Cəmiyyət 

Din pərdəsi altında şeytani əməllər…

Din pərdəsi altında şeytani əməllər…

İranın fars-molla rejimi çirkin oyunlarını dünyada, o cümlədən Azərbaycanda siyasətə alət etməyə necə cəhd göstərir?

Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratması, güclənməsi, faktiki olaraq Ermənistan üzərində tarixi Qələbəsi, müttəfiqlərinin güclü Türkiyə və Pakistan olması fars-molla rejimi tərəfindən idarə olunan İranı möhkəm qıcıqlandırır. Belə bir şəraitdə fars-molla rejimi Cənubi Qafqaza necə təsir edəcəyini bilmir. İşğalçı Ermənistana təsiri isə narkotrafikdən başqa bir şey deyil.

İran həm ideoloji, həm də terror olmaqla iki yalnış istiqamətdə fəaliyyət göstərir. Bu istiqamətlər üçün böyük pullar ayrılıb. İranın bütün dünyada terrora dəstək verdiyini beynəlxalq ictimaiyyət arasında bilməyən yoxdur. Təkcə Livandakı “Hizbullah” terror təşkilatının adını çəkmək yetər. Bu, çox böyük terror təşkilatı bu gün fars-molla rejiminin çirkin məqsədlərini icra edir. Təbii ki, İranın antiinsani fəaliyyətlə məşğul olan bu terror təşkilatının qanlı əməllərinə dini don geyindirmək cəhdi absurddan başqa bir şey deyil. Artıq bütün dünya bilir ki, bu terror təşkilatı dağıdıcı qüvvədir.

Bir qədər tarixi ekskurs etsək, görə bilərik ki, Yaxın Şərqdə fəaliyyət göstərən bütün terror təşkilatları bir sıra dövlətlərin, o cümlədən İranın xüsusi xidmət orqanları tərəfindən öz məqsədlərini həyata keçirmək üçün yaradılıb. 1982-ci ildə Livanda İranın dini mərkəzlərinin təşkilatçılığı ilə yaradılan, özlərini “Allahın ordusu” adlandıran “Hizbullah” bu gün təkcə fəaliyyət göstərdikləri Livanda yox, regionun dini coğrafiyası üzərində məlum dairələrin əlindəki əsas silah olaraq istifadə olunur. Lakin “Hizbullah”la eyni məqsədin daşıyıcıları olan bir sıra digər qruplaşmalar (Yəməndə husilər, Suriya və İraqda “Haşdi-Şabi”) da fəaliyyətdədir.

Bundan əlavə, regionumuzda da İranın “Hizbullah” modelinin tətbiqi ilə bağlı cəhdlər olub. Çox təəssüflər olsun ki, Azərbaycanda da bu cür məqsədlərin həyata keçirilməsi üçün bir sıra cəhdlər göstərilib. Xüsusilə də radikal dindar azərbaycanlılardan siyasi-dini ideologiya mərkəzlərinin, silahlı dəstələrin təşkili məqsədilə istifadə olunması əsas hədəf kimi seçilib.

Bu məqsədlə İran dövləti tərəfindən bu ölkənin Qum, Məşhəd kimi dini mərkəzlərində təhsil alan azərbaycanlılar “verbovka” (casusluq etmək üçün ələ almaq) edilir. Onlar Azərbaycana qayıtdıqdan sonra da İranın xüsusi xidmət orqanları ilə əlaqələri kəsilmir. Təsadüfi deyil ki, fars-molla rejiminin xüsusi xidmət orqanlarının toruna düşən Taleh Bağırzadə də məhz 2005-2010-cu illərdə Qum şəhərində dini təhsil alıb. Azərbaycanda İran terrorunun bariz nümunəsi olan “Hizbullah”ın yeni planının həyata keçirilməsinə cəhd və T.Bağırzadənin bu işdə rolu özünü ən qabarıq formada 2015-ci ildə Nardaran hadisələrində göstərdi. O dövrdə hüquq-mühafizə orqanlarının uğurlu və operativ fəaliyyəti nəticəsində “Hizbullah” modeli qurmaq üçün dövlətçiliyə təhdid yaratmağa çalışan Taleh Bağırzadənin başında durduğu radikal dindarlardan ibarət “Müsəlman Birliyi” adlı qondarma təşkilatın terrorçu mahiyyəti ifşa edildi.

Bu radikal qondarma təşkilatın fiaskosundan sonra xeyli müddət görünməsə də, qruplaşmanın niyyətlərindən əl çəkmədiyi son aylarda şahidi olduğumuz bir sıra təbliğat xarakterli addımlar fonunda yenidən hiss olunmağa başlandı. Son olaraq ötən ilin dekabrında T.Bağırzadənin aclıq aksiyasına başlaması adıçəkilən qrupların təbliğatına alət olanları yenidən gün üzünə çıxardı.

Bu insanların hansı məqsədlərə qulluq etdikləri isə T.Bağırzadəyə məxsus məşhur səs yazısında öz əksini tapmışdı: “Azərbaycanda İranda, Livanda və başqa yerlərdəki islamçılıq zəifdir. Ona görə milli kimlik məsələsindən istifadə etməliyik. Müxalifətlə münasibətlərə gəldikdə isə, onlara demişik ki, Ayətullah Xameneyi ağamızdır, “qırmızı xətt”imizdir, ona toxunmasınlar… Biz onlara deməmişik ki, demokratıq, filanıq, Qərbə meyilliyik. Əsla. Bunu bilirlər və şərtlərimizi qəbul ediblər. Mediaya çıxışımız zəif idi, bizə imkanlar yaradıblar. Tribuna veriblər ki, sözümüzü deyək. Nəyi pisdir?! İstifadə edin onlardan, yararlanın… Əslində onlar bizə yox, biz onlara lazımıq. Bundan da yararlanırıq və gələcəkdə də istifadə etməliyik. Azərbaycanda müsəlman dövləti qurmalıyıq, bölücülüyə son qoymalıyıq.”

Göründüyü kimi, T.Bağırzadənin əsas hədəfi Azərbaycan Konstitusiyasında əks olunmuş dünyəvi dövlət prinsipinə qarşı çıxmaqla, şəriət dövləti qurmaq olub və bu radikal dindarın da arxasında məhz İranın xüsusi xidmət orqanlarının dayandığı da artıq hər kəsə məlumdur. Əslində öz hüquqlarını qorumağı bəhanə seçən T.Bağırzadənin əsas məqsədi insan hüquq və azadlıqlarını məhdudlaşdıran rejimin qurulmasından ibarətdir. Bu faktlar isə təbii ki, İran dövlətinin maraqlarını birbaşa ifadə edir. Lakin İran dövlətinin dini öz çirkin məqsədlərinə alət edərək Azərbaycanda “Hizbullah” modeli şəriət dövləti qurmaq istəyənlərin planları əvvəlki dövrlərdə olduğu kimi, indi də həyata keçə bilməz. Bu məqsədlə fəaliyyət göstərən T.Bağırzadə kimi şərəfsizlər, Vətən xainlərinin taleyi isə dəmir barmaqlıqlar arxasıdır.

Bütün sadalananların yekunu olaraq qeyd etməliyik ki, vətəndaşlarımızın üzərinə də bu məsələdə böyük məsuliyyət düşür. Çünki göründüyü kimi, dövlətçiliyimizə qarşı çıxış edən bu üzdəniraq ünsürlər hansısa maddi maraq qarşılığında hər zaman Azərbaycana qarşı düşmən münasibəti sərgiləyən İrana agentlik edirlər. Bu radikal dindarlar fars-molla rejiminin iyrənc oyunlarını həyata keçirmək üçün hətta insanların dini-mənəvi dəyərləri kimi həssas məsələləri özlərinə alət etməkdən belə çəkinmirlər.

Daha çox xəbərlər