Qadınların pensiya yaşı azaldıla bilər? – AÇIQLAMA
“İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusmanın) 2022-ci il məruzəsində yer alan çoxsaylı təkliflərdən biri də qadınların pensiya yaşının azalması ilə bağlıdır. Elə məhz bu məsələ ilə bağlı çoxsaylı suallara cavab olaraq bildirmək istərdik ki, pensiya yaşının dəyişdirilməsi müzakirə edilən məsələlərdəndir”.
ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov qadınların pensiya yaşının azaldılması məsələsi ilə bağlı deyib.
O bildirib ki, xanımlar üçün pensiya yaşının 65 deyil, 63 müəyyənləşdirilməsi təklif olunub:
“Biz də ötən il Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclasında xanımlar üçün pensiya yaşının 65 deyil, 63 müəyyənləşdirilməsinin maliyyə əsaslandırılmasının hazırlanması təklifini irəli sürmüşük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu islahatın reallaşacağı halda maliyyə yükünün hesablanması həyata keçirilməsini və ona uyğun müzakirələrin davam etdirilməsini təklif etmişdik.
Nəzərə almaq lazımdır ki, qadınlar sosial baxımdan dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızdır. Xüsusilə pensiya yaşında onların sosial təminatının gücləndirilməsi daha prioritetdir. Qadınlar və kişilər arasında pensiya yaşında fərqlər bir sıra ölkələrdə də var. Məsələn Avstriyada kişilər üçün pensiya yaşı 65 olsa da, qadınlar üçün 60-dır. Uyğun olaraq Macarıstanda 64.5 və 62, İsveçrədə 65 və 64, Xorvatiyada 65 və 62.5 və s. Odur ki, Azərbaycanda da oxşar qaydanın tətbiqi məqsədəuyğun olardı. Bu baxımdan, maliyyə yükünə uyğun olaraq bu istiqamətdə islahatlar davam etdirilməlidir. Bu təklifin maliyyə əsaslandırılması hazırlandıqdan sonra konkret müzakirələrin davam etdirilməsi mümkündür”.

