Cəmiyyət 

ARİFƏ ATAKİŞİYEVA:”BALAMIN TABUTU AÇILDIĞI AN 19 YAŞLI ÖVLADIMI 40 YAŞINDA GÖRDÜM SANKİ…”

Vətən, yolunda tökülən qanlar uğruna Vətən olur.Əzilib,amma əyilmədiyi zaman Vətən olur.Bu gün hər kəs Vətən uğrunda can verən oğullara borcludur.Hansıki, o oğullar xalqına sinələrin sipər etdilər.İgidcəsinə vuruşdular,ah demədilər,yalnız bir söz dedilər “VƏTƏN SAĞ OLSUN!”.

Nə xoşbəxt bizə ki,cəsarətin rəmzinə çevrilmiş oğulların diyarında yaşayırıq.Könül dəftərimizdə elə bir söz yoxdur ki ,onların qaməti qarşısında aciz qalmasın.

Şəhid ,qardaş?

Sən ,yaşayırsan,səni bizlər yaşadırıq,yaşadacayıq.Adın dildən-dilə,kitabdan-kitaba,nəsildən-nəsilə ötəcək.Sən ,bizim köksümüzdə çarpan ürəksən.Adına Vətən demişəm.

 

Rahat yat, məzarda, şəhid qardaşım!
Qisasın alındı xain düşməndən.
Hər bir kəs əyərək önündə başın,
Qürurla danışır, igidim, səndən!

 

 

 

“Aran Media Group” un rəhbərliyi və “Şəhid,qazi ailələrinin övladlarına könüllü dərs keçən müəllim heyəti” nin dəstəyi ilə 23.02.2023 tarixində şəhidimiz Rüstəm Atakişiyev Zahid oğlunun ailəsi ilə görüş təşkil edildi.

 

Görüşdə şəhidin ailə üzvləri-anası Arifə Atakişiyeva,bacısı Həzin Məmmədova,müəllimi Lələyev Əlvan, sinif yoldaşı Ləman Salehova   ,”Şəhid,qazi ailələrinin övladlarına dərs keçən müəllim heyəti” nin rəhbəri Gülran Abbasəliyeva və müəllim heyəti,şəhid,qazi ailələri və məktəblilər iştirak etmişdilər.

 

Tədbirdə ilk olaraq,şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükut ilə  yad edildi,daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

 

Tədbirin açıq elan edilməsinin ardından söz şəhidin bacısı Həzin Məmmədova verildi.

Həzin Məmmədova:”İnanın sözə hardan başlayacağımı bilmirəm,onunla qürur duyuram.Mənə ən çox o təsir edir ki,çox  çətinliklə böyüyüm qardaşım.Məndən yeddi yaş kiçik idi,amma bütün işləri Rüstəm edərdi.Bizə qonaq gələrkən cibində olan son pulunu belə mənə verərdi ki,uşaqların  nəyə ehtiyacı olsa,alarsan.Tək istəyim qardaşımı bütün xalqa tanıtmaqdır,onun igidliyindən,cəsurluğundan danışmaqdır.Cavanlığını görmədim qardaşımın , .Uşaq vaxtından işlədi,əziyyət çəkdi.Gücüm yetdiyi qədər qardaşımı tanıtmağı özümə borc bilirəm”.

 

Həzin Məmmədovanın  ardından söz şəhidimizin anası Arifə Atakişiyevaya verildi.

Arifə Atakişiyeva:”Ürəyiaçıq ,mərifətli,utancaqbalam idi.Onunla bir yola çıxanda qoluna girərdim.Balama doymadım.Hər zaman Xüsusi Təyinatlı Qüvvələrə həsəd aparardı,qismət olmadı o formanı geyinmək.

Cəlilabadda olduğu zaman yanına getdim,oğlumu tanımadım.

Xəbərini eşidəndə elə bildim ki, yaralanıb,sonra tabutu gəldi.Tabut açıldığı an 19 yaşlı övladımı sanki 40 yaşında gördüm.Elə bilirəm ki,haralardansa çıxıb gələcək yanıma”.

Daha sonra  sözə şəhidimizin sinif yoldaşı Ləman Salehova davam etdi.

Ləman Salehova:”Rüstəmlə 6 illik sinif yoldaşı olmuşam.Çox tərbiyəli şagird idi.Hər zaman seçilən olmuşdur.Məkanı nur ilə dolsun”.

 

Şəhidin təhsil aldığı məktəbin müəllimi Lələyev Əlvan Rüstəm Atakişiyevlə bağlı hislərini  görüş iştirakçılarının diqqətinə çatdırdı.

 

Lələyev Əlvan:”Rüstəmlə bağlı o qədər danışa bilərəm ki,onu tanıdığıma sevinərəm, bir o qədərdə kövrəlirəm.Həzinin dediyi kimi  çox əzab-əziyyətlə böyüyüm.Mən onlara bir müəllimdən izafə bir dost idim.Son zəngləri zamanı şəkillər çəkdirmişdik.Bir gün mənə desələr  inanmazdım ki,dərs dediyin körpəcə uşaq şəhid olub .Çox özəl idi çox…”

 

 

Tədbirin ikinci yarısında məktəblilərin  şəhidlər haqqında şeirlərini səsləndirmələri kövrək hallara səbəb oldu.

 

Rüstəm Atakişiyev 2000-ci il dekabrın 24-də Qəbələ rayonunun Tüntül kəndində ailədə anadan olub Atası — Zahid Atakişiyev fəhlə, anası — Arifə Atakişiyeva isə xadimə olub. Ailədə 2 bacısı olub. Kasıb ailə olduqlarından Rüstəm Atakişiyev gənc yaşlarından çalışmağa başlayıb. Hərbi təhsil alaraq ,snayperçi olmağı arzulasa da, ali təhsil ala bilməyib. 2007-2018-ci illərdə M. Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

 

Rüstəm Atakişiyev 2019-cu ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Hərbi xidmətinin birinci aylarında digər əsgərlərdən fərqləndiyinə görə hərbi hissə rəhbərliyinin qərarına əsasən, xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə snapyer manqasının baş snayperçisi olaraq davam etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Rüstəm Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Füzuli döyüşləri zamanı yaralansa da, savaşmağa davam etmişdir. Döyüşlər zamanı Ermənistan Ordusunun 10-dan çox hərbçisini məhv etmişdir. Rüstəm Atakişiyev oktyabrın 21-də Şuşa rayonu istiqamətində şəhid olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına, əsasən, Rüstəm Atakişiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına, əsasən, Rüstəm Atakişiyev ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına, əsasən, Rüstəm Atakişiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamı ilə Rüstəm Atakişiyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

 

 

 

Layihə:”Aran Media Group”un direktoru

Şeyda Əzizqızı

Moderator:

Nərmin Quliyeva

 

Daha çox xəbərlər