Azərbaycan – Türkiyə: Əsl qardaşlıq belə olar!
Günümüzün reallığı onu göstərir ki, tarixi köklərlə bağlı olan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daim davam edəcək. Bu gün dünyada Azərbaycan və Türkiyə dədər bir-birinə yaxın olan iki dövlət tapmaq mümkün deyil. İki ölkə və xalq daim xoş günlərin sevincini birlikdə bölüşüblər, çətinliklərdə isə həmişə bir-birinə arxa, dayaq durublar.
44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin dövlətimizə verdiyi siyasi-mənəvi dəstəyin hər birimiz şahidi olduq. 2020-ci ilin 10 dekabrında, Zəfər paradımızda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ali qonaq qismində iştirak etməsinin də öz böyük rəmzi mənası, qardaşlığımızın bütün dünyaya bir daha möhtəşəm bəyanı oldu.
Bu dostluq və qardaşlıq münasibətləri qədim tarixi köklərə bağlıdır. Məhz bütün bu tarixi köklərə bağlılıq fevralın 6-da Türkiyədə baş vermiş çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ xalqımızı çox məyus etdi. Qardaş Türkiyənin belə bir ağır günündə Azərbaycan xalqı da öz gücünü səfərbər edərək çətin durumda olan türk qardaşlarının harayına birinci səs verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq, xalqımızın bu faciədən son dərəcə sarsıldığımı və üzüntü içərisində olduğunu ifadə etməsi, daim türk qardaş və bacılarımızın yanında olacağımızı bildirməsi bütün azərbaycanlıların ürəyindən keçən hisslərin ifadəsi idi. Daha sonra dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi də dost və qardaş kimi ölkəmizin və xalqımızın hər zaman Türkiyə ilə çiyin-çiyinə addımladığının göstəricisi idi. Prezident İlham Əliyev, həmçinin Türkiyənin ölkəmizdəki səfirliyində olaraq, başsağlığını çatdırdı.
Dəhşətli faciənin fəsadlarının aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin və Birinci vitse – prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirildi və qardaş Türkiyə xalqına humanitar yardımlar göstərildi. Eyni zamanda, Azərbaycan xalqı da hamılıqla könüllü olaraq öz qardaşlarına yardım kampaniyasına qoşuldu. İlk gündən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması və fəlakət zonasında axtarış işlərində iştirak etmək üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti qardaş ölkəyə yola düşüb. Həmçinin Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun hərbi tibb personalı Türkiyəyə ezam olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Azərbaycanda qardaş Türkiyəyə yardım kampaniyasına elə ilk günlərdən Heydər Əliyev Fondu da qoşulub. Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Fondun “Regional İnkişaf” İctimai Birliyi Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib.
Azərbaycanın ən böyük şirkəti SOCAR, həmçinin digər dövlət qurumları da qardaş ölkəyə humanitar yardımın təşkilində fəallıq göstərirlər. Bu sahədə müəyyən təcrübəyə malik olan Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və “ASAN könüllüləri” yardım kampaniyasında fərqlənirlər .
Dərdə təslim olanda dərd insanı yenər. Məhz belə olmaması üçün insanlarımız dərdin üstünə yeridilər. “Birliyimizlə bu bəlanı da aşacağıq”, – dedilər. Nənələr “yükdən” yorğan-döşəklərini, analar qızlarına aldıqları cehizliklərini, atalar evdə “dar günü üçün” saxladıqları son manatlarını götürüb yardım məntəqələrinə tələsdilər. Körpələrimiz oyuncaqlarını türk həmyaşıdlarından əsirgəmədilər, gənclərimiz aldıqları təzə paltarlarını fəlakətdən zərərçəkənlərə göndərdilər. Məscidlərdə ehsanlar verilib, dualar oxundu. Kilsələrdə, sinaqoqlarda “zənglər” çalındı. Toy, nişan edəcək gənclərimiz xeyir işlərini təxirə saldılar. “Qardaşımın evində yas var ikən toy edə bilmərəm”, – dedi gənclərimiz. Xalqımız “el bir, dil bir” oldu. Azərbaycanın bütün rayonlarında xalq heç kimsədən tapşırıq almadan, təşəbbüs gözləmədən hərəkətə keçdi.
“Türkiyə – tək ürək” oldu, qəlbi yalnız zəlzələdən zərər çəkən milyonlarla insana dayaq-dəstək olmaq üçün atdı.
Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədilə keçirilən ortaq yayımda Cümhuriyyət tarixinin ən böyük yardım kampaniyası baş tutdu. Dünyanın hər yerindən iş adamları, sənətçilər, siyasətçilər, QHT rəsmiləri və sadə vətəndaşların qatıldığı “Türkiyə – tək ürək” kampaniyasına Azərbaycan vətəndaşları da fəal şəkildə dəstək verdilər. Xalqımız hər zaman olduğu kimi, bu mühüm məqamda da türkiyəli qardaşları ilə həmrəy olduğunu nümayiş etdirdi.
Türkiyəyə yardım üçün Azərbaycan heç zaman təklif gözləməyib
Hələ 1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələ , 2000-ci ilin əvvəllərindəki meşə yanğınları zamanı da qardaş xalqa ilk yardım əlini uzadan məhz Azərbaycan olub. Bir sözlə, Azərbaycanın qardaş Türkiyəyə dayaq durması təkcə yaxın tariximizdə deyil, uzaq keçmişimizdə də yaşanıb. O da təsadüfi deyildi ki, Çanaqqala savaşından sonra, XX əsrin əvvəllərində Türkiyənin ağır iqtisadi böhran yaşadığı bir zamanda Mustafa Kamal Paşa kömək üçün üzünü məhz Azərbaycana tutmuşdu… Türkiyə tarixinin ən çətin sınaqlardan keçdiyi həmin dönəmdə də Azərbaycan hər cür maddi yardımı ilə qardaşının imdadına yetişmişdi. Gətirdiyimiz bir neçə nümunədən də xalqlarımız arasındakı qardaşlığın hansı yüksək səviyyədə olduğu bariz şəkildə görürük. Azərbaycanın da ən çətin anlarında qardaş Türkiyə hər zaman yanımızda, bizimlə çiyin-çiyinə olub. Eləcə də Vətən müharibəsində qardaş ölkənin yaxından dəstəyini hiss etməyimiz bizə ruh, güc verib. Əminik ki, “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə qardaşlıq və həmrəyliyinin gücü ilə bütün çətinliklərdən qalib çıxacaq. Qardaş ölkəyə dəstək mənəvi borcumuzdur.
Qardaş Türkiyə Azərbaycan xalqının ürəkdən gələn ağrısını, dəstək üçün çabalarını yüksək qiymətləndirir. Azərbaycan xalqının hamılıqla zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından və göndərilən yardımlar barədə məlumatlı olduğunu deyən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyə Azərbaycanın yanında necə olmuşdursa, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi: “Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”

