Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq
Dövlət başçısı İlham Əliyevin iki il əvvəl partiyanın VII qurultayında böyük əminliklə söylədiyi bu fikirlər keçilən yolun təhlili fonunda qarşıdakı hədəflərin təqdimatı oldu
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilən 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultaydan iki il ötür. Hər günü zəngin tarixinə uğur səhifəsi kimi yazan YAP-ın ötən iki ildə yeni Nizamnaməyə və Proqrama uyğun atdığı addımlar, həyata keçirdiyi tədbirlər bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Qurultayın keçirilməsini zəruri edən əsas amil tarixi Zəfərimizin yaratdığı reallıqlar, partiyanın Proqramında əksini tapan hədəflərin hər birinə yüksək səviyyədə nail olması idi. Ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri ərazi bütövlüyümüzün təmin olunması, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması, soydaşlarımızın öz doğma-yurd yuvalarına qayıtmaları idi. Bu hədəf dahi şəxsiyyətin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Proqramında da öz əksini tapmışdır.
Partiyanın yaranma zərurətini nəzərə alsaq bu qeyd edilən hədəfə nail olmaq üçün vacib olan addımların aydın mənzərəsini təqdim edə bilərik. Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın VII qurultayında söylədiyi «Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş-1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın» fikirlərlə YAP-ın ölkəmizin həyatında rolunu bir daha təqdim etdi. Prezident İlham Əliyev bildirdi ki, yeni bir vəziyyət yaranıb. Bu vəziyyəti biz yaratmışıq. Azərbaycan reallıqları yaradan ölkədir. Bundan əvvəlki dövrlərdə də ölkəmizin təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji diplomatiyası dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində öz sözünü deyir. Regional çərçivədə qurulan əlaqələr beynəlxalq miqyas alıb. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın bu imkanlarını daha da genişləndirdi. Bu gün Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyini daha da möhkəmləndirir.
Qurultayda qəbul edilən önəmli qərarlardan biri də 6 siyasi partiyanın öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulması oldu. Bu mühüm addım ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin inkişafına xidmət edən mühüm addımlar sırasındadır. Atılan bu kimi addımlar Yeni Azərbaycan Partiyasının xalqın partiyası olduğunu bir daha təsdiqləyir. Sıralarında bütün təbəqədən olan insanları birləşdirən, onların arzu və istəklərini reallığa çevirən YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb. Partiya daim ölkəmizdə siyasi dialoq mühitinin daha da möhkəmlənməsinə səy göstərib. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçirilir və bu islahatlar nəticəsində ölkəmizin siyasi sistemində keyfiyyətcə yeni, konstruktiv dialoq və plüralist əməkdaşlıq mərhələsi başlandı. 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə 50-dən artıq siyasi partiyanın Prezident İlham Əliyevə dəstəyini birgə qəbul etdikləri bəyanatda ifadə etməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Bu, siyasi partiyalar arasında birliyin, həmrəyliyin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev daim bu çağırışı etdirdi ki, nə qədər siyasi partiya olur-olsun bir amal, məqsəd uğrunda mübarizə aparmalı və birlik nümayiş etdirməlidirlər. Bu, müstəqilliyimizin, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsidir. 50-dən artıq siyasi partiyanın Vətən müharibəsi zamanı atdığı addım Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev «Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, – əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan» fikirlərinin davamı olaraq bu reallığı da diqqətə çatdırdı ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur. Antimilli ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar.
Partiyanın VII qurultayında atılan bu mühüm addım belə bir qənaəti səsləndirməyə əsas verir ki, YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir.
Qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi, yeni Proqramın 3 ay müddətində hazırlanması ilə bağlı İdarə Heyətinə verilən tapşırıq hər bir partiya üzvünün vəzifələrini müəyyənləşdirir. Yeni tərkibin formalaşması, yeni qərarların qəbulu qarşıdakı dövrdə də bütün qüvvə və bacarıqların səfərbər olmasına çağırışlar etdi. 2021-ci ilin dekabrında «Biz birlikdə güclüyük!» devizi altında 5 fəsildən ibarət yeni Proqram təsdiqləndi. Təbii ki, əsas hədəflərdən biri Böyük Qayıdış proqramının uğurlu icrasına dəstək olmaqdır.
Ümumilikdə VII qurultay partiyanın gələcək fəaliyyətinin konturlarını müəyyənləşdirdi. Tarixi Zəfərimizin reallıqları fonunda yaşanan bu əlamətdar hadisə Yeni Azərbaycan Partiyasının ölkəmizin həyatında rolunun aydın ifadəsi oldu. Dünənin, bu günün və gələcəyin partiyası olan YAP fəaliyyətə başladığı gündən dövlətə, xalqa xidmət nümunəsini nümayiş etdirir. Ötən il partiya yaradılmasının 30 illiyini böyük qələbə ruhunda qeyd etdi. 30 illik şərəfli yolun təhlili dövlət başçısı, YAP Sədri İlham Əliyevin VII qurultayda ifadə etdiyi «Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq» əminliyinin təsdiqi oldu.

