Narkomaniya: Bəşəriyyətin sosial bəlası
Narkomaniyanın miqyasının genişlənməsi dünya dövlətlərini daha sərt addımlar atmağa məcbur edir. Odur ki, dünya əhalisi 26 iyun tarixini- Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd edilir. Narkomanlığa və Narkobiznesə qarşı ölkəmizdə də qətiyyətli addımlar atılır, bu istiqamətdə mühüm uğurlar əldə olunur.
1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə hərtərəfli islahatlar başladı. Ulu Öndərin müdrik siyasətinin mərkəzində insan amili dayandığından vətəndaşların sağlamlıqlarının qorunması prioritet istiqamətlərdən biri idi. Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 18-də Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun qəbul olundu. Xüsusi vurğulanmalıdır ki, bu problemlə mübarizədə ulu öndər Heydər Əliyevin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram (2000-2006-cı illər)” və onun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış xüsusi Dövlət Komissiyanının fəaliyyəti müstəsna əhəmiyyət kəsb edib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət proqramları icra edilmiş və hazırda 2019-2024-cü illəri əhatə edən proqramının icrası uğurla həyata keçirilir.
Nəsimi rayonunda fəaliyyət göstərən “Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə” və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyalar öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı rəhbər tutaraq rayonda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətini daha da gücləndirmişdir.
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası tərəfindən daim “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” üzrə rayon komissiyası və Rayon Polis İdarəsi ilə birgə yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili və narkotiklərə meyilli şəxslər barəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir.
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, rayon Polis İdarəsinin, rayon Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin, Respublika QİÇS-lə mübarizə mərkəzinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin və dini icmaların nümayəndələrinin və rayonun tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin, həmçinin ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə 2022-ci il ərzində 1,8,14,19,46,151,159,247 saylı tam orta məktəblərdə və ali təhsil müəssisələrində metodiki vəsaitlər paylanılaraq müxtəlif maarifləndirici tədbirlər keçirilib.
Bütün keçirilən tədbirlərdə iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
26 iyun – Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ərəfəsində rayonda fəaliyyət göstərən 42 və 54 saylı tam orta məktəblərdə, Bakı İstanbul Liseyində “Narkomaniya və zərərli vərdişlərə yox deyirik” mövzusunda keçirilən tədbirlərdə məktəblilərə narkotiklərin insan orqanizminə zərərli təsirləri barədə ətraflı məlumat verilmiş, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, pedaqoji işçilərin, valideynlərin, ictimaiyyət nümayəndələrinin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.
Yetkinlik yaşına çatmayanların və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rayon ərazisində “Bizim həyət” və “Abad həyət” layihələri çərçivəsində aparılan abadlıq, quruculuq işləri zamanı məhəllə və həyətlərdə müxtəlif idman qurğuları və uşaq oyun elementləri quraşdırılır, futbol,voleybol və basketbol meydançaları salınır.
Komissiya Nəsimi rayon Gənclər və İdman İdarəsi ilə birgə 2022-ci il ərzində gənclər arasında sağlam həyat tərzinin təbliği və onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər keçirmişdir. Bu tədbirlər sırasında intellektual yarışlar, debat turnirləri, idman yarışları mühüm yer tutur.
Sağlam nəsilin formalaşması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərə baxmayaraq, hələ də yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Unutmamalıyıq ki, narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır. Odur ki, narkomaniyaya qarşı bütün cəmiyyət səfərbər olmalıdır.
Nəsimi Rayon İcra Hakimiyyətinin Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsi