarla, bəhanələrlə ölkəmizi olmayan şeylərdə günahlandırmağa çalışan, gecə-gündüz qaramıza hədyanlar yağdıran şovinist fars rejiminin iç üzünü bir daha açmış olur.
Bütün baş verənlərdən sonra üzr istəmək, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq əvəzinə molla hakimiyyətinin müxtəlif səviyyə(siz)li diplomatları vasitəsilə Azərbaycanı hadisəni şişirtməkdə günahlandırması açıq-aşkar düşmənçilikdir, ləyaqətsizlikdir, heç bir qonşuluq və humanitar prinsiplərə sığmır. İranın “Hamshahri Online” nəşri yazır ki, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin “Tehran-Bakı münasibətlərindəki soyuqluq Azərbaycanın öz ziyanınadır”,- deyə həyasızcasına ölkəmizi hədələyib. M.Pakayin Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsi zamanı İrandakı səfirliyimizdə törədilmiş terror aktı ilə bağlı fikirlərini şərh edərkən guya həmin fikirləri beynəlxalq ictimaiyyətin qəbul etmədiyini deyib: “Bütün sübutlar göstərir ki, İranın hakimiyyət orqanları tərəfindən də pislənilən bu addım yanlış hərəkət idi və heç bir terror və siyasi motivi yox idi. Hətta “sionist rejim”dən (İsrail dövləti nəzərdə tutulur) başqa Azərbaycanın ən yaxın müttəfiqləri belə bunun terror məsələsi olduğunu qeyd etmədilər.”
Aydın məsələdir ki, bütün dünyanın terror aktı kimi tanıdığı, pislədiyi, Azərbaycana başsağlığı verdiyi hadisə ilə bağlı deyilənlər sadəcə bir diplomatın fikirləri deyil, İran hakimiyyətinin mövqeyidir. Yoxsa keçmiş səfir Mazandaranın məşhur canlısı qədər qanmaz, ya da kar və ya kor deyil. O, səfirliyimizdə törədilmiş cinayətin terror aktı olduğunu, hadisənin bütün dünyada məhz belə qəbul edildiyini yaxşı anlayır. Ancaq “üzrü günahından betər” belə fikirlərlə həyasızcasına öz dövlətinin riyakarlığına haqq qazandırmaq istəyir.
Görünür, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, əsaslı arqumentləri ermənipərəst mollaları çətin vəziyyətdə qoyub.
Xatırladaq ki, dövlətimizin başçısı Münxendə televiziya kanallarına müsahibəsində İrana sərt mesajlar ünvanlayıb və münasibətlərin normallaşması üçün rəsmi Tehranın atmalı olduğu addımları xatırladıb: “İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istiblişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik.”
Deməli, beynəlxalq aləmdən təcrid olunmuş şovinist fars rejiminin rəhbərliyi ölkədəki xalq etirazları səbəbindən daha başlarında saxlaya bilmədikləri əmmamələrini qarşılarına qoyub yaxşı-yaxşı fikirləşməlidirlər. Əks halda, daha fikirləşmək imkanları olmaya da bilər…

