Qisas qiyamətə qalmadı
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Xocalı faciəsi qurbanlarının da qisasını aldı
Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o xoş xəbəri iki il bundan əvvəl nəhayət ki, eşitmək bizə nəsib oldu. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə – Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi, 8 Noyabr xalqımızın zəfər günü kimi tariximizə qızıl hərflərlə həkk olundu. Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə qazanılan bu qələbə həm də düşməndən alınan qısasa çevrildi. Xocalının, Şəhidlərimizin intiqamı alındı. 10 Noyabr – Qələbə Günündə insanlar əllərində al qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi – “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb” söylədilər. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Xocalı soyqırımının ildönümünü artıq üçüncü dəfədir ki, Xocalının qisasının alındığı gün kimi yad edirik. Erməni faşızminin dəhşətli əməlinin nəticəsi olan XX əsrin ən qanlı faciəsi Xocalı soyqırımı, bu böyük faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi tanınmaqdadır. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır. On illər boyu yerdə qalan bu qanlar xalqımızın qəlbində ağır və köz tutmayan bir yaraya çevrilmişdi. Nəhayət ki, qəhrəman oğullarımız döyüş meydanında Xocalı qatillərini məhv etdilər. Tökülən günahsız qanların intiqamını aldılar. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşması, Xocalı soyqırımına məruz qalanların qisasının döyüş meydanında alınması misilsiz bir qələbə idi. 44 günlük Vətən savaşında igid hərbçilərimiz həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyində qübar bağlamış bu ağır yaranı sağaltdılar. Xocalı arıtq tək kədərlə yox, qürurla anılır və bu, bizim üçün böyük önəm daşıyır. Xocalı üçün ədaləti Azərbaycan Ordusu bərqərar etdi, amma beynəlxalq məhkəmələrdə və tribunalarda hələ ədalət öz yerini tapmayıb. 31 il sonra Xocalı qurbanlarını artıq başı uca, qalib ölkə kimi anırıq. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamaqla bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərib. Bu istiqamətdə səyləri beynəlxalq müstəvidə yorulmadan davam etdirən və “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Prezident İlham Əliyev Xocalının qisasının alındığını qürurla dilə gətirmişdı. Amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı qətliamı davamlı olaraq təbliğ edilərək gələcək nəsillərə çatdırılmalıdır. Bu vəzifə isə biz təhsil ictimaiyyətinin üzərinə düşür. Biz pedaqoqlar gənc nəsli vətənpərvər ruhda yetişdirməklə bərabər, onları başa salmalıyıq ki, onların qarşısında sabahın vətəndaşları olaraq mühüm vəzifələr dayanır ki, onlardan biri də Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Bu faciənin dünyada soyqırım kimi tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında hər birimiz bu yolda öz mübarizəmizi yorulmadan davam etdirməliyik. 1992-ci il fevralın 26-da Xocalı soyqırımına məruz qalan soydaşlarımız Azərbaycanın ərazi bütövlüyü, xalqımızın milli azadlıq uğrunda apardığı haqq mübarizəsinin şəhidləridir. Onların əziz xatirəsini ehtiramla yad edir, ruhları qarşısında baş əyirik.
Kubra Əliyeva,
204 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski küçəsi 11” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

