Ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Lider
Ulu Öndər Heydər Əliyev
Hər bir xalqın xoşbəxtçiliyi onun müstəqilliyi ilə bağlıdır. Bunu çoxları dərk etsə də, bəzən dəyərini bilmirlər. Ulu Öndər Heydər Əliyev çıxışlarında bu məsələyə toxunur: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir”. Dahi Rəhbər eyni zamanda çıxışlarının birində demişdir: “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir”.
“Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” Bizə miras kimi verilən müstəqil dövlət hər zaman var olacaq. Azərbaycan Respublikasının Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışından (21 sentyabr 1993-cü il)
Ulu öndər Heydər Əliyevin siyasi və ictimai görüşlərinin sayəsində milli-mənəvi və əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz bütün istiqamətlərdə qorunmuşdur. Heç şübhəsiz ki, onun müdriklik fəlsəfəsinin əsasında da məhz kökə, milliliyə, çoxəsrlik dövlətçilik tarixinə bağlılıq dayanır. Ümummilli Lider Heydər Əliyev Prezident kimi hakimiyyətinin ilk illərindən xalqa güvənmiş, onu açıq şəkildə bildirmişdir. “Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsində (6 iyul 1993-cü il) demişdir: “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır”. Azərbaycan Respublikasının Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışında (21 sentyabr 1993-cü il) da bu məsələyə toxunan uzaqgörən Ulu Öndər Azərbaycanın bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacağını və gələcək firavan həyatını özü quracağını əminliklə söyləmişdir.
Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini və formalaşdırılmasını dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmişdir.
Ötən əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, gənclərimizin hərbi peşələrə marağının yüksəlməsinə zəmin yaranmışdır. Bu gün Silahlı Qüvvələrimizdə qulluq edən neçə-neçə generalımız, yüksək rütbəli zabitlərimiz Hərbi liseyin məzunlarıdır.
Uzaqgörən lider Azərbaycan xalqına məxsus olan adət-ənənələrinin yaşadılmasını türk xalqları birliyi müstəvisində də aparmışdır. Belə ki, TÜRKSOY-un,Türk Yazarlar Birliyinin yaradılmasında ana kitablarından olan “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi, Azərbaycanın türk dövləti kimi bütün dünyada tanınması, türk dövlətlərinin başçılarının zirvə görüşünün təşkili, türk dünyası üçün taleyüklü məsələlərin irəli sürülməsi və müzakirəsi Ulu Öndərin adı ilə bağlıdır. Türk Dövlətləri və Topluluqlarının Bakıda keçirilən VII Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayında nitqində (29 iyun 1999-cu il) Ulu Öndər qədim və ortaq abidələrimizin inkişafında da müstəqilliyimizin önəmli rol oynadığını bildirmişdir: “Hər birimizin qəlbini sonsuz qürur duyğularıyla döyündürən milli dövlətçilik atributlarımızı, türklüyün zəngin maddi və mənəvi dünyasını nümayiş etdirən tarixi abidələrimizi, ümumbəşəri dəyərlərimizi maneəsiz inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır”.
Azərbaycan bu gün inkişaf yolundadır. Bu inkişafın təməlini qoyan dünya şöhrətli siyasətci, Ümummilli Lider Heydər Əliyev öz ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmişdir. Belə insanları tarix yüz ildə bir dəfə yetirir. “Azərbaycan xalqı xoşbəxt bir xalqdır ki, onun Heydər Əliyev kimi tarixi şəxsiyyəti var”- fikrini bütün dünyanın siyasətləri, görkəmli elm xadimləri dönə-dönə vurğulayıblar.
Sadəgül Adıgözəlova,
YAP Xətai rayon təşkilatının “Mədinə Gülgün küçəsi 1” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

