Ermənilərin su terroru: Qazanan kimdir, itirən kim?..
1970-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə tikilən və istifadəyə verilən Tərtərçay Su Anbarı ətraf altı rayonun təsərrüfatlarını suvarma suyu ilə təmin edirdi. Lakin 1992-ci ildə Ermənistan ordusu bu yerləri işğal edəndən sonra həmin təsərrüfatlar susuz qaldı, rayonların iqtisadiyyatına yüz milyonlarla manatlıq ziyan vuruldu. Bağlar, əkinlər-taxıl, pambıq, yem bitkiləri, örüşlər yanıb külə döndülər. Ermənilər yazda, yayda çayın suyunu öz təsərrüfatlarına yönəldirdilər. Onlar Tərtər SES-dən aldıqları elektik enerjisindən öz yaşayış məntəqələrində gen-bol istifadə edirdilər. Artıq 2020-ci ilin noyabr ayında “bildirçinin bəyliyinə” son qoyuldu.
“Yuxarı Qarabağı Ermənistandan təmin edən yeganə elektrik xəttinin sıradan çıxması səbəbindən yanvarın 9-dan Qarabağdakı hayklar yalnız yerli istehsal olunan elektrik enerjisindən istifadə edirlər.”
Bu xəbəri Xankəndidə qanunsuz fəaliyyət göstərən “ictimai televiziya” yayıb. İşğal altındakı Sərsəng su anbarı üzərində qurulmuş ermənilərin “Sarsanq” adlandırdıqları su elektrik stansiyası elektrik enerjisinin böyük hissəsini təmin edir və şəbəkə üçün şərait yaradır ki, kiçik su elektrik stansiyaları da işləyə və elektrik istehsal edə bilsin. Məlumata görə, Sərsəng su anbarında suyun səviyyəsi görünməmiş şəkildə -20 metrdən çox azalıb. Mövcud vəziyyətdə elektrik stansiyası rejimin enerji böhranına düşməməsi üçün tam istehsal gücündən istifadə edir.
Sərsəng üzərindəki SES-in qondarma baş mühəndisi Qriqor Qriqoryan bildirib ki, bu il çoxlu su yığılıb. “Lakin heç kim ağlına da gətirmirdi ki, Ermənistan elektrik şəbəkəsindən ayrılma ola bilər. Bu gün 47-ci gündür ki, biz həmin şəbəkəsiz işləyirik, bu, çox çətin rejimdir, biz çox məşğuluq”, – Q.Qriqoryan bildirib.
Separatçı-terrorçu rejimin qanunsuz “su komitəsinin” sədri Georgi Ayriyanın sözlərinə görə, Gorus-Xankəndi elektrik xəttinin fasiləsiz fəaliyyəti bərpa olunmasa, yayda Sərsəngdən suyun axıdılması imkanı olmayacaq. Su anbarının doldurulması üçün bir neçə il lazım olacaq. Erməni mütəxəssis iddia edib ki, yaranmış vəziyyət Azərbaycanın digər əraziləri üçün də problem yaradacaq. “Son iki ildə Sərsəng sularından kənd təsərrüfatı ehtiyacları üçün istifadə edən Azərbaycan əhalisinin 2023-cü ildən belə imkanı olmayacaq”.
Xatırladaq ki, 2022-ci il avqustun 23-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri yerli erməni mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçiriblər. Məqsəd Sərsəng su anbarında texniki monitorinqin aparılması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq idi. Görüşdə əsasən iki məsələ – su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası müzakirə olunub. Təəssüf ki, bundan sonra əməkdaşlıq davam etməyib. Cinayətkar rusiyalı milyarder Ruben Vardanyan Xankəndidə peyda olduqdan sonra bərpa olunmağa başlamış əlaqələr tamamilə kəsilib. Halbuki hər iki tərəf fikir mübadiləsi aparmaq üçün vaxtaşırı görüşlər keçirilməsi barədə razılığa gəlmişdilər.
Onu da qeyd edək ki, Azərbaycanın Tərtər və ətraf rayonlarının bir hissəsinin əkinləri 2020-ci ildə 44 günlük savaş zamanı azad edilmiş Suqovuşan su anbarı vasitəsilə suvarılır. Həmin anbara su Sərsəng dəryaçasından keçməklə daxil olur. Çox güman ki, suyun azalması müvəqqəti xarakter daşıyır. Yaz gəlir, havalar isindikcə dağlarda qarlar əriyir və çaylara tökülür. Yəni, yaz gələndə Sərsəng dəryaçasında su bolluğu yaranacaq. Bu isə o deməkdir ki, bağlarda meyvələrimiz, əkin sahələrində məhsullarımız bol olacaq, iqtisadiyyatımız bir qədər də yüksələcək.

