Gündəm 

Zəngin dövlətçilik təfəkkürünə malik olan nadir dövlət xadimi

Ümummilli lider Heydər Əliyevin siyasi dühası, iradəsi, enerjisi, ağlı, təcrübəsi, xarizması kimi mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi və əbədiyaşarlıq qazandı. 10 may 1923-cü ildə qədim Naxçıvan torpağında dünyaya gəlmiş, zəngin, təkrarsız ömür yaşamış dünya miqyaslı tarixi şəxsiyyətin həyatı Azərbaycan xalqının mücəssəm salnaməsidir. Ulu Öndər Heydər Əliyevin bioqrafiyası bütünlükdə xalqının həyatına qovuşmuş, ona yeni məna-məzmun gətirmiş, millətin taleyinə çevrilərək onu təmsil etməyə başlamış, ən nəhayət, müasir Azərbaycanı yaratmışdır. Yaşandıqca, mahiyyətinə vardıqca, ictimai-siyasi həyatımızda, mədəni-mənəvi yaddaşımızda, bilik və təsəvvürlərimizdə əbədiləşən Heydər Əliyev fenomeni daha böyük dəyər kəsb edir, aydın cizgilər qazanır.

Dövlətçiliyin nəzəriyyəsi ilə təcrübəsinin möhkəm vəhdətinə nail olmaq və bütün bunları özünün intellektual qabiliyyətləri ilə əlaqələndirməyi bacarmaq Heydər Əliyev fenomeninin əsaslarını təşkil edir.Möhkəm siyasi və dövlətçilik mövqeyi, sarsılmaz iradə ümummilli lider Heydər Əliyevin simasında geniş dünyagörüş və zəngin həyat təcrübəsi ilə zənginləşdirilmiş və bütövləşmişdir. Böyük tarixi şəxsiyyət və görkəmli dövlət xadimi olmağın düsturu olan bu xüsusiyyətlərə malik olması Heydər Əliyevi Azərbaycan xalqının və dövlətçiliyinin çoxəsrlik tarixinin əbədiyyət qazanmış, nadir tarixi şəxsiyyəti səviyyəsinə yüksəltmişdir. Müstəqil Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev mövqeyinin və iradəsinin şah əsəridir. Ulu Öndər Heydər Əliyevin mövqeyi və iradəsi onun böyük şəxsiyyətinin meyarlarıdır. Konkret mövqe ifadə etmək və aydın siyasi-mənəvi iradəyə malik olmaq Ulu Öndər Heydər Əliyevin nümunəsində sınaqlardan çıxmış dəyərlərdir.Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında belə bir həqiqəti tam dərk etmişlər ki, ölkəmizdə milli tərəqqinin 35 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən uca tutan zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır.

Məhz Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Birqütblü dünyaya sürətli keçidin ciddi böhran, bir çox hallarda fəlakətlər yaratdığı çətin və qeyri-müəyyən tarixi mərhələdə Azərbaycan özünün Şərq və Qərb arasında körpü funksiyasını bərpa edə bildi.

Dövlət müstəqilliyi şəraitində Ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi bir neçə mühüm tədbir ölkəmizin həyatında tarixi hadisəyə çevrilmişdir. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdanistifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası,Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.

1995-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul olunduqdan sonra cəmiyyət həyatının bütün sahələrində köklü islahatların reallaşdırılmasına başlandı, ölkədə çoxpartiyalı siyasi sistem formalaşdırıldı, fikir plüralizmi, söz və məlumat azadlığı təmin edildi. Azərbaycanda bazar iqtisadiyyatı quruculuğu istiqamətində mühüm addımlar atıldı, neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin gələcək inkişafının beynəlxalq zəmanəti və maddi resursları təmin olundu.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın görkəmli lideri kimi ölkəmizi böyük inamla daha uğurlu sabahlara doğru aparır.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Cənab Prezident İlham Əliyevin dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə ölkəmizin müstəqilliyi daha da möhkəmləndirildi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər