Cəmiyyət 

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib – YENİLƏNİB

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırıldı. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın dövlət bayraqları endirildi.

Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, onun önünə əklillər qoyub, qərənfillər düzüblər. COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri nəzərə alınmaqla respublikamızın şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, aksiyalar, yürüşlər, fləşmoblar, mədəniyyət tədbirləri keçirilib.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. Şuşa və Ağdam məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

10:03

Bu gün Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

ARANTV.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da ölkə ərazisindəki avtomobil yollarında nəqliyyatın hərəkəti dayandırılacaq.

Qeyd edək ki, bu gün – fevralın 26-da Xocalı soyqırımının 31-ci ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Daha çox xəbərlər