Təhsil 

Təhsilin inkişafına dəyərli töhfə

Müəllimlərin maaş artımı ilə bağlı Sərəncam təhsilin keyfiyyətini artıracaq və bu sahədə sağlam rəqabəti daha da gücləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyev müəllimlərin əməkhaqqlarının artırılması barədə Sərəncam imzalayıb. Sərəncamla 2023-cü il fevralın 1-dən etibarən müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb. Müəllimlər bunu təhsil sahəsində müsbət dəyişiklikləri dəstəkləyən sənəd kimi dəyərləndirirlər.

Müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı təkliflər bu ayın 5-dək hökumətə təqdim olunmuşdu. Öncədən qeyd olunduğu kimi, Sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq maaş artımları fevralın 1-dən hesablanacaq. Ekspertlər dövlət başçısının bu qərarını müəllimlərin güzəranının yaxşılaşdırılması və aralarında sağlam rəqabətin gücləndirilməsi baxımından əhəmiyyətli hesab edirlər. Maaşların artırılması, əlavə güzəştlərin tətbiqi və s müəllimlərin öz peşəsini sevməsinə, həvəslənməsinə səbəb olur.

Bəs müəllimlərin əməkhaqqı artımı kimlərə şamil olunacaq?

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər, həmin müəssisələrin direktor və direktor müavinləri,  gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqqlarında artım olacaq. Eləcə də dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrdə gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, həmçinin idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları artacaq.

Son illərdə həyata keçirilən islahatlar nəticəsində ölkə müəllimlərinin maaşlarında kifayət qədər artım müşahidə olunur. Əməkhaqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Amma artım zamanı qiymətləndirmədən keçən müəllimlər arasında fərq qoyulmayacaq, artım bütün müəllimlərin əməkhaqlarına eyni səviyyədə təsir göstərəcək. Təhsil işçilərinin maaşının artırılması bu sektora dövlət qayğısının əyani təzahürüdür. Təbii ki, müəllim adı daim uca tutulmalıdır. Müəllimin nüfuzunun artırılması təhsillə bağlı müvafiq strategiyada da öz əksini tapıb. Sözsüz ki, bu artım müəllimlərin sosial, mədəni həyatına öz təsirini göstərəcək.

Hazırda respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişiklikləri aparılır, bir çox Dövlət proqramları və layihələr həyata keçirilir. Son dövrlərdə təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün regionlarında müasir məktəb binaları inşa edilir, yeni korpuslar tikilir, məktəblərimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır. Ümumiyyətlə, məktəb tikintisi son illər ərzində ölkədə prioritet olaraq qalmaqdadır. Yeni ümumtəhsil məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı nəticəsində, ümumilikdə, ölkə üzrə indiyədək 1 milyondan çox şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılmışdır. Məktəblərin maddi-texniki bazasının bütövlükdə müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tədris laboratoriyaları, kitabxana və idman infrastrukturu ilə təmin olunması istiqamətində də ciddi addımlar atılmışdır.

Dövlətimizin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Bu baxımdan Fondun təhsil sahəsində gördüyü işlər çərçivəsində reallaşdırılan “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı müstəsna əhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə 4472 orta məktəb binası var və onların 3 mindən çoxu təmir olunub.

Müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.

Daha çox xəbərlər