Gündəm 

Sistemli islahatların davamı

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən demokratik, hüquqi, dünyəvi, unitar respublika olan Azərbaycan dövləti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan genişmiqyaslı və çoxşahəli islahatlar, uzaqgörənliklə həyata keçirilən daxili və xarici siyasət sayəsində uğurla inkişaf edir. Bu inkişafın əsasında qədim dövlətçilik tarixi, zəngin mədəniyyət, mükəmməl idarəçilik qabiliyyəti, əlverişli ictimai-siyasi mühit, bir sözlə, böyük və bütöv Azərbaycan məmləkətini qurub – yaratmaq amalı dayanır. Bəli, müqəddəs dəyərlərlə yaşayan xalq və dövlət həmişə qüdrətli və şöhrətli olur.

Tarixi təcrübə göstərir ki, hər bir ölkənin gələcəyi və inkişafı onun keçmişi və bugünü ilə sıx bağlıdır. Xalq şairi Bəxtiyar Vahabzadə demişkən: “Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq”. Bu baxımdan, ölkədə görülən bütün işlər, aparılan bütün islahatlar milliliklə müasirliyin vəhdəti üzərində qurulmalı, humanizm dəyərlərinə, milli maraqlara, azərbaycançılıq ideologiyasına uyğun olmalıdır. Təbii ki, qlobal dünyanın yeni çağırışlarına da cavab verməyi bacarmalıyıq.

Bəşəriyyətin hərtərəfli inkişafına böyük töhfələr verən Azərbaycan bu gün beynəlxalq aləmdə əsas söz sahiblərindən biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük müdrikliklə qurub – yaratdığı, memarı olduğu  müasir və müstəqil Azərbaycan çağdaş dünyanın tarixinə və taleyinə birbaşa təsir göstərməyi bacaran ölkələrdən biridir.

Ulu öndər Heydər Əliyevin  layiqli davamçısı cənab Prezident İlham Əliyevin 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında söylədiyi tarixi çıxış, onun fikir və düşüncələri, sanki, Azərbaycan xalqının arzu və istəyi ilə üst – üstə düşür. Dövlət başçısının millət vəkilləri qarşısında söylədiyi nitq həm də cənab Prezidentin öz millətinə verdiyi növbəti hesabat idi. Çünki müdrik liderlər həmişə onu seçən vətəndaşların, mənsub olduğu millətin yanında olur, onları dinləyir və mütəmadi olaraq onlara öz fəaliyyəti barədə məlumat verir.

Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında toxunduğu məsələlər, söylədiyi fikirlər, əslində, bir proqram xarekteri daşıyırdı. Dövlətin, hakimiyyətin fəaliyyətinə bir nəzər salmaq, cəmiyyətin bütün sahələrində baş verən proseslərin səbəb və nəticələri barədə məlumat vermək, qarşıda duran vəzifələri yerinə yetirmək, uğurlarla kifayətlənməmək, çatışmazlıqları aradan qaldırmaq, qarşıya çıxan problemləri kökündən həll etmək və digər mühüm tədbirləri sistemli şəkildə və məharətlə həyata keçirmək müasir idarəetmənin əsas əlamətlərindən biri olmalıdır. Bu baxımdan, cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidenti olacağam” – fikri bu tarixi çıxışın əsas mahiyyətini təşkil edirdi desək, yəqin ki, yanılmarıq. Dövlət başçısı bu çıxışı ilə bir daha Azərbaycan xalqını əmin etdi ki, biz dünənin, bugünün, sabahın xalqı deyilik, biz əbədiyyətin xalqıyıq. Bu əbədiyyət hər bir azərbaycanlının, hər bir vətəndaşın, hər bir insanın saf və təmiz əməllərindən çox asılıdır.

Bu gün Azərbaycan xalqı özünün qəhrəmanlıq salnaməsi ilə fəxr edir, ölkəmiz hərtərəfli şəkildə inkişaf edir, beynəlxalq aləmdə öz yerimiz var, müstəqil dövlətik, tariximizi özümüz yaradırıq, xalqımız öz taleyini özü müəyyən edir, qədim və zəngin mədəniyyətimiz, müqəddəs dəyərlərimiz var, – bütün bunlar Azərbaycan Respublikasının, Azərbaycan xalqının, Azərbaycan Prezidentinin haqq – ədalət, humanizm, zəfər, inkişaf və tərəqqi yolunda inam və ümidlə addımladığına əyani sübutdur. Yolun açıq olsun, Azərbaycan!

Şükran Mustafayev,
YAP Xətai rayon təşkilatının “Aşıq Ələsgər 64” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Daha çox xəbərlər