Kimdir günahkar?
Tehran hökuməti İranda tüğyan edən kütləvi zəhərlənmələri törədənləri deyil, jurnalistləri cəzalandırır
Hüquqları pozulan, yaşamaq uğrunda mücadilə verən İran xalqının hakimiyyətin zülmünə qarşı aylardır davam edən etirazları daha da alovlandıqca şovinist fars rejiminin qəddarlığı da artır. Öz normal yaşamaq və azadlıq haqlarını tələb etmək üçün küçələrə axışan insanların dinc aksiyaları ən amansız və ağlasığmaz üsullarla yatırılır, günahsız vətəndaşlar şərlənərək həbs edilir, ağır işgəncələrə məruz qalırlar. Son günlər isə Tehran hökuməti öz vətəndaşlarından yeni, insanlığa sığmayan üsulla qisas almağa başlayıb – ölkənin demək olar hər vilayətində məktəbli və tələbə qızların naməlum səbəblərdən kütləvi zəhərlənmələri baş verir.
İranın “İRNA” agentliyinin parlamentin məktəblərdə və ali təhsil ocaqlarında baş verən kütləvi zəhərlənmələri araşdıran komissiyasının üzvü, deputat Məhəmməd Həsən Əsfariyə istinadən yaydığı məlumata görə, son günlər ölkənin 25 vilayətində 230 məktəbin 5 mindən çox şagirdi zəhərlənib. M.Əsrafi bildirib ki,
zəhərlənmələr daha çox məktəbli qızlar arasında baş verir, baxmayaraq ki, oğlanlar arasında da oxşar hallar qeydə alınıb. Naməlum səbəbdən yaranan zəhərlənmənin əsas əlamətləri baş ağrısı, ürək döyüntüsü və ürəkbulanmadır.
Qeyd edək ki, bir neçə gün əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei məktəbli qızların zəhərlənməsini “bağışlanmayan cinayət” adlandıraraq günahkarların cəzalandırılmasını istəmişdi. Ancaq nədənsə günahlkarlar tapılaraq cəzalandırılmır, əvəzinə zəhərlənmə faktları sürətlə artmaqdadır. Bu isə əhali arasında zəhərlənmənin hakimiyyətin xüsusi xidmət orqanları, xüsusilə SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) və ETTELLAT tərəfindən törədildiyi ilə bağlı şübhələrin yaranmasına səbəb olur. Ehtimal edilir ki, menyüsündə hər cür cəza üsulları olan həmin təşkilatlar bu yolla insanların başını qatmağa və xalq etirazlarının səngiməsinə nail olmağa çalışırlar. İranda aksiyaların şəriət qaydalarına, konkret olaraq qadınların baş örtülərinə etirazla başladığını da nəzərə alsaq zərərçəkənlərin əsasən məktəbli və tələbə qızlar olması bu ehtimalı gücləndirir.
Zəhərlənmələrin təbii səbəbdən baş vermədiyini, “əl işi” olduğunu İranın daxili işlər naziri Əhməd Vahidi də dolayısı ilə təsdiqləyib. O, aparılan araşdırmalar zamanı “şübhəli nümunələr”in tapıldığını etiraf edib, ancaq təfərrüatlar barədə məlumat vermək əvəzinə başqa bir gülünc doğuran səbəb göstərib. İddia edib ki, zəhərlənmə hallarının 90 faizi “xəbərlərin yaratdığı stres”dən qaynaqlanır.
Tələbələr arasında da zəhərlənmələrin sayı sürətlə artmaqdadır.
Xarici mətbuatda yayılan məlumatlara görə, İranın ayrı-ayrı şəhərlərində 1 600-dən çox tələbə qız naməlum qazdan zəhərlənib. İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyx ölkə üzrə ümumilikdə 1 657 qız tələbənin zəhərləndiyini bildirib. O qeyd edib ki, indiyə qədər Qum şəhərində 799, Burucerdi şəhərində 400, Tehranda 350, Ərdəbildə isə 108 tələbə qız zəhərlənib. Onlardan 29-u xəstəxanada müalicə olunur, digər tələbələrin müalicəsi isə ambulator şəraitdə davam etdirilir.
Şovinist fars rejimi nə qədər gizlətməyə çalışsa da son hadisələrdən ən çox zərər çəkən Cənubi azərbaycanlı soydaşlarımızdır. Belə ki, Güney Azərbaycanın Kərəc, Təbriz, Zəncan, Xoy, Həmədan, Qəzvin və başqa şəhərlərində məktəblilərin və tələbələrin zəhərləndiyinə dair xəbərlər yayılıb. Bəzi məlumatlara əsasən, soydaşlarımızın yaşadığı şəhərlərdə oğlanlar arasında da zəhərlənmə halları qeydə alınıb.
Tehran hökuməti həmişə olduğu kimi, son hadisələr zamanı da ölkəni informasiya blokadasında saxlamağa, baş verənlər barədə məlumatların yayılmasının qarşısını almağa çalışır. “Azad söz”ün İranın “Etimad” və “Şərq” qəzetlərinə istinadən verdiyi məlumata görə, fars rejiminin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən zəhərlənmələrlə bağlı xəbər yayan daha bir jurnalist saxlanılıb. “Qum News” saytının təsisçilərindən olan jurnalist Əli Purtəbatəbayi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb. “Etimad” qəzeti yazır ki, üç aydan çoxdur İranda şagirdlərin və tələbələrin zəhərlənməsi ilə bağlı davamlı məlumat yayan və məsələni araşdıran jurnalistin həbsi media fəallarının etirazları ilə qarşılanıb. Onlar kinayə ilə “zəhərlənmələrlə bağlı heç olmasa bir nəfər həbs edildi”,- deyə bu həbsə etirazlarını bildirib, səbəbkarların tapılması əvəzinə məlumat yayanın tutulmasını tənqid ediblər.
Əslində, baş verənləri araşdıran Ə.Purtəbatəbayinin həbsi də İrandakı qadınların və qızların kütləvi zəhərlənməsi hallarının məqsədli şəkildə süni yollarla yayıldığını və fars-molla rejiminin bu cinayətdə əli olduğunu təsdiqləyir. Hakimiyyətinin sütunları laxlamış, dağılmağa, tarixin qara səhifələrində “dəfn olunmağa” məhkum mollakratiyadan nə desən gözləmək olar…

