Təki Vətən yaşasın!
Vətən sevgisi Orxan Elxan oğlu Dadaşlının qəlbinə uşaq yaşlarında hakim kəsilmışdi. Onun daşına, ayaq tutub yeridiyi torpağına o qədər bağlanmışdı ki, belə bir yurdun vətəndaşı olmağı özünə fəxr bilirdi. Onun bir qarışını da yada yurd olmağına qıymırdı. Odur ki, boya-başa çatdığı Lənkəran rayonu, Darquba kənd məktəbini 2013-cü ildə bitirib nəyin bahasına olursa-olsun Vətən torpaqların tezliklə mənfur düşmənin tapdağından azad etmək istəyi ilə ordu sıraların gedir.
Özü arzuladığı kimi, əyninə əsgər paltarını cəbhə bölgəsində geyinir. Vətənə qeyrətli oğullar gərək olduğu bir zaman bununla qürur duyur və varlığına qurban dediyi doğma Azərbaycana vicdanla, namusla xidmət edir. Komandirlərinin tapşırıqlarını uğurla yerinə yetirir, əsgərlər arasında sayılıb-seçilir. Orxan bir il altı ay əsgərlik həyatında yalnız Vətən olan halal sevgisi, cəsurluğu, çevikliyi, eləcə mərdliyi ilə yadda qalır. Ən əsası isə atıcı-snayper əsgər əzəli yurd yerimiz Qarabağı zəbt edən erməni dığalardan qisas alacağı məqama hazırlaşır.
Əsgərliyi üzüağ başa vuran Orxan bir müddət doğma Darquba kəndində el-obanın səadəti naminə qurub-yaratmaqdan doymur. Həmişə arzuların zirvəsi Vətənin azadlığı, xalqın xoşbəxtliyi olan gənc oğlan yağının hərəkətlərini də unutmur . İkinci Qarabağ müharibəsi başlanan kimi yurdunun yararına məlhəm olmaqdan ötrü könüllü silaha sarılır, Füzulidə döyüş meydanına girir. İlk gündən rəşadət nümunəsi göstərən Orxan düşmənə böyük itkilər verir. Daha sonra Vətənə alovlu sevgisi Cəbrayılda, Qubadlıda, Zəngilanda bilinir. Hər üç rayonun azad olunmuş torpaqlarında qələbə bayrağımızı ucaldan qeyrətli oğullardan biri qəhrəman Orxan olur.
Orxan müharibə meydanında dığaların anasını ağlada-ağlada Şuşaya qədər gedir. Hər qarşı torpağın, neçə-neçə şəhidin qisasını alır. Noyabrın 9-da Şuşada şəhidlik zirvəsinə ucalan qəhrəman zəfər günümüzü görə bilir. Bu onun arzuladığı gün idi. Və buna görə də ölümü gülə-gülə qarşılayıb son nəfəsində deyir: “Vətən yolunda şəhid olmağı bacaran oğulların çiyinlərində Vətən olur. Məndə arzuma çatdım. Təki Vətən yaşasın…”
Orxanın bu şəhidliyi bütün Azərbaycana başucalığı gətirir. Dövlətdə öz qəhrəman oğlunu “Vətən uğrunda”, Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına görə medallara layiq görür.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

