Qarabağda Azərbaycan qanunları işləyəcək
Azərbaycan Konstitusiyasına hörmətlə yanaşan, dövlətimizin suverenliyini tanıyan ölkəmizin erməni vətəndaşları bütün imtiyazlardan istifadə edəcəklər
Azad edilmiş ərazilərimizə insanların ləyaqətli şəkildə geri qayıtması, dayanıqlı məskunlaşmaya nail olunması üçün iş aparmaq, onlara maarifçilik istiqamətində müəyyən məlumatlar vermək, ümumiyyətlə, tarixi torpaqlarımıza geri dönmək üçün zəmin hazırlamaq bu gün dövlətimizin prioritet istiqamətlərindən biridir.
Dövlətimizin qanunlarına hörmət edən, onun suverenliyini tanıyan Azərbaycanın Qarabağdakı erməni vətəndaşları bütün imtiyazlardan istifadə edəcəklər. Bununla bağlı müraciət edən ermənilərə, həmçinin izah edilir ki, əgər Azərbaycan Konstitusiyasına hörmət edəcəksinizsə, dövlətimizin suverenliyini tanıyacaqsınızsa, onda Azərbaycan vətəndaşı olmaq imkanları və imtiyazlarından istifadə etmək mümkün olacaq. Yox, əgər etməyəcəksinizsə, onda bu ölkədə qanundan kənar yaşamaq mümkün deyil. Siz Azərbaycanda qalırsınızsa, bu ölkənin qanununu tanımalısınız, qayda-qanunlarına tabe olmalısınız. Ya da ki, xoşunuz gəlmirsə, çıxıb başqa yerlərə gedin.
Hazırda Qarabağ Dirçəliş Fondu Qarabağda müvafiq layihələrin həyata keçirilməsi, tarixi abidələrin, Azərbaycan xalqına məxsus dağıdılmış irsin bərpa edilməsi istiqamətində çox böyük işlər görür. Artıq bu Fond tərəfindən Şuşadakı tarixi abidələrlə bağlı məsələlər gündəmdədir. Fondun fəaliyyəti bundan sonra daha da müvəffəqiyyətlə davam edəcək və tezliklə biz öz torpaqlarımıza qayıdanda artıq bərpa işləri, orada həyata keçirilən quruculuq işləri ilə bərabər insanların məskunlaşması, onların problemlərinin həllinə yönəlmiş məsələlər də gündəmdə olacaq.
Təbii ki, Azərbaycanın təmsil olunduğu beynəlxalq təşkilatlarda erməni vandalizmi, erməni işğalı hər zaman gündəmdə olub. Məsələn, elə təkcə BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul olunmuş qətnamələrindən tutmuş AŞPA, ATƏT çərçivəsində, eyni zamanda, BMT-nin digər qurumlarında qəbul edilmiş sənədlərdə erməni vandalizmi hər zaman qınanılıb. Demək olar ki, 44 günlük müharibə zamanı da biz dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların əsasən obyektiv, bitərəf və Azərbaycanın ərazi bütövlüyünü tanıyan mövqeyini gördük. Yəni, ermənipərəst siyasətçilər və tutaq ki, Fransa kimi açıq-aşkar Ermənistanı dəstəkləyən bəzi ölkələr istisna olmaqla dünya ictimaiyyəti bu məsələdə mütərəqqi rol oynadı.
Erməni vandalizmi artıq dünyanın gözü önündədir. Hazırda elə təkcə Qarabağda dağıdılmış abidələrin vəziyyəti, insanların geriyə qayıda bilməməsi, tez-tez minaların partlaması nəticəsində həlak olan və xəsarət alan vətəndaşlarımızın aqibəti AŞPA və ATƏT-də hər zaman gündəmdədir. Dövlətimiz tərəfindən həmin beynəlxalq təşkilatlarda bu məsələlər mütəmadi qaldırılır, erməni vandalizmini dünyada ifşa etmək istiqamətində fəal işlər aparır.
Təbii ki, bəzi dövlətlərin, beynəlxalq təşkilatların və siyasətçilərin anti-Azərbaycan mövqeyi erməni lobbisinin əvvəlcədən bizim haqqımızda həmin dairələrdə formalaşdırdığı yanlış rəylə bağlıdır. Həmin ölkələr və onların siyasətçiləri də o tələyə düşərək anti-Azərbaycan mövqeyi tuturlar. Məsələn, Fransa əvvəllər ATƏT-in Minsk qrupunun həmsədri kimi özünü guya “bitərəf” aparırdı. Ancaq müharibə dövründə və savaşdan sonra Fransanın maskası yırtıldı və onun açıq-aşkar anti-Azərbaycan mövqeyi faş oldu. Bir sıra Avropa ölkələrində bəzi siyasətçilər anti-Azərbaycan mövqeyi tuturlar, ancaq onlar marginal qüvvələrdir. Amma Fransada konkret olaraq anti-Azərbaycan mövqeyi bütün dövlət qurumlarında – parlamentdə, Xarici İşlər Nazirliyində, Prezident komandasında var. Bu da şübhəsiz ki, onların uzun illər ərzində dünya erməniliyinə himayədarlıq etmələrindən qaynaqlanır. Vaxtilə beynəlxalq kriminal qruplar, dünya erməniliyi, onların havadarlarının bir növ əlində olan resurs – yəni, torpaqlarımızın qanunsuz istismarı, əlbir olmaqla həyata keçirdikləri qanunsuz fəaliyyət, narkotiklər, insan və orqan alveri, eləcə də digər məsələlər Qarabağda “çiçəklənirdi”. İndi bundan məhrum olublar və bu səbəbdən də təşvişə düşüblər. Ona görə də Fransanın məlum mövqeyi məhz bundan qaynaqlanır. Həm də əvvəlcədən onlar Ermənistanın işğalçı siyasətini dolayı yolla dəstəkləmişdilər. Yəni, ermənilərin tərəfini tutmuşdular. İndi də görəndə ki, onların etdiyi gedişlər əvvəlcədən səhv olub, hazırda bunu qəbul edə bilmirlər.
Ümumiyyətlə, ermənilərin yaşadıqları Azərbaycan əraziləri hüquqi və tarixi baxımdan respublikamızın ərazisidir. Orada yaşayan sakinlər də bunu bilməlidirlər və bilirlər. Qarabağ bütün dünya ictimaiyyəti və BMT tərəfindən Azərbaycanın hüdudları çərçivəsində tanınır. Tezliklə, orada Azərbaycan qanunları işləyəcək, dövlətimizin Konstitusiyası tətbiq olunacaq. Nə vaxt ki, həmin ərazilərdən rus sülhməramlıları qayıdıb öz ölkələrinə gedəcəklər, o zaman Azərbaycanın digər bölgələrində qanunlarımız, Konstitusiyamız necə tətbiq olunursa, Qarabağda da eyni prosedurlar yerinə yetiriləcək. Ona görə də Qarabağ Azərbaycanın başqa bir bölgəsindən xüsusilə fərqlənmir. Qarabağ İqtisadi Zonası var. Bu, o deməkdir ki, bura Azərbaycanın bir regionu kimi dövlətimizin qanunlarının işlədiyi bir bölgə olacaq. Yəni, Qarabağı Azərbaycanın başqa bölgələrindən ayırmaq düzgün deyil. Qarabağda olan ermənilərlə işə gəldikdə isə, bu, Azərbaycanın sırf daxili işidir. Yəni, dünyanın, heç bir üçüncü ölkənin bu məsələyə dəxli yoxdur ki, Azərbaycan öz daxilində vətəndaşlarına qanunlarını necə tətbiq edir.
Qarabağda yaşayan ermənilərlə iş, yəni onlar gələcək Azərbaycan vətəndaşları kimi nə cür qəbul olunacaq, necə reinteqrasiya olunacaqsa, bu, dövlətimizin sırf daxili işidir. Bunun başqa heç kimə dəxli yoxdur. Ermənistan və ona dəstək verən ölkələr özlərinin beynəlxalq tanınmış ərazilərində daxili işləri ilə məşğul olsunlar. Biz Qarabağda öz qanunlarımızı Azərbaycan Konstitusiyası çərçivəsində tətbiq edəcəyik.

