Qəhrəman Vətən sevdalısı
Səfəralı Qurban oğlu Məmmədov. İndi bu ad Masallıda kiçikdən tutmuş böyüyə kimi, hamının dilində qəhrəmanlıq simvoluna dönüb. 29 yaşında Vətən yolunda canından keçən S. Məmmədov 1963-cü ilin oktyabr ayının 16-da rayonunun Sərçuvar kəndində dünyaya göz açıb. Doğma kənddə orta məktəbi əla qiymətlərlə başa vuran elin sevimli oğlu 1981-ci il hərbi xidmətə çağırılıb.
İki il Minsk şəhərində qulluq etdikdən sonra ordudan tərxis olunur və Krasnodar şəhərinə gedir. Burada həmyerlilərinin köməyi sayəsində Daxili İşlər Orqanlarında işə düzəlir. O, müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır. Az müddətdə xüsusi bacarığı, insanlara qarşı səmimi davranışı, peşəsinə sədaqəti ona ad-san qazandırır. Nəticədə xidmətinin ilk ilində iki dəfə mükafat alır.
1988-ci ildə S. Məmmədovun səmərəli xidmətini nəzərə alaraq onu Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsində təhsil almağa göndərirlər. Məktəbi müvəffəqiyyətlə bitirib leytenant rütbəsi alır. Bundan sonra xidmətini davam etdirmək üçün qeyrətini, şərəfini hər yerdə yüksək tutduğu, adına can dediyi doğma Azərbaycana qayıdır.
S. Məmmədova Bakı Aeroportunda işləməyi təklif edirlər. O, inadla Qarabağın ən qaynar nöqtələrinə getməyi bildirir . Arzusu yerinə yetirilir və Ağdam RDİŞ-də post-patrul xidmətində tağım komandiri kimi ilk gündən döyüş meydanına atılır. Keçirdiyi əməliyyatlar bir qayda olaraq hər dəfə uğurlu alınır. Bir də sarışın olması, rus dilini səlis bilməsi onun təkbaşına ermənilərin arasına getməsinə şərait yaradırdı.
1992-ci ilin fevral ayının 16-da azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədir. Səfəralının başçılıq etdiyi dəstə hücuma keçib düşmənə sarsıdıcı zərbələr endirərək onun saysız dığasını, hərbi texnikasını məhv edir. Ağır döyüşdə Səfəralı da düşmən gülləsinə tuş gəlir. Qəhrəmancasına həlak olub Vətən yolunda əbədiyyət adlı dünyasına qovuşur. Doğma kəndi Sərçuvarda qeyrətini çəkdiyi torpaq halal sevgisini ona qaytarmaq üçün Səfəralını öz bağrına basır.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci tarixli 831 saylı Fərmanı əsasında Masallı elinin qartal balası ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Həm də göstərdiyi qəhrəmanlığı gələn nəsillərə örnək olsun deyə, Masallı şəhərindəki küçələrdən birini və təhsil aldığı Sərçuvar kənd orta məktəbi onun adına verilir.
Vətənin qəhrəman oğlu yaşasaydı ömrünün 60-cı ilini yola salardı. İndi 31 ildir cismən aramızdan gedib. Qaldı ki, o, mənən hər bir azərbaycanlının ürəyində yaşayır, qərinələr keçdikcə də belə olacaq. Masallı camaatı isə həmişə öz igid oğlunu böyük ehtiramla xatırlayır, onun yatdığı torpağı müqəddəs and yeri bilir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

