“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbirlər keçirib – FOTO
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində “Ana harayı” abidəsinə ziyarət, “Xocalıda ruhum qalıb” sərgisinə ekskursiya təşkil olunub və “Xocalı yaddaşı” adlı anım tədbiri keçirilib.
Dəhşətli soyqırımın 31-ci ildönümü ilə əlaqədar təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri, üzv və könüllü gənclər anım yürüşündə iştirak ediblər. Gənclər Xocalıda amansızcasına qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinə ziyarət edərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib, abidənin önünə gül dəstələri qoyublar.
Keçirilən silsilə tədbirlər çərçivəsində gənclərin Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımına həsr olunmuş “Xocalıda ruhum qalıb” sərgisinə ekskursiyası təşkil olunub. Gənclər bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olan qanlı Xocalı soyqırımının ağrılarını, dəhşət dolu gerçəkliklərini nümayiş etdirən Azərbaycan rəssam və heykəltaraşlarının əsərlərindən ibarət sərgini ziyarət edib, Xocalıya həsr olunmuş əsərlər ilə yaxından tanış olublar.
Təşkilat tərəfindən Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Texniki Universitetinin, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin və Milli Kino Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı yaddaşı” adlı anım tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü Orduxan Qəhrəmanzadə, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, Xocalı şahidi Valeh Hüseynov, Xocalı şəhidi Rövşən Əliyevin bacısı Fəranə Əliyeva, Vətən Müharibəsi qazisi Azay Tağızadə və Millo Kino Mərkəzinin rəhbəri Kəmalə Musazadə çıxış ediblər. Natiqlər 1992-ci ilin qanlı gecəsində erməni silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımından bəhs edib, bu soyqırımın bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri, misli görülməmiş qırğın olduğunu vurğulayıb, hadisə şahidləri dəhşətli gecə haqqında geniş məlumat veriblər.
Həmçinin çıxış edənlər bildiriblər ki, Azərbaycan tarixinə qara hərflərlə əbədi olaraq həkk olunan Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev verib. Belə ki, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Qürurla vurğulanıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində tarixi ədaləti bərpa etdi, düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı. Bu gün xalqımız XX əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini alnıaçıq, qalib ölkə, zəfər qazanmış xalq kimi ziyarət edir.
Tədbirin yekununda Milli Kino Mərkəzi tərəfindən Xocalı şəhidi Rövşən Əliyevin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub, universitet tələbələrinin Xocalı soyqırımını əks etdirən rəsmlərindən ibarət sərgisi ziyarət edilib.
Qeyd edək ki, həyata keçirilən tədbirlər xüsusi qəddarlıqla törədilən Xocalı soyqırımının yaddaşlarda yaşamasına, xüsusilə gənc nəsil tərəfindən unudulmamasına və beynəlxalq müstəvidə tanıdılmasında gənclərin rolunun artırılmasına yönəlmişdir.

