Cəmiyyət 

Fars-molla rejimi riyakarlığı və ikiüzlülüyü ilə bütün dünyada tanınır

Bu gün tam qətiyyətlə demək olar ki, İran öz ənənəsinə sadiq qalaraq hələ də ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Təxminən 30 il müddətində Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla bütün istiqamətlərdə-siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirib, iki ölkə arasında birgə layihələr həyata keçirilib. İran rəhbərləri müntəzəm qaydada Ermənistanın R.Koçaryan və  S.Sarkisyan kimi əli Azərbaycan xalqının qanına batmış cəllad rəhbərlərinə qucaq açıb, İran-Ermənistan dostluğu və qardaşlığı haqqında birgə bəyanatlar veriblər.

Təxminən otuz illik işğal dövründə İran riyakarcasına həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İrəvanda, Şuşada məscidləri bərpa etməklə Ermənistanın “humanist” simasını qoruyub saxlamağa çalışıb. Həmin müddətdə İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər. Qırx dörd günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinı və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib.

Mollakratiya rejimi son zamanlar daha da güclənən anti-Azərbaycan təbliğatında bu ölkədə yaşayan ermənilərdən riyakarcasına istifadə edir.

Bu günlərdə İsfahan şəhərinin ermənilər yaşayan Yeni Culfa rayonundakı Vank kilsəsinin önündə Azərbaycanın guya Laçın yolunu bağlaması və Qarabağ ermənilərinin blokadaya düşməsi əleyhinə etiraz aksiyası keçirilməsi bunun əyani təsdiqidir. Tədbirin təşkilatçısı İsfahan və İranın cənubunda yaşayan ermənilərin yeparxiyası olub. Aksiyaya İsfahan erməniləri ilə yanaşı, yaxınlıqdakı Şahinşəhr şəhərində yaşayan ermənilər də qatılıb. İranın rəsmi agentliyi “İRNA” iddia edib ki, aksiyaya 1100 nəfər erməni qatılıb. Videokadrlardan açıq-aydın görünür ki, İran rejiminin siyasi maraqlarına xidmət edən aksiyaya çox sayda azyaşlı və məktəbli uşaqlar cəlb edilib. Uşaqlar əllərində Ermənistan və İran bayraqları, anti-Azərbaycan şüarların yazıldığı plakatlar tutublar. Bu azyaşlıların geyimlərinin üzərinə separatçıların rəmzlərinin nişanı da taxılıb.

Qərbi Zəngəzurun Qafan şəhərində konsulluq açan, Araz çayının cənub sahillərində təlim keçirərək rəsmi Bakıya əzələ göstərən və əlində olan bütün vasitələrlə Ermənistana dəstək verən İran ölkəmizdəki daxili sabitliyi pozmaq və konstitusiya quruluşunu dəyişmək üçün ən çirkin vasitələrə əl atıb. Bütün bunlar Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən, Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olmasını ardıcıl bəyan edən İranın riyakarlığının növbəti sübutudur.

Təbii ki, fars-molla rejiminin bu murdar davranışları onların azərbaycanlılara qarşı sərhədsiz kin bəslədiklərini bir daha sübut edir. Əldə edilən məlumatlara görə, ikiüzlülüyü, məkrliliyi və riyakarlığı ilə bütün dünyada yaxşı tanınan, xristian ermənilərə hərtərəfli canıyanlıq edərək “dost” dediyi müsəlman Azərbaycana qarşı işbirliyində olan Tehran rejimi bu günlərdə Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar verib. “Azad İran” teleqram kanalının məlumatında bildirilir ki, Tehran rejimi, həmçinin mərkəzin üzvlərinə qarşı təzyiqləri də artırıb. Bununla bağlı mərkəzin sosial media hesabında paylaşım edilib.  Belə ki, fevralın 27-də mərkəzin Təbrizdən olan iki üzvü, tələbə hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur həbs ediliblər. Bütün bunlara baxmayaraq cənublu soydaşlarımız sosial mediada “Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir”, – deyə paylaşımlar ediblər.

Bəli, İran yenə də köhnə şakərindən əl çəkmir. Ancaq ömrünün qürub çağını yaşayan xəstə fars-molla rejiminin “başbilənləri” anlamırlar ki, öz xalqına qarşı repressiv siyasət yürütməklə, terror, təhdid və şantajlar vasitəsi ilə nələrinsə qarşısını anlmaq mümkün deyil. İranın əmmaməli rəhbərləri unudurlar ki, onların ölkəmizə, eləcə də cənub Azərbaycandakı soydaşlarımıza qarşı yönəlik bütün cəhdləri iflasa uğrayacaqdır. Gün gələcək onlar bütün bunların hesabını verəcəklər. Dahi M.Ə. Sabir hələ ötən əsrin əvvəllərində bu barədə “Bura say” şerində yazırdı:

“Əhli-İranı uşaqdır deyə saldız beşiyə,
Ki, məbada ayılıb ağlıya, durduz keşiyə,
Taki açdı gözün iranlı, soxulduz deşiyə,
İş çətinləşdi, indi, yığdığını çək eşiyə!
Boş danışma, bura say asdırıb aldıqlarını!
Basıb aldıqlarını, basdırıb aldıqlarını!”

Daha çox xəbərlər