Cəmiyyət 

Tikinti bazarında qiymət xaosu: işbazların fəndləri, yoxsa… – reportaj

Eyyub Kərimli: “Rəqabətliliyin artırılması vacibdir, tikinti materiallarının təchizatçılarına eyni şərait yaranmalıdır ki…”

Ölkədə tikinti materialları bahalaşmağa başlayıb. Xüsusən armatur, taxta və taxta tərkibli materiallar son 1 həftədə 10-15 faiz bahalaşıb. Bahalaşma bir yana, əksər satış mərkəzləri əllərində olan taxta və armaturu  satışdan yığışdırıblar. Səbəbi də belə “izah” edilir ki, yaxın günlərdə yeni partiya mallar xaricdən daha baha qiymətə gələcək, köhnə qiymətlə aldıqlarını da onunla bərabər satacaqlar. Buna səbəb kimi isə Türkiyədə fevralın 6-da baş verən zəlzələdən sonra tikinti materiallarına tələbatın artması göstərilir.

Məsələnin aktuallığını nəzərə alaraq tikinti materialı satışını həyata keçirən bir neçə obyektdə olduq və mövcud vəziyyəti öyrənməyə çalışdıq. İlk olaraq Nizami rayonunda fəaliyyət göstərən “Tikinti materialı” dükanındakı qiymətlərlə maraqlandıq. Satıcı bizimlə söhbətdə bildirdi ki, ev tikintisi üçün lazım olan əsas materiallar hazırda mağazada yoxdur: “Armatur, taxta bizdə yoxdur. Amma misal üçün, sementin qiyməti 7 manat 50 qəpikdir. Qırmızı kərpicin (kərpic səkkizlik) bir ədədi 25 qəpik, 20 kiloqramlıq qumun bir kisəsi isə 80 qəpikdir”. Satıcı onu da əlavə etdi ki, hazırda qiymətlərdə o qədər də fərq yoxdur: “Onsuz da qiymətlər üç ay əvvəl qalxmışdı, sonradan durğunluq yarandı. Biz də eşitmişik ki, qiymətlər qalxacaq. Onsuz da alıcı sayı da azdır, bundan sonra necə olacaq bilmirik”.

Buradan çıxıb, tikinti materiallarının daha çox satıldığı “Bakıxanov bazarı”na yollandıq. Bazarda satıcı bizimlə söhbətdə qeyd etdi ki, burada hər cür tikinti materialı var: “Bizdə demək olar ki, əksər materiallar var, sadəcə, alıcılar qəhətə çəkilib. Qiymətlər hər gün artdıqca biz də alıcıları itiririk”. Satıcıdan materialların qiymətini öyrənirik. Beləliklə, bir 12-lik armatur 1 manat, 14-lük armatur bir manat 30 qəpik, 16-lıq armaturun 1 ədədi 1 manat 70 qəpiyə, 18-lik armatur isə 2 manat 70 qəpikdir. Ümumilikdə isə armaturların qiyməti  təxminən 10 faiz artıb.

“Türkiyədə baş verən zəlzələ ilə bağlı dünyada tikinti materiallarına tələbat çoxalıb”

Qırmızı kərpiclər 25 qəpik, bir kisə sement 7 man 50 qəpikdir. Taxtanın kubu 330-340 manat arasında arası dəyişir. Taxtanın qiymətində də ümumi 10-15 faiz artım olub. İran kərpicinin bir qutusu 4 manatdır. “Şpaklyovka”nın bir kisəsi 5 manat 70 qəpikdən başlayır, 10 manatadək dəyişir. Torpağın bir kubu 25 manat, atsek, yəni çınqılın bir kubu 30 manatdır. Şiferin qiyməti isə 10-11 manat arası dəyişir.

Satıcı onu da qeyd etdi ki, bir ildir bahalaşama prosesi gedir: “Türkiyədəki zəlzələdən sonra böyük fərq olmasa da, ümumilikdə  qiymətlər hər gün qalxır, stabillik yoxdur”.

Uzun illər bu işlə məşğul olan satıcı onu da əlavə edib ki, bəzi tikinti şirkətləri Türkiyədəki kimi ev tikintisində yanlışlıqlara yol verirlər: “Bəzən bizdən məsləhət alırlar, ən yaxşı materialları təklif edirik, bunlarsa keyfiyyətsiz materiallardan alır, ev tikintisində istifadə edirlər. Əlbəttə, bu da onu deməyə əsas verir ki, bizdə də Türkiyədə olduğu kimi zəlzələ olarsa, dağıntılar danılmazdır”.

Ümumiyyətlə, illərdir tikinti materialları bazarının monopolistlərin əlində olduğu deyilir və bu səbəbdən rəqabət yarana bilmir. Süni qiymət artımının qarşısı necə alınmalıdır?

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

Eyyub Kərimli 

İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı dedi ki, ölkədə tikinti materiallarının qiymətinə bir neçə amil təsir edir: “Bilirsiniz ki, Rusiya ilə Ukrayna arasında gedən müharibənin uzanması, həmçinin Rusiyada bu məhsulların qiymətinin artırılması və ixrac rüsumlarının tətbiq edilməsi də bu məhsulların qiymətinə mənfi təsir göstərir. İkinci tərəfdən, bu gün Türkiyədə baş verən zəlzələ ilə bağlı dünyada bu materiallara tələbat da çoxalıb. Həm Türkiyəyə yeni tikinti materialları daşınır, həm Rusiyadan, həm də başqa ölkələrdən. Sözsüz ki, tələb artdıqca qiymətə təsir göstərir. Türkiyədəki zəlzələdən sonra bizdə həyət evlərinə də maraq artıb. Bu da tikintinin artması ilə nəticələnir. Bunlar hamısı tikinti materiallarının qiymətinin artmasına səbəb olur. Həmçinin bizdə tikinti materiallarının qiyməti bir neçə faktordan yaranır. Burada gömrük hesablamalarının, gömrük prosedurlarında problemlərin olması, orada müəyyən proseslərin baş verməsi də buna təsir göstərir. Üçüncü amil inhisarçılıq meylləridir. Bunun da qarşısını almaq üçün bizdə “Rəqabət Məcəlləsi”nin qəbul edilməsinə çox böyük ehtiyac var. Artıq 13 ildir müzakirə edilir, amma qəbul edilmir. Burada rəqabətliliyin artırılması vacibdir, tikinti materiallarının təchizatçılarına eyni şərait yaranmalıdır ki, ölkəyə bunların idxalı həyata keçirilsin. Həmçinin pərakəndə satışda da rəqabətlilik təmin olunmalıdır. Rəqabətlilik olan yerdə sözsüz ki, süni qiymət artımından heç bir söhbət gedə bilməz. O ki qaldı bəzilərinin əllərində material saxlayıb satmamalarına, bu bir az spesifik məsələdir. Bununla mübarizə aparmaq çətindir. Amma bununla bağlı müəyyən inzibati tədbirlərin həyata keçirilməsi ilə qarşısı alına bilər”.

Əmlak bazarında durğunluq: “Bu tarixdən evlərin qiyməti artacaq” –  Ekspertdən PROQNOZ – Yeni Çağ Media

Ramil Qasımzadə 

Daşınmaz əmlak eksperti Ramil Qasımzadə isə bildirib ki, Türkiyədən ölkəmizə gətirilən tikinti materiallarında hazırda bahalaşma qeydə alınmasa da, bu, gözləniləndir: “Növbəti aylarda ola bilsin ki, bahalaşma olsun. Çünki Türkiyədə də tikinti materiallarına tələbat zəlzələdən sonra çox artıb. Türkiyədən ölkəmizə əsasən santexnika, elektrik naqilləri və kauçuk tipli mallar gətirilir ki, bu malların da qiymətində hələ ki artım qeydə alınmayıb. Hər zaman belə olub ki, tikinti materialları bazarında bahalaşma mart ayından başlayır”.

Qeyd edək ki, ekspertlər bildirirlər ki, il yarım bundan əvvəl taxtanın 1 kubu 230, 240 manat idisə, hazırda əksər yerdə bu, 350 manatadır. Mismar, şrup, hətta yerli istehsalımız olan sement və qumun qiymətində də ciddi artımlar var. Bəzi tikinti materialları var ki, onların ərinməsində qazdan və elektrik enerjisindən istifadə olunur. Lakin ölkədə kommunal xərclər artığından bu materialların da qiyməti bahalaşıb.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
“Yeni Müsavat”

Daha çox xəbərlər