Böyük Qayıdışın ilk qədəmləri

Böyük Qayıdışın ilk qədəmləri

İndiyədək 66 ailə – 326 nəfər ən müasir infrastrukturla təchiz olunmuş Ağalı kəndinə köçürülüb

Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki yurd yerlərinə qayıtmasına imkan yaratdı. Ötən ilin ən əhəmiyyətli hadisələrindən biri məhz işğaldan azad olunmuş torpaqlarımıza köçün baş tutması oldu. Bu mənada Zəngilan rayonunun “ağıllı kənd”i “Ağalı”ya köç Böyük Qayıdışın ilk addımı hesab olunur. Artıq Ağalının bir qrup sakini öz doğma torpağındadır və bu proses uğurla davam edir. Belə ki, fevralın 28-də Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınıb. Daha 10 ailə – 50 nəfər daimi məskunlaşmaq üçün Ağalıya yola düşüb. Ümumilikdə isə, indiyədək 66 ailə – 326 nəfərin ən müasir infrastrukturla təchiz edilmiş kəndə köçürülməsi təmin edilib.

Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər).

Onu da vurğulayaq ki, Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapan vəzifələrin ardıcıl olaraq yerinə yetirilməsi bu istiqamətdə qarşıda duran hədəflərə çatmağa imkan verir. Böyük Qayıdış Proqramı çərçivəsində görüləcək işlər həmin ərazilərdə iqtisadi fəallığın təmin olunması və ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, sosialyönümlü iqtisadiyyatın inkişafına, o cümlədən məşğulluğun artmasına, əhalinin rifahının yüksəlməsinə əlavə təkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası da Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəni quruculuq tədbirləri də istər Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə və intibahına, istərsə də milli yaddaşımızın bərpasına, Azərbaycanın zəngin tarixi ənənələrinin və milli-mənəvi dəyərlərimizin dünyaya təqdim olunmasına müstəsna töhfədir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2022-2026-cı illər üçün qarşıya qoyulan hədəflərə çatmaq məqsədilə 6 prioritet istiqamət müəyyənləşdirilib. Bu Dövlət Proqramına uyğun olaraq görülən işlər əsasən “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyası əsasında həyata keçiriləcək. Sözügedən Dövlət Proqramı üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən (8 şəhər, 8 qəsəbə və 84 kənd) 7 şəhər və 36 qəsəbə və kənd olmaqla – ümumilikdə 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanmaqdadır. Həmin kəndlərdən üçünün – Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin Prezident İlham Əliyev tərəfindən 2022-ci il oktyabrın 4-də təməli qoyulub. Qalan 57 yaşayış məntəqəsi üzrə isə 2023-cü ildə 38 yaşayış məntəqəsinin, o cümlədən Laçın şəhərinin, eləcə də 37 qəsəbə və kəndin, 2024-cü ildə isə 19 yaşayış məntəqəsinin layihələndirilməsi, ikinci mərhələdə bərpası nəzərdə tutulan yaşayış məntəqələrindən isə 37 ədədinin 2025-2026-cı illərdə layihələndirilməsi planlaşdırılır. Ümumilikdə Dövlət Proqramında 2022-2026-cı illər ərzində yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi və 34 min 500 ailənin doğma torpaqlarına köçməsi nəzərdə tutulur.

Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi. Bu gün iftixarla qeyd edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir. Azərbaycan tarixi Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirir. Bu, istər ölkədə, istərsə də regional miqyasda keyfiyyətcə yeni mərhələnin başlanğıcı və yeni perspektivlər deməkdir.