“Bayram qabağı bahalaşmanın təsirini görəcəyik
“Nəzərə alaq ki, dinamik artım bütün dünya bazarlarında müşahidə olunur. Burada da inflyasiyada öz rolunu oynayır. Məsələn, keçən ilin mart ayından sonra dünya bazarlarında birjalarda ərzaq məhsullarında bahalaşma dinamikası dayanıb. Bizdə bazar buna reaksiya vermir. Bunun səbəblərindən biri də inhisarçılıq səviyyəsinin yüksək olmasıdır. İkincisi, ət məhsullarının bahalaşmasında yem məhsullarının az olması yaxud inhisarçılıq haradasa rol oynayır, təsir etmiş olur”.
Bu fikirləri BiG.AZ-a açıqlamasında iqtisadçı Fuad İbrahimov bayram ərəfəsində market və bazarlarda olan bahalaşmadan danışarkən deyib.
O bildirib ki, bazara keyfiyyətli rəqabət yönümlü məhsullar daxil olsa bahalaşma minimum səviyyədə olar:
“Amma ümumilikdə isə əlbəttə ki, bayram ərəfəsində biz hər zaman ticarət səhmlərinin qurbanına çevrilirik. Bu bahalaşmanın bayram qabağı təsirini görəcəyik. Qiymətlərin tənzimlənərək düşməsini dəstəkləmək hansı yolla həyata keçirməyə gəldikdə isə burada ancaq sağlam rəqabət yolu ilə mümkündür. Yəni bazar açılmalıdır, istənilən sahibkar iştirak etməlidir, idxal etməyə geniş imkanlar yaradılmalıdır. Bu da bizdə yoxdur. Bu gün adicə ticarət şəbəkəsinə daxil olmaq üçün müəyyən məhsulun üzərinə bilinməyən sistem tərəfindən 30 faizə qədər pul gəlir. Bunu araşdırmaq lazımdır. Nə vaxt ki, ticarət şəbəkələrində inhisarçılıq aradan qaldırılacaq onda bazara keyfiyyətli rəqabət yönümlü məhsullar daxil olacaq. Biz də bunun keyfiyyətini görəcəyik”.

